İslahatlar şousu həkimlərə necə zərbə vurub?

Tibb işçiləri özəl klinikalara üz tutur

 

Korrupsiyaya qarşı hökumətin başladığı islahatlar şousu hər yerdə bir cür effekt verməkdədir. Rüşvətə daha az bulaşan aşağılar hər an ilişmək təhlükəsi qarşısında qalıblar. Onlar adlarının “korrupsiya islahatı” siyahısına düşməsindən ehtiyatlanırlar. “Islahatlar”ın dövlət xəstəxanalarında necə effekt verdiyini öyrənmək üçün akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yollandıq.
Əvvəlcə özümüzü müalicə üçün gəlmiş xəstə kimi tədqim etdik. Döydüyümüz qapıların əksəriyyətindən cavab verdilər ki, qeydiyyatda olduğumuz rayonun poliklinkalarından göndəriş gətirməliyik. Bu halda onlar bizi pulsuz müayinə edə bilərlər.
Xəstəxananın zalında dayanmış adamlarla söhbətləşirik. Sabirabaddan olan Malik dedi ki, o, həyat yoldaşını gətirib: “Biz rayondan göndəriş almışıq. Analizləri verdik. Hələ ki, bizdən pul istəyən olmayıb. Görünür, prezidentin göstərişini yerinə yetirirlər”.
Binanın həyətində söhbətləşdiyimiz Israil adlı vətəndaş isə deyir ki, ona xəstəxanada yer olmadığını deyiblər: “Mənim burda bir qohumum işləyir. Onun yanına getdim. Dedi ki, kömək edə bilməyəcəm. Nazirlikdən gəlib oturublar burda”.
Xəstəxanada ultrasəs, rentgen müayinəsindən keçmək də göndərişsiz mümkün deyil. Lakin bir müddət öncə burada rentgen və ultrasəs müayinəsindən keçmək üçün 20-30 manat ödəmək kifayət edirdi.
Hökumətin bu “korrupsiya islahatları” xəstələri razı salsa da, həkimləri və tibb bacılarını razı salmayıb. Çünki dövlət tibb müəssisələrində çalışan işçilərin aldıqları məvacib çox aşağıdır.
Adının qəzetdə çəkilməsindən ehtiyatlanan bir həkim bizimlə söhbətində vəziyyətin dözülməz olduğunu deyir.
O bildirdi ki, hökumət korrupsiyaya qarşı mübarizəyə başlayandan sonra xəstəxanada bir həkim və bir tibb bacısı pul aldığına görə “ilişdirilib”: “Dövlət xəstəxanalarında işləyən tibb işçilərinin maaşları çox aşağıdır. Təsəvvür edin ki, şöbə müdirləri 200 manatdan az maaş alırlar. 120-150 manat maaşla insan necə dolana bilər. Bu, biabırçılıqdır”.
Həkimin dediyinə görə, bu maaşla dolana bilməyən tibb işçiləri artıq özəl klinikalara üz tuturlar: “Özəl klinikalarda həm işləmək üçün yaxşı şərait var, həm də gördüyün işə görə aldığın məvacib dövlət xəstəxanalarındakından qat-qat yüksəkdir”.

 

Elmin