İctimai Palata hakimiyyətə nə qədər vaxt verir?

Fuad Qəhrəmanlı: «Konkret vaxt qoymaq ultimatum vermək anlamına gələr, bizimsə məqsədimiz bu deyil»

 

Müxalifətin birləşdiyi İctimai Palata son iclasında ölkədəki vəziyyətlə əlaqədar Azərbaycan hakimiyyətini istefaya çağıran bəyanat qəbul etdi. Həmçinin hakimiyyətin qarşısına bir sıra təxirəsalınmaz tədbirləri həyata keçirmək tələbi qoyuldu.

 

Tələblərə əsasən, hökumət təcili olaraq ölkədə real sosial-iqtisadi və ictimai-siyasi islahatlar aparmalı; Islahatların həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilməli; Nazirlər Kabineti istefaya göndərilməli; Nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilməli; Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilməli; Sosial ədalətin təmin edilməsi, o cümlədən neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılmalı; Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılmalı; Təbii inhisarda olan xidmətlərin 2011-ci ildə qiymətinin artırılmasına və süni bahalaşmaya yol verilməməsinə təminat verilməli;
Siyasi məhbuslar azad edilməli; Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş məhdudiyyətlər ləğv edilməlidir.

İctimai Palata üzvləri yuxarıda sadalananlara hakimiyyətin ən qısa müddətdə münasibət bildirməsini istəsə də, Azərbaycan iqtidarı qarşısına konkret vaxt qoymadı. Bəs, qoyulan tələbləri yerinə yetirmək üçün hakimiyyətə nə qədər vaxt tanınmalıdır?

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, konkret vaxt qoyulsa, bu, ultimatum xarakteri daşıyar. İctimai Palatanın məqsədi isə ultimatum vermək yox, göstərilən məsələlərin həlli ilə bağlı hakimiyyət qarşısında tələb qoymaqdır: “Ona görə də hesab edirəm ki, konkret vaxt müəyyənləşdirməyə ehtiyac yoxdur”.

Müsavat başqanının müavini Mehman Cavadoğlu isə bildirir ki, hələlik Ictimai Palata çox zəruri problemləri siyahıya almaqla hakimiyyətdən onların həllini tələb edir. Zaman məsələsini isə qurumun növbəti iclaslarında müəyyənləşdirmək olar.

Gültəkin