İlham Əliyevə kim təzyiq edir?

Rəsmi Bakının müharibə paltarı geyinmək zərurəti haradandır?

 

İlham Əliyev Müdafiə Sənayesi Nazirliyində olub. Azərbaycanın hərbi qüdrətini artıran hərbi maşınları rəngləmə sexlərində olub… “Kalaşnikov” silahlarına ehtiyat hissələr hazırlayan sexlərə də baş çəkib. Başqasının istehsal etdiyi silaha ehtiyat hissəsi düzəltməklə qürrələnmək nə deməkdir? Hələ üstəlik, torpaqlarını işğal edənə “Kalaşnikov” istehsalçısı yardım edirsə?!
Deməli, Ilham Əliyevin heç də ermənilərə güc göstərmək fikri yoxdur. Üstəlik, Rusiyanın Ermənistandakı hərbi bazaları ən son “Kalaşnikov”larla təchiz olunub. Indi Ilham Əliyev güllə düzəltməklə silah düzəldənə “xox” gəlir.
Digər tərəfdən, Azərbaycan və Ermənistandakı hazırkı hökumətlərin müharibə və ya qələbə haqqında düşündüklərinə dair hər şey blefdir. Qarabağ müharibəsini Rusiya idarə etdiyi üçün avtomatik olaraq bu münaqişənin tərəflərini də idarə edir. Hazırkı durumda isə Ilham Əliyevin hərbi canfəşanlığı bir çox başqa və daha ciddi məsələlərlə bağlıdır. Son günlər dünyada və Azərbaycanın ətrafında baş verən bir çox qlobal və makrohadisələr Ilham Əliyevin texnoloqlarını yenidən gərgin vəziyyət görüntüsü yaratmaq barədə düşünməyə vadar edib.

 

İlham Əliyev təzyiqdən danışır…

Iİham Əliyev bir neçə gün öncə Bakı Biznes Mərkəzində bir açılışda bəzi xarici qüvvələrin onun müstəqil siyasətini qısqandıqlarını və müxtəlif yollarla təzyiq etdiklərini deyirdi. Bu fikri səsləndirməzdən əvvəl Əliyev ABŞ dövlət katibinin müavini ilə görüşmüşdü və bu görüş əvvəlki münasibətlərin davamı idi. ABŞ diplomatı da demişdi ki, bu səfər Klinton və Obamanın Ilham Əliyevlə danışıqlarının davamı məqsədi güdür. Beləliklə, Ilham Əliyevə təzyiqin Qərbdən, konkret olaraq ABŞ-dan gəldiyini anlamaq elə də çətin olmadı. Onu özünün də bir neçə dəfə çıxışlarında və rəsmi qəzetlərdə bu təzyiqlərin haradan gəldiyinə dair açıq mövqelər ortaya qoyulub. Ilham Əliyev ABŞ-ın təzyiqinə qarşı niyə müharibə jesti etsin ki? Görünür, bu məsələdə ABŞ diplomatı ilə görüşün ciddi təsirləri var. Elə isə bu jestin ehtimal olunan səbəbləri barədə…

“Qələbə” müharibədir…

Konstitusiyaya son dəyişikliklər Ilham Əliyevin, seçkiləri saxtalaşdırmağın və hakimiyyəti saxlamağın mümkünsüzlüyü şəraitində siyasi müstəvini qapatmaq üçün düşündüyü addım idi. Indi avtoritar rejimlərin kürkünə birə salan demokratikləşmə və ədalətli cəmiyyət uğrunda xalq hərəkatları Ilham Əliyevi də gərginləşdirib. Qərb dövlətlərinin azadlıq mücadiləsi verən xalqların yanında olmaları diktatorların taxtdan düşürdülməsində ciddi müsbət rol oynayır. ABŞ diplomatının Ilham Əliyevlə siyasi islahatlardan, korrupsiyaya qarşı ciddi və dərin islahatlardan danışdığı barədə məlumatlar cəmiyyətə açıqlandı. Amma Ilham Əliyevin davranışları danışıqların daha sərt və konkret getdiyini və Ilham Əliyevin açıq təzyiq hiss etdiyini deməyə əsas verir. Deməli, rəsmi Bakı yenidən müharibə hazırlığına girmək istəyir və bununla da siyasi müstəvini donduracağını düşünür. Yəni, bu hazırlıqda heç bir ciddi qələbə barədə düşünülmür. Ilham Əliyev üçün yeganə qələbə hərbi əməliyyatların başlanmasına nail olmaq ola bilər. Bu isə indiki şəraitdə heç mümkün görünmür.

Seymur Həzi