Qarrupsiya

Hökumətin korrupsiya fantaziyaları bitib-tükənmir. Hamısı da bir-birindən bənzərsiz, bir-birindən fərqli.

Məsələn, dünən oxuyub öyrəndik ki, indi də yaptokratlar Bakı bulvarında bulaq quraşdırmağa başlayırlar. Həm də birini deyil, ikisini deyil, üçünü deyil, düz səkkizini! Bəli, bulaqların sayı nə qədər çox olsa, korrupsiya bulağından da o qədər çox su içmək olar.

Indi isə başqa bir xəbərə göz ataq. Orada deyilir ki, paytaxtın ağzının içində, qulağının dibində yerləşən Nübar qəsəbəsində camaat susuzluqdan şikayətçidir. Onlar gileylənirlər ki, Oğuz-Qəbələ-Bakı su xəttinin anbarları Nübarda yerləşir, amma özləri içməyə su tapmırlar. Əlbəttə, mən qəsəbə sakinlərinin bu şikayətlərinə məmurların verəcəyi cavabı təxmin edirəm: “Gedin, bulvardakı bulaqlardan nə qədər istəyirsiniz için, qayıdın evinizə”.

Başqa variant varmı? Insanlar evlərində susuzluqdan yanarkən, bulvara bulaq quraşdırmaq başqa nəyə gərək ola bilər ki?

Əslində bulaq da, fəvvarə də quraşdırmaq olar, bahalı stadion tikmək, uzun bayraq dirəyi də basdırmaq olar, bir şərtlə: öncə insanların ən primitiv dərdlərinə çarə tapılsın. Büdcəyə sağmal inək kimi baxılmasın. Xalqın sərvətləri dədə malı sayılmasın. Əgər siz bunların heç birini etmirsinizsə, inciməyin, o zaman quraşdırdığınız bulaqdan da su yox, ancaq zəqqutum içmək olar. Əgər hər yaxşı niyyətin arxasında yalnız və yalnız sizin tamahkarlığınız, daha da varlanmaq, daha çox oğurlamaq, talamaq istəyiniz yatırsa, camaat basdırdığınız ən uzun dirəyin ucunda bayrağın deyil, korrupsiyanın dalğalandığını düşünməkdə haqlıdır.

***

Keçənlərdə Ilham Əliyev Qusarda dağ-xizək kompleksinə getdi, 2 saylı xizək enişinin açılışında (bu artıq başqa bir lətifədir!) iştirak etdi, qar üstündə xeyli sürüşdü. Sürüşərkən də çox xoşbəxt görünürdü. Amma onun vətəndaşları Bakıda qar yağanda, yollar donub maşınlar sağa-sola sürüşəndə, bir-birinə dəyəndə, insanlar kəllə-mayallaq olub qol-qıçını sındıranda xoşbəxt görünmürlər axı! Niyə Ilham Əliyev sürüşəndə xoşbəxt olur, amma biz bədbəxt, yaralı, yarımcan?
Üstəlik, Qusardakı o kompleksi süni qar hesabına yaradıblarmış… Bəli, bəli, süni qar hesabına! Indi necə ikrahla və kinayə ilə danışmayasan? Indi necə öfkələnməyəsən, necə nifrət etməyəsən, necə iyrənməyəsən? Bakıda təbii qarın əlində əsir-yesir qalanların, özü əriməyincə onu küçələrdən təmizləməyə fərasəti çatmayanların Qusarda süni qar yaratmasından rüsvayçı, komik nə ola bilər? Sadə vətəndaşları işıqsızlığın, qazsızlığın caynağında çabalamamaqdan ötrü qar yağmasın deyə gecə-gündüz dua edən, Allaha yalvaran bir ölkənin rəhbəri əyləncə eşqinə süni qar yaradırsa, hər kəs papağını qarşısına qoyub düşünsün: bu rejimi qorumaq, müdafiə etmək hansı məntiqə sığır? Hansı vicdana sığır, hansı əxlaqa sığır?

***

Belə baxanda bu rejimin təbii nəyi var ki? Hakimiyyəti belə, saxta yollarla qamarlayanlar təbii olan nəyi sevə bilərlər ki? Bu qədər saxtakarlığa bulaşmış bir rejimin qarı da süni olmalıdır. 
Elə bir yandan ətək-ətək pul tökərək bulvarda bulaqlar quraşdırıb, Qusarda süni qar yaradıb, o biri yandan Allah qoymasa, korrupsiyaya qarşı mübarizə aparmaq da sünidir, hay-hayı gedib vay-vayı qalmış bu çürük, qartımış sistemə süni nəfəs verməkdir.

***

Və sonda… 
Qusardakı süni qarın fotolarına baxdım. Ilk baxışda təbii qardan heç fərqlənmir, heç. Amma yalnız ilk baxışda.
Əslində isə onların arasında qojaman bir fərq var: birindən “Şaxta baba” düzəldirlər, o birindən “Heydər baba”.