VİP-dən daha iki nəfər AXCP-yə keçdi

Aydın Mirzəyev: «Siyasi fəaliyyətimi məhz Əli Kərimli kimi prinsipial liderin partiyasında davam etdirmək istəyirəm»

 

VIP Siyasi Şurasının üzvlərindən partiyanın siyasi xəttinə etiraz olaraq istefa verib AXCP sıralarına qoşulanların sayı dördə çatıb. Sabiq VIP-çilərdən Elman Qasımlı və Mənsur Cabrayılov “Azadlıq”ın ötən sayına açıqlamalarında bundan sonrakı siyasi fəaliyyətlərini AXCP-də davam etdirmək niyyətində olduqlarını bildirmişdilər. Səbəb kimi də VIP-in son zamanlar hakimiyyətə loyal münasibət bəsləməsi, partiyanın fəaliyyətinin ciddi şəkildə zəifləməsi və Azərbaycanda hakimiyyətə qarşı prinsipial mübarizəni məhz AXCP-nin aparmasını göstərmişdilər.
Dünən “Azadlıq”a açıqlama verən digər keçmiş VIP-çi Aydın Mirzəyev də partiyanın Siyasi Şurasının üzvlərindən olub. Siyasi mübarizədən heç vaxt kənarda qalmadığını deyən A.Mirzəyev VIP-dən istefasını bu cür izah edir: “Vaxtilə biz Etibar Məmmədovun zəif mövqe tutmasına görə onun yanından uzaqlaşıb VIP-ə gəlmişdik. Bu dəfə isə gördük ki, partiyanın sədri Əli Əliyev son seçkilərlə bağlı ikitirəli siyasət yürüdür. Mən belə şeyləri heç vaxt qəbul etməmişəm. Əqidəsi düz olan insan gərək bir yolla getsin. Bu səbəbdən VIP-də qalmaq istəmədim, ərizə yazıb istefa vermək istədiyimi bildirdim”.
AXCP-yə gəliş səbəbini isə A.Mirzəyev partiyanın prinsipial mövqeyi ilə əlaqələndirir: “AXCP sədri Əli Kərimlinin prinsipiallığı, mərdliyi, əqidəsindən heç bir halda dönməməsi, ölkədə baş verən özbaşınalıq faktlarını açıq şəkildə deməsi bizim də diqqətimizdən yayınmayıb. Ona görə mən bundan sonrakı siyasi fəaliyyətimi məhz belə bir liderin rəhbərlik etdiyi partiyada davam etdirmək fikrindəyəm”.
VIP Siyasi Şurasından istefa verib AXCP-yə keçən növbəti şəxs partiyanın xanım üzvlərindəndir. Hələlik müəyyən səbəblərə görə o, adının açıqlanmasını istəmir.