Mingəçevirdə “Kür” bazarı

Şəhərdəki «Kür» Olimpiya Tədris-Idman Mərkəzi kimlər üçün nəzərdə tutulub?

İdmanla məşğul olmaq istəyənlərin əlləri ciblərində olmalıdır

Görünür, indiyədək müxtəlif dövlət qurumlarında rüşvət və korrupsiyayla mübarizəyə həsr olunmuş müşavirələr kampaniyadan savayı bir şey deyil. Başqa sözlə, bütün bunları ərəb ölkələrində, ələlxüsus Tunisdə və Misirdə, bu gün isə artıq Liviyada yaşananlardan sonra hakimiyyətin başlatdığı “antikorrupsiya”, “özünütənqid” tədbirləri kimi dəyərləndirənlər böyük mənada haqlıdırlar. Bunun kosmetik xarakterli olduğu və bu yolla hansısa prosesi önləməyin qeyri-mümkünlüyü açıq-aşkardır.
Bir aydan çoxdur ki, ölkədə startı verilmiş antikorrupsiya və rüşvətlə mübarizə kampaniyası Mingəçevir şəhərinə, daha dəqiq desək, burada fəaliyyət göstərən “Kür” Olimpiya Tədris-Idman Mərkəzinə gəlib çatmayıb. Qeyd edək ki, vaxtilə keçmiş SSRI-nin ən böyük idman komplekslərindən biri olmuş “Kür” Olimpiya Avarçəkmə bazası burada aparılmış yenidənqurma işlərindən sonra “Kür” Olimpiya Tədris-Idman Mərkəzi kimi fəaliyyət göstərir. Kompleksin açılış mərasimində ötən il oktyabrın 14-də Mingəçevirdə səfərdə olmuş Ilham Əliyev də iştirak etmişdir.
Bu gün mərkəz tam qara bazarın qanunlarıyla işləyir. Buradakı real qiymətlərlə tanış olandan sonra sağlam həyat tərzi keçirmək arzusunda olan gənclərin nədən narkomaniyaya və başqa yollara meyl etməsinin səbəbi məlum olur. Əvvəla kompleksin ərazisinə daxil olmaq hər kəsə müyəssər olmur. Kompleksdə idmanla məşğul olmaq istəyənlər üçün əməlli-başlı preyskurant tərtib olunub. Belə ki, trenajor zalında bir ay məşğul olmaq istəyən şəxs 60 manatından keçməlidir. Mərkəzdəki üzgüçülük hovuzunun saatı 10 manatdır. Mini-futbol zalından bir saatlıq istifadə haqqı isə nə az, nə çox – 30-35 manat civarındadır. Bu qiymətlərin Mingəçevir kimi kasıb əyalət şəhərində kimlər üçün əlçatan olmasını xatırlatmaq bizcə, yersizdir.
Bütün bunlardan isə hər il büdcədən xeyli miqdarda vəsait ayrılan, adı vaxtaşırı mediada hallandırılan gənclər və idman naziri Azad Rəhimovun xəbərsiz olması inandırıcı görünmür.
Məlumat üçün bildirək ki, sözügedən Mərkəz Gənclər və Idman Nazirliyinin sifarişi əsasında tikilib. Açılış törənində nazir Azad Rəhimov ölkə başçısına nazirliyin sifarişi əsasında tikilmiş kompleksin Avropada, o cümlədən MDB məkanında bənzəri olmadığını bildirmişdi. Tikintisinə 2007-ci ildə başlanan mərkəzdə inşa işləri 2010-cu ildə başa çatmışdır. Kompleksə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana, 391 tamaşaçı yerlik idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar, hündürlüyü 40 metr olan yarışları müşahidə qülləsi daxildir. Bazada həmçinin dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar vardır.

Zeyd