Vəfa Quluzadə: «ABŞ daha diktatorlara etibar etmir»
Ərəb ölkələrində baş qaldıran və iki ölkədə hakimiyyət dəyişikliyi ilə nəticələnən üsyanın coğrafiyası genişlənməkdə davam edir. Hətta iqtisadi durumu qənaətbəxş olan ölkələrin əhalisi də demokratiya tələbi ilə ayağa qalxıb. Bu proseslərin davamı necə olacaq? Məsələ ilə bağlı politoloq Vəfa Quluzadənin fikirlərini öyrəndik.
“ABŞ və NATO-nun siyasətində gözlənilməz dönüş olub”
– Üsyanların miqyası genişlənir. Ilkin müşahidələriniz nədən ibarətdir? Bu, planlaşdırılmış bir prosesdir, yoxsa həqiqətən də xalqların illərdən bəri yığılan narazılığı?
– Əgər ölkədə ictimai məsələlər, problemlər düzgün həll olunsa, heç vaxt xalq ayağa qalxmaz. Burda bir neçə faktor var. Misiri yaxşı tanıyıram. Misirdə xalq daim bir parça çörək və bir stəkan su ilə dolanıb. Xalq o qədər əzab-əziyyət çəkib ki, artıq bu rəzalətə dözmür. Ona görə Misir ayağa qalxıb. O biri ölkələr də həmçinin. Məsələn, Liviyada 42 il Qəzzafi hökmranlıq edir. Neftin sayəsində xalqın ağzını bir qədər bağlaya bilib. Ancaq bu xalqın heç bir azadlıqları, başqa ölkələrdəki kimi yaşayışı olmayıb. Üstəlik, burda internet faktoru böyük rol oynayıb. Liviyada xalqın təhsil səviyyəsi yüksəkdir. Əksəriyyət ali təhsillidir. Onlarda Avropa xalqlarının necə yaşaması barədə təsəvvürlər var. Üstəlik, demokratiyanın, proqressiv rejimin nə olduğunu bilirlər. Bütün Şərq aləmində gənclik Qərb ölkələrində olduğu kimi, demokratiya şəraitində yaşamaq istəyir. Bu inqilabların hamısında gənclər böyük rol oynayıb. Qocalar məyus ola bilər. Qul, kölə olmağa öyrəşmiş olar. Artıq ömürlərinin axırında onlar durub nə edə bilərlər? Gənclərsə reallıqları qəbul etmir. Indi bir ölkədəki qığılcım bütün başqa ölkələrə yayıldı. Internet vasitəsilə gənclər bütün hadisələri izləyə bilir. Bunu bir tərəfdən internet inqilabı, o biri tərəfdən xalqların özlərinin hüquqları və azadlıqları uğrunda olan mübarizəsi adlandırardım. Başqa variant isə odur ki, ABŞ və NATO-nun siyasətində çox böyük, gözlənilməz dönüş olub. Yəni Amerika və NATO ölkələri xalqları dəstəkləmək mövqeyində dayanıblar. Çünki baxıb görüblər ki, bu ölkələrdə demokratik rejimlər qurulsa, onda onlara istinad etmək daha güvənli olar. Ancaq Qəzzafinin, Mübarəkin rejimləri satqın rejimlərdir. Bir tərəfdən Amerika ilə dostdur, digər tərəfdən silah, narkotik alveri, bir sözlə, hər şeylə məşğul olurlar… ABŞ-a diktatura rejimləri sərf etmir. Amerika, NATO böyük faktordur. Klinton və Obama açıq şəkildə bəyanat verdilər ki, onlar bütün bu hadisələrdə öz haqlarını tələb edən xalqların tərəfindədirlər. Bu da cavanları ruhlandırır. Bu səbəbdən yanğın artıq dünyaya yayılır.
“Amerika neftlə zəngin olan ölkələrdə yaşayan kölə xalqları dəstəkləyəcək”
– ABŞ və NATO niyə məhz indi 30-40 il dözdükləri diktatorlara qarşı qalxan xalqlara dəstək verib? Burada başqa faktorların rolu ola bilər?
