AZAL bütün şirkətlərin qiyməti qaldırdığını deyir
Türk Hava Yolları isə AZAL-ı təkzib edir
Antikorrupsiya tədbirləri ilə yanaşı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün addımlar atılacağını deyən Azərbaycan iqtidarı vətəndaşlar üçün əlavə problemlər yaradır. Hər sahədə olduğu kimi, müxtəlif xidmətlərdə də qiymətlər bahalaşmaqda davam edir.
Yayılan məlumatlara görə, “Azərbaycan Hava Yolları” (AZAL) biletlərin qiymətini qaldırıb. “Qafqazinfo” saytının məlumatına əsasən, Novruz bayramı ərəfəsində AZAL-ın Istanbul reyslərinin qiyməti iki dəfə bahalaşıb. Martın 15-nə kimi 240 manata olan biletlər martın 15-dən 29-na kimi 450 manat olub. Xəbəri şirkətin mətbuat xidməti də təsdiqləyib.
AZAL-ın mətbuat xidməti qiymət artımını Türk Hava Yollarının biletlərin qiymətini 750 manat qaldırmasıyla izah edib.
Azərbaycanda aviabiletlərin qiymətlərini Tarif Şurası tənzimləyir. Tarif Şurasının qərarı olmadan AZAL-ın bu addımı atması maraq doğurur. Qurumun mətbuat xidməti isə Tarif Şurasının yalnız daxili aviareyslərin qiymətini tənzimlədiyini deyir. AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin sözlərinə görə, xarici reyslərə biletin qiymətini şirkətlər müəyyən edir.
Türk Hava Yollarının qiymətləri nə səbəbdən bahalaşdırdığını aydınlışdırmaq üçün şirkətin Bakı nümayəndəliyinin rəhbəri Mehmet Akkaya ilə əlaqə saxladıq. M.Akkaya biletlərin qiymətinin əvvəlki qaydada qaldığını və yaxın günlərdə bahalaşmaya getmək niyyətlərinin olmadığını bildirdi.
Fizzə