Qozbel

Açıq-aydın görünür ki, “Dünya hökuməti” dünyanın idarə olunmasında taktikanı dəyişib, indiyəcən ona tabe olan və bundan boyun qaçıran diktatorların, avtoritar rejim sahiblərinin “qələmini qırıb”.

Dünyanın super gücləri xalqların azadlıq savaşına heç vaxt olmadığı kimi qətiyyətli dəstək verməkdədir. Artıq ABŞ Liviya müxalifəti ilə sürəkli əlaqə saxladığını heç gizlətmir də. Hər yerdə Liviya diktatoru və onun ailəsinə məxsus bank hesabları dondurulur, bu ölkəyə silah satışı qadağan edilir və eyni zamanda müxalifətin silahla təmin olunması üçün vasitələr aranır, diktatorun ölkəsindən çıxmasına yasaq qoyulur, toxunulmazlığına xitam verilir, özünə hörmət eləyən bütün dünya siyasiləri onu istefaya çağırır, bəzi təkliflərdə onun beynəlxalq tribunala verilməsi önə sürülür, cəzalandırılması istənilir və ABŞ-ın hərbi gəmiləri Liviyaya doğru istiqamət alır – Qəzzafi yenə də etirazçıları havadan atəşə tutacağı halda onun qoşunlarına hava zərbələrinin endiriləcəyi də istisna edilmir.

Bir sözlə, tam qətiyyət, tam dəstək, tam qərarlılıq və azğın diktatorun tam blok edilməsi. Mən bunu başqa inqilab ocaqlarını susdurmağa çalışan və sabahlarda çalışacaq diktatorlara bir dərs, bir “ağıllı olun” mesajı kimi qəbul eləyirəm. Axı bu bəlalı dünyada güc sahibləri bir dəfə də xalqın tərəfində durmalıydı, ya yox? Bax, indi o məqamdı. Indiki bu zaman kəsiyi xalqlara bəxş olunmuş bir şansdı. Hər kim istifadə eləyib yararlana biləcəksə, azad olacaq, arzuladığı dövləti quracaq, kim özündə cürət tapa bilməyəcək və yenə də hiyləgər hökumətlərinə sadəlövhcəsinə inanıb qalacaqsa, hesab eləyin ki, onların işi bir də kim bilir haçana qalacaq. Yanıldıqlarını və şansı əldən buraxdıqlarını anlayanda isə çox gec olacaq və o xalqlar başlarına döyməli olacaqlar.

“ABŞ məni satdı”,- Qəzzafi deyir. Sanki bu adam o qədər saya imiş ki, ABŞ-ın daimi dostlarının olmadığını bilmirmiş. Hələ-hələ diktator olasan. Bax, dünya o biri – artıq inqilab girdabına yuvarlanmış və yuvarlanacaq diktatorlara bunları çatdırmağa çalışır və tam da qətiyyət nümayiş etdirir. Ama kim nə götürür bundan, o da ayrı bir dərddi.
Qəzzafi ölkədən çıxmayacağına, oradaca öləcəyinə and içdiyi kimi, Azərbaycan iqtidarı da sanki bəzi məsələlərdə and içib. Məsələn, iki dünya bir ola, Eynullanı türmədə çürütmək. Elmar Hüseynovun qətlinin üstünün açılmaması, hakimiyyəti tənqid edənləri ən qıcqırmış və geridəqalmış üsullarla şərləyib tutmaq, sərbəst toplaşma azadlığının məhdudlaşdırılması və təbii ki, korrupsiya. Korrupsiya bu andların içində ən çözülməzidi, çünki, onu toplumun, idarəçiliyin qanına elə oturdublar ki, artıq istənilsə belə, yox edilməsi mümkün deyil. Çünki indiki durumda xalqın özü korrupsiyadan ayrılmağa meyl göstərmir. Çünki, onsuz necə mövcud olacağını bilmir. Həmin mövcudluq üsulunu hakimiyyət özü beyinlərdən silib, yadırğadıb, unutdurub. Halbuki, bütün korrupsiya məzhəkələrinə baxmayaraq, əslində belə bir şey yoxdu, lap aşağı instansiyalarda bir müddət rüşvətə moratorium qoyulması hələ korrupsiyaya qarşı savaş deyil.

Mən, əslində, bu şounu rüşvətin və korrupsiyanın məzənnəsinin artırılması üçün Tarif Şurasına göndərilən təkliflər paketi kimi dəyərləndirirəm. Bir azdan məlum olacaq ki, Tarif Şurası təklifləri qəbul eləyib və hər şey yumurtanın qiyməti kimi kəllə-çarxa çıxıb. Əsl toy-bayram onda olacaq.

Faktlar onu göstərir ki, dünyanın diktatorlara ötürdüyü mesajlar heç yel olub Azərbaycan hakimiyyətinin üstündən də keçməyib. Görünür, qozbeli qəbirdən başqa heç nə düzəldə bilməz.