– Neft də böyük rol oynayır. Amerika biganə qala bilərdi. Amma indiki şəraitdə Rusiya dünya neftini əlinə keçirib ona nəzarət etmək istəyir. Diktatorlar da Putinə imkan yaradırlar. Liviyanın silahları, Misirin silahlarının yarısı Rusiyadan alınırdı. Yaxın Şərqin pulu Rusiyaya gedirdi. Rusiya da bunu yeni, güclü silah yaratmağa yönəldirdi. Amerika birdəfəlik Sovet Ittifaqını çökdürdü. Amma Rusiya Sovet Ittifaqının siyasətini davam etdirir, yenidən Amerikaya rəqibdir. Yenidən güc toplayıb Sovet Ittifaqı kimi ABŞ-a təhlükə yaratmaq istəyir. Amerika neftlə zəngin olan ölkələrdə yaşayan kölə xalqları dəstəkləyəcək və bu ölkələrdəki bütün enerjiyə nəzarət edə biləcək ki, enerji diktatorlara getməsin. Rusiyada imperiya ambisiyalı avtoritar rejimdir. Bütün Qafqazı və Mərkəzi Asiyanı kölə vəziyyətində saxlamaq siyasəti aparan bir rejimdir. Amerika buna niyə dözsün? Nəyə görə imkan versin ki, Rusiya dirçəlsin, təzədən Amerika ilə nüvə yarışına girsin. Bu faktor da var. Bu cür məsələlər heç vaxt bir faktordan asılı olmur. Ancaq əsas imkanı yaradan yeni texnika, internetdir. Inqilabın ürəyi gənclər və onların azadlığa məhəbbətidir, arzusudur. Üstəlik, ABŞ başda olmaqla NATO bütün bu ölkələrdə əsl demokratik rejimlərin yaranmasının tərəfdarıdır. Amerika artıq heç bir diktatura rejimini özünə güvənli hesab etmir. Hüsnü Mübarək Amerikanın ən yaxın müttəfiqi idi. Amma eyni zamanda o özünə haqq qazandırır ki, müstəqil dövlətin başçısıyam, istədiyim kimi hərəkət edə bilərəm. Istədiyi kimi hərəkət etmək diktatorun davranışıdır. Amma orda demokratik rejim olsa, o heç vaxt Rusiya kimi avtoritar ölkəni gücləndirməz.
“Qəzzafi özünü assa, daha faydalı olar”
– Əsas diqqət Liviya və Qəzzafiyə yönəlib. Onun öldürüləcəyi bildirilir. Siz necə hesab edirsiniz?
– Qəzzafinin taleyini artıq öz xalqı həll edib. Xalq ona yox deyib. Qəzzafi də öz xalqını əzmək istəyəndə buna Amerika və NATO yox deyir. Ona imkan verməyəcəklər ki, xalqı əzsin. Onun ölkədən çıxması yasaqlanıb. Təyyarəsi göyə qalxanda vurulacaq. Iki Amerika təyyarə daşıyıcısı gəlir düz Qəzzafinin burnunun altına, Benqaziyə. Qəzzafinin məsələsi həll olunub. Nahaq yerə müqavimət göstərir. Qəzzafi özünü assa, daha faydalı olar. Çünki nə qədər adam qətlə yetirib. Onunla hansı ölkə əlaqə yaradar, kim ona əl uzadar? Hər hansı yolla hakimiyyətdən getməlidir. Nə qədər tez getsə, onun üçün bir o qədər xeyirli olar.
“Diktatura rejimində yumşalma ola bilməz”
– Liviya hadisələri ilə bağlı ilk dəfə olaraq BMT bu qədər sərt qərar qəbul edib. Ilk dəfədir ki, hakimiyyətdə olan diktatorun xarici banklardakı hesabları dondurulub, onun beynəlxalq tribunala verilməsi məsələsi gündəmə gəlib. Bu, hakimiyyətdə olan digər avtoritarları yumşalda bilər?
