Əhməd Şəfəq Bakıda konsert verəcək

“İnşallah çox gözəl, möhtəşəm bir konsert olacaq”

 

Bu yaxınlarda avtomobil qəzası keçirən Türkiyənin tanınmış bəstəkarı və müğənnisi Əhməd Şəfəqin Bakıda keçiriləcək konserti təxirə salınmayıb. Bu barədə ANS-ə müsahibə verən sənətçi qəzada ciddi xəsarət almadığını deyib.

 

“Antalyada konsertdən sonra geri qayıdırkən Eskişehirdə qarşımıza bir avtomobil çıxdı. Sürücüm ondan qaçarkən biz yolun kənarına çıxdıq. Orada maşınımız qəzaya uğradı. Mənim sadəcə üzümdə yaralar var idi. Onlar da az vaxt ərzində sağalıb. Prodüserimdə bir az narahatçılıq var idi. O da İnşallah bir həftəyə ayağa qalxacaq və yaxşı olacaq. İndi heç bir narahatçılığımız yoxdur. Bütün hazırlıqlarımızı görürük. İnşallah çox gözəl, çox tarixi, çox möhtəşəm bir konsert olacaq”.

Əhməd Şəfəqin konserti martın 18-də Heydər Əliyev sarayında keçiriləcək. Onunla birgə həmin gün səhnəni əməkdar artisti Tünzalə Ağayeva da bölüşəcək. “İki bədəndə bir can” adı altında keçiriləcək konsertdə Azərbaycan-Türkiyə qardaşlığına ithaf edilmiş musiqilər səslənəcək.

“Tünzalə xanım mənim sənətkarlığımı, müğənniliyimi səsimi və bəstələrimi illərdir izləyirmiş. Ona birlikdə duet hazırlamağı təklif etdim. Əvvəl Heydər Əliyev sarayındakı konsertimizdə iki mahnını duet ifa edəcəyik. Sonra isə İnşallah mənim yeni albomum çıxacaq. O albomda da yenə iki mahnı dueti edəcəyik. Konsertdə ayrı iki mahnı oxuyacağıq. Amma albom mahnıları başqa olacaq. O albom oktyabrda Türkiyədə çıxacaq. Amma təbii ki, Azərbaycanda da paylanacaq”.

Qeyd edək ki, Əhəməd Şəfəq bir neçə dəfə paytaxtda konsert proqramı ilə çıxış edib. Sonuncu dəfə müğənni keçən ilin oktyabr ayında Bakıda “Aşq və Vətən” adlı albomunun təqdimatını keçirib və eyni adlı konsert proqramı ilə tamaşaçılar qarşısına çıxıb.