Hökumətyönlülərin həbsdə olan jurnalistlə bağlı tələbi keçmədi
Dünən Bakıda keçirilən “Azərbaycan mediasında redaksiya azadlıgı, etika və şəffaflıq” mövzusunda beynəlxalq konfrans qalqamalla yadda qalıb. Narazılığa səbəb isə konfransın yekun bəyannaməsinə “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin hazırda həbsdə olan baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı məsələnin salınması olub.
Hökumətyönlü “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Eynulla Fətullayevin adının bəyannaməyə salınmasına qəti etirazını bildirib. O deyib ki, Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs olunmadığı üçün onun adının yekun sənədə salınması düzgün deyil.
Tədbirdə iştirak edən bir neçə jurnalist Bəhruz Quliyevin bu fikirlərinə etiraz edib. “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib ki, hansı maddə ilə həbs olunmasına baxmayaraq, Eynulla Fətullayevin adı yekun bəyannaməyə salınmalıdır.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə konsensus əldə olunması üçün Eynulla Fətullayevin adının qarşısında jurnalist yazılmadan layihəyə salınmasını təklif edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bütün dünya qurumları Eynulla Fətullayevi jurnalist kimi qəbul edirlər və Azərbaycanın beynəlxalq imici baxımından onun adının yekun qətnamədə qalması vacibdir. Elə bundan sonra o, əlavə müzakirələri kəsərək bəyannamənin qəbul olunduğunu bildirib: “Azərbaycanın demokratik imici naminə onun adını bu sənədə salmışıq və bu bəyannamə qəbul olunmuş hesab edilir. Sağ olun!”
Tədbirdən sonra “Azadlıq” radiosuna müsahibəsində Beynəlxalq Jurnalistlər Federasiyasının layihə departamentinin direktoru Oliver Money bildirib ki, bu məsələdə Federasiyanın vahid mövqeyi Eynulla Fətullayev dərhal azadlığa buraxılması tələbindən ibarətdir: “Beynəlxalq Jurnalistlər Federasiyasının bu barədə çox aydın mövqeyi var, Eynulla Fətullayev dərhal azadlığa buraxılmalıdır. Tədbirdə jurnalistin başqa məddələrə görə həbs olunduğu bildirilsə də aydındır ki, Eynulla Fətullayev jurnalist fəaliyyətinə görə həbs edilib və o dərhal azad olunmalıdır”.