– Heç bir diktatura rejimində yumşalma ola bilməz. Çünki bu, təsadüfi hadisələr deyil. Bu, Amerikanın yeni siyasətidir. Yaxın Şərqdəki hadisələr siyasətdə, dövlətlərarası əlaqələrdə yeni əsr kimi qiymətləndirilməlidir. Deyirlər, Rusiya üçüncü dünya müharibəsini uduzdu. Üçüncü dünya müharibəsi uduzulandan sonra Amerika qırmızı imperiyanın bütün bastionlarını dağıtmalı idi. Yavaş-yavaş dağıdırdı, ölkələri NATO-ya qəbul edirdi. Gürcüstanda amerikameylli güclü dövlət yaratmaq istəyir. Saakaşvilini saxladılar, yoxsa Rusiya onu məhv edəcəkdi. Üstəlik, bütün Balkan ölkələri, Rusiyanın ən sadiq müttəfiqləri NATO-ya üzv olur. Rusiya bu vəziyyətdən çıxmaq istəyir. Rusiya istəyir ki, bütün Avropanın neftini yığsın ovcuna, ondan sonra Avropaya diqtə etsin. Amerika buna imkan verməz. Ərdoğan ikili oyun oynamaq istədi. Dedi ki, iqtisadiyyat başqa, siyasət başqadır. Siyasət kimi NATO-dayıq, ancaq iqtisadiyyatda bizə neft, qaz lazımdır. Ancaq bu düzgün deyil. Bu tamam başqa oyundur. Ərdoğanı da inandırdılar ki, bu cür hərəkət etmək olmaz. Məsələlər mürəkkəb və çoxşaxəlidir. Bir tərəfdən avtoritar Rusiya təzədən güclənib, dünyaya təhlükə yarada bilər. Digər tərəfdən Çin o tərəfdən qalxır ki, mən super gücəm. Amerikaya meydan oxuyacam. Neftin qiymətinin qalxması Çinin iqtisadiyyatını dağıdacaq. Amerikanın gücü çatırsa, Çini də yerinə oturtmalıdır. Amerikanın bütün addımlarını başa düşürəm. Məğlub olmamaq üçün belə etməlidir. Belə etməsə, nəticə etibarilə məğlub olacaq. Amma bu yolla getsə, qalibdir.
“Sanksiyalar hər kəsə qarşı istifadə edilə bilər”
– Bu sanksiyalar hakimiyyətdə olan digər avtroritar rejim başçılarına qarşı tətbiq edilə bilər?
– Hər kəsə qarşı istifadə edilə bilər. 90-cı illərdə Sovet Ittifaqı çökəndə elə bildilər Isveçrə bankları o qədər güvənlidir ki, ora heç öz adına da yox, kodlarla pulları qoymaq təhlükəsizdir. Ancaq dünyada situasiya dəyişdi. Bəlkə gələcəkdə bu banklar da ləğv edildi. Isveçrə bankları əsasən Qərb üçün idi. Sovet Ittifaqı çökəndən sonra Rusiyadakı bütün quldurlar Amerika, Isveçrə banklarını oğurluq pullarla doldurdular. Buna bir reaksiya olmalıdır. Reaksiya oldu. Bütün oğurluq pullara embarqo qoyulacaq.
“İran gəncləri artıq molla rejimini qəbul etmir”
– Iranda müxalifətin etirazları gözlənildiyi qədər kəskin olmadı. Müxalifət liderləri Kərrubi və Musəvi həbs olundu. Hadisələrin bundan sonrakı gedişini necə proqnozlaşdırırsınız?
– Bu, fırtına kimidir. Bir az gücünü azaldır, sonra artıra bilər. Iranda bu proses gedir. Iran gəncləri artıq molla rejimini qəbul etmir. Onlar müasir həyat tərzi sürmək istəyirlər. Iranın gücü çatmayacaq ki, öz həyat tərzini dünyaya sırıya bilsin. Dünya öz həyat tərzini Irana sırıyacaq. Əvvəl hərəkat güclü idi. Indi yatırdıblar, xeyli adam tutulub, liderlər zərərsizləşdirilib. Internet məhdudlaşdırılıb. Ancaq bu əbədi ola bilməz. Iranda hərəkatlar olacaq. Nəticəsini gözləyək.
Fizzə Heydərli