“Rusiyanın nə düşündüyü ABŞ-ı maraqlandırmır”

Rusiyalı ekspert: “Tiranların məhvi, demokratiya dalğasının dəstəklənməsi Obamanın ikinci müddətə seçilməsində əsas stimul olacaq”

 

Rusiya prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, martın 9-da ABŞ-ın vitse prezidenti Co Bayden bu ölkəyə səfər edəcək. ABŞ rəsmisinin Rusiya rəhbəri Dmitri Mevedevlə təkbətək görüşü də nəzərdə tutulub. Kremldəki mənbələrin mətbuata sızdırdığı məlumatlarda bildirilir ki, Co Baydenin səfərinin əsas məqsədi ABŞ prezidenti Barak Obamanın Rusiyaya planlaşdırılan səfərinə hazırlıqdır.

 

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitunun direktoru Viktor Kremenyuk Co Byadenin səfərini şərh edib. Onun sözlərinə görə, ABŞ rəsmisinin Rusiyaya səfəri iki ölkə arasındakı münasibətlərdən tutmuş Yaxın Şərq və Ərəb dünyasında yaşanan son hadisələr müzakirə olunacaq.

Co Baydenin Liviyada gərginliyin artdığı bir vaxtda Moskvaya gəlişinin Qəzzafi rejiminə qarşı silahlı güc tətbiqinə Kremldən razılıq almaq üçün ola biləcəyinə gəlincə, Kremenyuk bunula razılaşmayıb: “Liviyaya hərbi müdaxilə məsələsində Rusiyanın nə düşünməsi, hansı qərar verməsi Obama administrasiyasını maraqlandırmır. ABŞ hökuməti Rusiyanın Liviya məsələsində hansı mövqe tutmasına əhəmiyyət belə vermir. Obama üçün əsas məsələ seçki öncəsi ABŞ ictimaiyyətinin dəstəyini qazanmaqdır. Buna görə də Obama Liviya böhranında Amerika cəmiyyətinin istəyini nəzərə alacaq. O, əlindəki bütün imkanlardan istifadə etməklə Qəzzafinin sıradan çıxarılmasına, azad sözün, demokratiyanın və insan haqlarının qorunmasına çalışacaq. Burada o, Rusiyanın deyil, Amerika elitasının istəyinə uyğun addım atacaq. Çünki tiranların məhvi, demokratiya dalğasının dəstəklənməsi Obamanın ikinci müddətə prezident seçilməsində əsas stimul olacaq. Dmitri Medvedev də Obamaya qarşı çıxmayacaq. Sadəcə narazılığını bildirəcək. Ancaq açıq şəkildə dirəniş göstərməyəcək”.

Viktor Kremenyuk Rusiya prezidenti Dmitri Medvedevin Qərb dünyası, xüsusən də Barak Obama tərəfindən dəstəkləndiyini bildirib. Politoloqun fikrincə, ABŞ administrasiyası Medvedevlə daha sıx münasibətlər qurulmasında maraqlıdır. Buna görə də Ağ ev rəhbəri ikinci dəfə prezident seçilməsi üçün Dmitri Medvedevə dəstəyini davam etdirəcək: “Obamaya Putinlə Medvedev arasında seçim etmək üçün ikincinin uğurları mütləqdir. Bu da ondan ibarətdir ki, beynəlxalq arenada Medvedev islahatlara meylli, liberal dəyərlərə hörmət edən bir lider kimi təqdim olunur. Açıq görünür ki, Qərb Medvedevlə işləmək istəyir. Medvedev Putindən daha yaxşıdır”.

Politoloq əlavə edib ki, Obama Mevedevin nüfuzunun artması və Rusiya elitasının etimadını qazanması üçün həmkarına müəyyən yardımlar da edəcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünü dəstəkləyəcək. Obama Rusiyanın Yaxın Şərqdəki məsələlərdə yaxından iştirakına nail olmaqla bütün dünyaya sübut etməyə çalışacaq ki, baxın, Rusiya yenə də öz qüdrətini bərpa edib.

“Obama və Medvedevin ikinci müddətə prezident seçilməsi ABŞ-Rusiya münasibətlərinin inkişafına təkan verəcək. İkitərəfli münasibətlər daha yüksək səviyyədə olacaq. Hətta Rusiya da Obamanın ikinci dəfə prezident seçilməsini istəyir. Əks halda hakimiyyətə gələcək respublikaçı namizəd yenə də Rusiyanı açıq təhdid edərək Kremli başlıca rəqib kimi göstərəcək”, – deyə Viktor Kremenyuk söyləyib.

İnformasiya şöbəsi