Təbii, soyuqlara daha bir şey qalmayıb, bir də görəcəyik ki, budur, yaz artıq təşrif buyurub. Amma ürəklərimizdəki soyuqluq, ölkədəki məzar sükutu və bir də qəbiristanlıq sabitliyi adamı üzür, üzür! Mənim bu vaxta qədər ərsəyə gətirdiyim, çıxardığım yeganə nəticə budur ki, bunlar heç nə, heç bir nəticə çıxarmırlar. Həmin hakimiyyətdir, həmin insanlardır, həmin təbliğatdır. Bir detal seyrək də olsa nəzərə çarpmaqdadır, sanki hakimiyyət 2003-cü ildəki ovqatdadır. O vaxt YAP prezident seçkisinə iki namizədlə qatılmışdı. Indi də iki nəfərin təbliğatı gedir. Bu detalı sezməmək mümkün deyil. Ola bilsin, bu yalnız zahiri detaldır. Olsun. Amma onu hiss etməmək mümkün deyil. Bəli, prinsipcə, hər şey tələsmədən və aramla öz məcrası boyunca davam edir. Ərəb ölkələrinə baxın. Onlar 30-40 il əvvəl müstəqillik əldə ediblər. Indi isə demokratiya uğrunda çarpışırlar. Hər şey məntiqlidir. Təbii, proses sürətlənməlidir, heç kim dəqiq, keçilməz zaman çərçivələri qoymayıb, lakin nə edəsən ki, proseslərə bizim arzularımızın sürətini vermək hələ ki, alınmır. Indi Ermənistanı çıxmaq şərtilə bütün MDB məkanında müxalifət zəifləyib. Haradasa inqilab, haradasa məyusluq, hardasa da iş oldu – səbəb bir deyil, hər yerin öz özəlliyi, xüsusiyyəti var. Mən ona görə MDB məkanına baxıram ki, proseslər müəyyən qədər bu ünvandan asılıdır. Qərblə bağlı gərəkdir ki, elə bir narahatlıq olmasın. Həm WikiLeaksin açıqlamaları, həm də ərəb üsyanı onlar üçün bir siqnal oldu. Bəli, Qərb bir sıra rejimlərə dözümlü münasibət göstərdi. Amma nə hasil oldu? Bəlkə Yaxın Şərq problemi həll olundu? Ya Qərbin regiondakı maraqları təmin edildi? Heç biri olmadı. Amma proseslər tamam uduşsuz da ötmədi, Qərb ən azı 100 milyard dollar “qabağa düşdü”. Bax, mən bunu onlara bağışlaya bilmirəm. Bəs bu pullar millətə çatacaqmı? Bu vaxta qədər çatmayıbsa, bundan sonra da… Ən dəhşətlisi isə budur ki, eyni ssenari başqa regionlarda da təkrarlanır. Digər regionlarda da (MDB-də də!) diktatorlar millətin sərvətini məniməsəyərək xarici banklara yığır və bir gün gələcək, onlar da gedəcək Bin Əlinin, Mübarəkin, Qəzzafinin, ya da başqa birisinin ardınca, amma pullar batacaq, lənətlənmiş neft gəlirləri yenə də bizlərə qismət olmayacaq. Indidən bu haqda düşünmək gərəkdir, bu aqibət, bu tale bizləri də gözləyir.
Aksiyaların məqamıdırmı?
Aksiyaların həmişə məqamıdır. Ölkədə problem istənilən qədərdir. Iş o yerə çatıb ki, hətta Bakıda yaşayan əcnəbilər belə bahalıqdan şikayət edirlər. Bir məsələ var. Aksiyaların güclü informasiya dəstəyi haqda fikirləşmək lazım gələcək. Hamı qəzetləri izləmir. Informasiya hamıya çatmır. Bu, bir detal. Bir məsələ də həllini və çözümünü gözləyir. Əgər aksiyalar keçirmək metrodan çıxıb polislərin maşınına əyləşməkdirsə, vallah, mən azca tərəddüd edirəm. Nəzərə almaq lazımdır ki, bizim millətdə ironiya hissi güclüdür. Onlar polis maşınında Qobustana qədər gəzintiyə o qədər də həvəs, maraq göstərmir, bunu başa düşmürlər. Bir dəfə eşitdiyim söhbəti sizə də çatdırmaq istərdim. Avtobusda gedərkən iki nəfərin bir-birilə söhbətini eşitdim. Onlardan biri deyirdi ki, axı, bunlar nə edir, çıxıb özlərini döydürürlər!.. Təbii ki, bu, azca primitiv münasibətdir, amma aksiyalara belə münasibət var və bu, hansısa formada nəzərə alınmalıdır. O ki qaldı, məqamına… Buna söz yoxdur. Azca olsa da, proseslərə bir siyasi məzmun vermək lazımdır. Məsələ bundadır ki, ölkədəki imitasion demokratiya bizlərə də sirayət edib, biz də imitasiya ilə məşğuluq, sanki aksiyaları, etirazları imitasiya edirik. Rolları da dəyişməyin vaxtıdır. Nə vaxta qədər onlar qovan, bizlər isə qaçan rolunu oynayacağıq?
Kiçik sözardı
Çalışıram yazını elə yazım ki, məsləhət tonunda alınmasın. Məsləhət vermək çətindirmi?.. Amma belə zarafat var ki, Vaşinqtonun bütün əhalisi məsləhət verməklə məşğuldur. Deməli, məsləhət vermək də qəbahət deyil. Elə biz də deyirik ki, məsləhətli don gen olar. Indi bunu azacıq dəyişib başqa formada demək olar: məsləhətli meydan gen olar!