Nəqliyyat naziri yeni taksilər sifariş versə də, bu sahədə radikal addımlar atmağa ehtiyat edir
Nəqliyyat naziri Ziya Məmmədov növbəti dəfə Azərbaycana yeni taksilər gətirir. Bu taksilər Çinin “Geely Automobile Holding”i tərəfindən istehsal olunacaq və Böyük Britaniyanın “Manganese Bronze” şirkətinə göndəriləcək. Ziya Məmmədov da taksiləri Britaniya şirkətindən alacaq. Nəqliyyat naziri şirkətə 16 mln. funt sterlinq (təxminən 26,1 mln. ABŞ dolları) ödəyəcək. Bu vəsait hesabına ölkəyə 1000 taksi avtomobilinin göndərilməsi nəzərdə tutulur.
Əldə etdiyimiz məlumatlara görə, Ziya Məmmədov ölkəyə yeni taksilər gətirsə də, taksi xidməti ilə bağlı Nəqliyyat Nazirliyinin müəyyənləşdirdiyi şərtlər tətbiq olunmayacaq. Yəni, taksi kimi fəaliyyət göstərən şəxsi avtomobillər yığışdırılmayacaq. Indiki həssas dönəmdə Ziya Məmmədov bu sahədə radikal addımlara ehtiyat edir. Bu halda sual oluna bilər ki, bəs nə üçün nəqliyyat naziri ölkəyə növbəti dəfə yeni taksilər gətirir? Məlumatlara görə, Ziya Məmmədov taksi sifarişini bir müddət əvvəl verib. Indisə isə sifarişdən imtina edə bilmir. Məlumatda həmçinin bildirilir ki, ölkəyə bundan əvvəl də gətirilən taksilər yeni avtovağzalın yeraltı dayanacağında saxlanılır.
İnformasiya şöbəsi