“Zəfər Çağlayan hakimiyyətə açıq mesaj verib”

«Türkiyə vətəndaşlarına tətbiq edilən viza Ankaraya necə pis təsir edibsə…»

Elxan Şahinoğlu: «Nazir əslində demək istəyib ki, rəsmi Bakı Türkiyə ilə strateji münasibətlərdə maraqlı deyil, sözdə bir, əməldə fərqli siyasət yürüdür»

Türkiyənin xarici ticarətə cavabdeh naziri Zəfər Çağlayanın Azərbaycanla bağlı son müsahibəsində kifayət qədər diqqətçəkən məqamlar var. Dövlət naziri ölkəsinin Azərbaycanla ticarət dövriyyəsinin iki qardaşa yaraşan səviyyədə olmamasından şikayətlənib. Həmçinin mövcud viza probleminin ticarəti, turizmi, dostluq və qardaşlığı əngəllədiyini bildirib. Azərbaycanla ticarət dövriyyəsinin təxminən 2,5 mlrd. dollar olduğunu deyən nazir hesab edir ki, bu rəqəmi 4-5 dəfə artırmaq olar. Bir şərtlə ki, Azərbaycan hökuməti öhdəsinə düşən vacib məsələləri həll etsin. “Biz həqiqətən bir millətik. Ancaq təəssüf ki, bir millət olmağın üstünlüklərini ticarətdə həyata keçirə bilmirik. Biz Azərbaycana viza tətbiq etmirik. Hörmətli baş nazirimiz iki ölkə arasındakı viza rejiminin tamamilə ləğvini hərarətlə dəstəkləyir. Hazırda Rusiya ilə də vizaları ləğv edirik. Artıq vətəndaşlarımız bir çox ölkəyə vizasız gedə bilir. Azərbaycanda da çox sürətli şəkildə vizanı ləğv etmək, iş adamlarının önündəki əngəlləri, gömrük sahəsindəki maneələri aradan qaldırmaq lazımdır. Təəssüf ki, hələ Azərbaycanla Türkiyə arasında olması lazım gələn ticari nöqtəyə gələ bilmirik”,- deyə Z.Çağlayan bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan hakimiyyəti strateji müttəfiqi Türkiyə ilə viza məsələsini həll etmək istəmir: “Əgər Azərbaycan rəsmiləri əvvəllər qardaş ölkə ilə viza məsələsini qısa müddətdə həll edəcəklərini söyləyirdilərsə, artıq bunu da demirlər. Xarici Işlər Nazirliyi bir müddət öncə açıqlama yayaraq viza məsələsini həll etməyəcəyini konkret şəkildə açıqladı. Rəsmi Bakının bu qərarı Ankarada son dərəcə mənfi qarşılanıb. Türkiyənin dövlət naziri Zəfər Çağlayanın son müsahibəsi də bundan xəbər verir. Çağlayan suallara nə qədər diplomatik cavab verməyə çalışsa da, onun söylədiyi ”viza problemi iki ölkə arasında ticarəti, turizmi, dostluq və qardaşlığı əngəlləyir” fikri Azərbaycan hakimiyyətinə açıq mesajdır. Bu açıqlamanı belə oxumaq lazımdır ki, rəsmi Bakı əslində Türkiyə ilə strateji münasibətlərdə maraqlı deyil, sözdə bir, əməldə isə fərqli siyasət yürüdür.
Çağlayan müsahibəsində deyib ki, Azərbaycana səfəri zamanı dövlət başçısı Ilham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşərək onlara bildirib ki, Gürcüstanla Türkiyə arasında imzalanmış sərbəst ticarət sazişini Azərbaycanla da imzalamaq istəyirlər ki, iqtisadi əməkdaşlıq genişlənsin, ticarət mübadiləsi artsın. Çağlayan dolayısı ilə onu demək istəyib ki, Ankaranın bu çağırışına həm Azərbaycan prezidenti, həm də baş naziri istəksiz yanaşıblar, əks halda haqqında danışılan sərbəst ticarət mübadiləsi bu gün həyata vəsiqə qazanardı”.

E.Şahinoğlu deyir ki, Türkiyə və Gürcüstan bir millət deyillər, buna baxmayaraq, Türkiyə-Azərbaycan münasibətlərindən daha böyük məsafə qət ediblər: “Bu gün Gürcüstan vətəndaşı sadə şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə gedə bilər. Türkiyə vətəndaşı da sərbəst şəkildə Gürcüstana daxil ola bilər. Görün, rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza Ankaraya necə pis təsir edibsə Çağlayan müsahibəsinin sonrakı hissəsində bu mövzuya yenə qayıdıb. Türkiyənin dövlət naziri deyib ki, Azərbaycan hakimiyyətinin Türkiyə vətəndaşlarına niyə viza tətbiq etdiyini dünyaya izah etməkdə çətinlik çəkirlər. Çağlayan Gürcüstanın ardından Rusiyanı misal çəkib ki, bu ölkə ilə də viza maneəsi qalmayıb. Başqa sözlə, Türkiyənin dövlət naziri onu deməyə çalışıb ki, Ankara hətta müttəfiq olmayan dövlətlərlə viza məsələsinin həllinə nail olub, qardaş adlandırdığı Azərbaycanla isə bütün istəklərinə rəğmən bu problemi yoluna qoya bilmir”.
Politoloq hesab edir ki, Çağlayan bu müsahibə ilə Türkiyə-Azərbaycan münasibətlərinin normal olmadığını açıq şəkildə dilə gətirib: “Zəfər Çağlayan türkiyəli iş adamlarının Azərbaycandakı problemlərinə də eyham vurub. O deyib ki, Türkiyəyə yatırım qoymaq istəyən azərbaycanlı iş adamı heç bir çətinliklə üzləşməzkən, türkiyəli iş adamları Azərbaycanda çətinliklərlə üzləşirlər. Çağlayanın bir fikrinə də diqqət yetirmək lazım gəlir. O, deyib: ”Mən sizə bir sərmayədarın bir ölkəyə investisiya qoymasının səbəblərini dedim: bank sistemi liberaldırsa, bürokratik əngəllər olduqca azdırsa, təsirli bir ədliyyə sistemi varsa, iş adamları o ölkəyə investisiya qoyur. Iş adamları beynəlxalq məhkəmələrdə öz haqlarını qoruya bilməlidirlər. Nə demək istədiyimi hər halda, anlayırsınız”. Nazirin nə demək istədiyini anlayırıq. Yəni Azərbaycan iqtisadiyyatında nazirin sadaladığı problemlər ortadan qaldırılmalıdır ki, Türkiyənin böyük kapitalı Azərbaycana axın etsin. Ancaq problem ondadır ki, viza məsələsini uzadan rəsmi Bakı heç qardaş ölkənin böyük iqtisadi imkanlarında da maraqlı deyil.

Bir sözlə, Çağlayan bu müsahibə ilə Türkiyə-Azərbaycan münasibətlərinin normal olmadığını vurğulayıb. Təəssüf ki, rəsmilərimizdən bir kimsə müsahibədə qoyulan aktual məsələlərə reaksiya verməyib. Başqa bir təəssüfləndirici məqam ondan ibarətdir ki, Azərbaycan-Türkiyə münasibətlərindən ağız dolusu danışan, hər addımbaşı “bir millət iki dövlət” ifadəsini dilə gətirən bəzi şəxslər hakimiyyət mənsublarına “qardaş dövlətlə viza məsələsini niyə uzadırsınız” sualını verməyi özlərində cəsarət tapmırlar”. 

Gültəkin