Müsavat mitinq qərarına aydınlıq gətirdi

İsa Qəmbərin açıqlamasından sonra Arif Hacılı da aksiya ilə bağlı fikirlərinə korrektələr etdi

 

İctimai Palata ötən həftə mitinqlərə hazırlıqla bağlı qərar verdi. Aksiyanın konkret tarixini təyin etmək isə Palatanın Koordinasiya Şurasına həvalə olundu. Lakin bundan dərhal sonra Müsavat Partiyası martın 12-nə mitinq təyin etdiyini açıqladı. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə bəyan etdi ki, 12 martda kütləvi aksiya keçirmək təklifini o irəli sürüb, İctimai Palata isə nədənsə bu təklifi səsə qoymayıb: “İctimai Palata üzvlərinin əksəriyyəti belə bir qərar qəbul olunmasının tərəfdarı idi. Təəssüf ki, 12 martda mitinq keçirilməsi təklifi ümumiyyətlə səsə qoyulmadı. İştirakçıların əksəriyyəti üçün anlaşılmayan şəkildə bir səsvermə keçirildi”.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə məsələyə münasibətində bildirdi ki, İctimai Palatada mitinqlə bağlı heç bir fikir ayrılığı yaşanmayıb. Sadəcə, mitinqlərin keçirilmə vaxtı ilə bağlı müxtəlif yanaşmalar olub. Və Palatada çoxluq mitinqlərə güclü hazırlaşmağın daha məqbul olduğunu dəstəkləyib: “İkinci təklif Arif Hacılıdan gəldi. O, birgə aksiyanı martın 5-nə təyin etməyi təklif etdi. Amma bu təklif ümumi səsvermədə qəbul olunmadı. Həmin təklif Arif bəyin açıqlamasının əksinə olaraq İctimai Palatada səsə qoyuldu. Təklifə yalnız beş nəfər səs verdi. İndi Arif bəy deyir ki, təklifi səsə qoyulmadı, amma bütün media mənsublarının iştirakı ilə keçirilən səsvermədə Arif bəyin təklifi beş səs qazandığından keçmədi. Biz ondan narahatıq ki, bu aksiyalar bir partiyanın təşkilatçılığı ilə keçirilərsə, həm istənilən kütləviliyi, həm də müxalifətin birliyini ifadə etməz. Halbuki cəmiyyət müxalifətdən həm birgə, həm də daha kütləvi aksiya gözləyir. Ona görə AXCP öz fəaliyyətini İctimai Palata ilə sinxron şəkildə davam etdirməyi məqsədəuyğun sayır”.

Dünən Müsavat başqanı İsa Qəmbər məsələyə aydınlıq gətirərək partiyanın martın 12-nə mitinq təyin etmədiyini, sadəcə həmin gün aksiya keçirilməsini məqsədəuyğun saydığını bildirib: “Biz onu da əlavə etmişik ki, yaxın günlərdə siyasi tərəfdaşlarımızla mitinqin birgə keçirilməsi ilə bağlı məsləhətləşmələr aparacağıq. Yalnız bu məsləhətləşmələr yekunlaşandan sonra Müsavat Partiyası növbəti addımını müəyyənləşdirəcək, qərar qəbul edəcək. Əgər digər siyasi qüvvələr də birgə mitinq keçirmək istəsələr, buna razılaşsalar, yekdil qərar qəbul ediləcək, mitinqin keçirilməsi üçün birgə müraciət olunacaq. Əgər digər siyasi təşkilatlar, bizim siyasi tərəfdaşlarımız mitinqə ehtiyac görməsələr, onda Müsavat Partiyası vəziyyəti bir daha dəyərləndirib mitinqlə bağlı öz qərarını verəcək”.

Müsavat başqanının bu mövqeyindən sonra A.Hacılı dünən “Turan”a açıqlama verərək aksiya ilə bağlı fikirlərinə korrektələr edib. O bildirib ki, martın 12-də mitinq keçirilməsilə bağlı hələ yekun qərar yoxdur: “İctimai Palatanın məlum sessiyasında martın 12-də mitinq keçrilməsi barədə təklif qəbul olunmadı. Sonra mitinq məsələsi Müsavat Partiyasının Divanında müzakirə edildi. Həmin müzakirələrdə martın 12-də mitinq keçirilməsi məqsədəuyğun sayıldı”. A.Hacılı bundan irəli gələrək martın 12-də icazəli mitinq keçirilməsi üçün aidiyyəti rəsmi qurumlara məktub ünvanlanmasının nəzərdə tutulduğunu deyib: “Aksiyaya 5 gün qalmış uyğun rəsmi quruma məktub ünvanlanacaq. Buna qədərsə müxalifət partiyaları ilə müzakirələr aparmaq niyyətindəyik. Yekun qərar da həmin müzakirələrdən sonra qəbul olunacaq”.

Gültəkin