kiv-df

Azərbaycan səhnəsində bir Vəfa vardı…

Səhnəmizin gözəllik obrazı

Onun hər tamaşasını səbrsizliklə gözləyən böyük bir seyrçi kütləsi vardı. Hər səhnə oyunu ilə yeni bir obraza, yeni bir qəhrəmana ömür verirdi. Amma öz ömrü çox qısa oldu, cəmi 42 il. Vəfatından 24 il keçsə də, Azərbaycan tamaşaçısı səhnəmizin gülərüzlü, gözəl aktrisası Vəfa Fətullayevanı unutmadı…
Vəfa Fətullayeva öz sənətinin vurğunu olan bir aktrisa idi. Səhnəyə çıxanda sanki ona yeni həyat verilirdi. O, sözün əsl anlamında səhnədə obrazlarına həyat verən bir sənətkar idi. Səhnədən zala müsbət enerji ötürmək onun uğurunun əsas amillərindən biriydi və bunun sayəsində aktrisa özünə böyük  pərəstişkar kütləsi qazanmışdı. Şöhrət onun üçün ön sırada gələn məqsədlərdən deyildi. Onu çəkən sənət və onun cazibəsi idi.
Şübhəsiz, Vəfa xanımın səhnə və teatr sevgisi təsadüfi bir maraqdan yaranmamışdı. Azərbaycan teatrının korifey sənətkarlarından birinin ailəsində doğulmuşdu. Şaqraq gülüşü, məlahətli səsi ilə də onu xatırladırdı.
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə dünyaya gəlmişdi. Atası Azərbaycanın xalq rəssamı Nüsrət Fətullayev, anası SSRI xalq artisti Hökumə Qurbanova idi. Bu sənət ailəsində dünyaya göz açan qız rejissorluq fakültəsinə qəbul olunsa da, günlərin birində ixtisasını dəyişib teatrşünas olmaq qərarına gəldi. Amma sonda öz yolunu böyük teatr səhnəsində tapdı.
Onun sənət taleyi Tofiq Kazımovun xeyir-duası ilə başladı. Rejissor Vəfanı yazıçı-dramaturq Ilyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” əsərinin tamaşasında Fəridə roluna dəvət etdi. Bu rolu oynamaq onun üçün əlbəttə, çətin idi. Çünki tamaşaçılar arasında onun ən həssas tamaşaçısı – anası Hökumə Qurbanova vardı. Amma Fəridə rolunu o qədər özünəməxsusluqla, təbii oynadı ki, tamaşaçı ilk gündən Vəfanı sevdi. “Məhv olmuş gündəliklər” ona uğur gətirdi.
Vəfanın gələcək səhnə həyatının taleyini  Fəridə obrazı həll etdi. Bu rol, doğrudan da, onun ürəyincə oldu…
Bundan sonra Vəfa bir-birinin ardınca tamaşalarda gözəl, yaddaqalan obrazlar yaratdı. I.Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində Gülgəz, N.Hikmətin “Məhəbbət əfsanəsi”də Şirin, N.Xəzrinin “Sən yanmasan”ında Tənzilə, M.F.Axundovun “Müsyö Cordan və dərviş Məstəli şah”da Şərəfnisə, U.Şeksprin “Heç nədən hay-küy”də Beatriçe, M.Ibrahimovun “Kəndçi qızı”nda Bənövşə, Anarın “Sizi deyib gəlmişəm”də Zeynəb rollarını böyük ustalıqla yaratdı.
Çəkildiyi “Göz həkimi”, “Alov”, “Atayevlər ailəsi” televiziya tamaşalarındakı rolları isə Vəfa Fətullayevanı milyonlarla tamaşaçıya sevdirdi. Televiziya tamaşalarında Vəfanın bir sənətkar kimi görünməyən tərəfləri üzə çıxdı, Vəfa baş rolların ən yaxşı ifaçısı kimi şöhrət qazandı. Xarakterindəki çılğınlıq, emosiya, kövrəklik və xanımlıq səhnədə bir-birini tamamladığından, Vəfa səhnəmizin ən çox sevilən və səhnəmizə ən çox yaraşan aktrisalarından birinə çevrildi.

Anaya məktub

Vəfanın anasına məktubunda T.Kazımovun onun sənət taleyindəki yeri daha aydın görünür. O, sonralar da Vəfanın həyatında mühüm məqamlarda xatırlanır:

“Salam, mənim əziz anam! Biz özümüzü çox yaxşı hiss edirik. Düzdür, burda bir az istidir, amma eybi yox, dözmək olar… Mənim də işlərim pis getmir. Dünən Tofiqin yanında olmuşam. Məni çox yaxşı qarşıladı və biz oturub xeyli dərdləşdik. Mən ona hər şeyi dedim. Dedim ki, Gülgəzdən sonra bir dənə də olsun xoşuma gələn rolum olmayıb. Dedim ki, əhvalım yaxşı deyil. Çox narahatam. O mənə dedi ki, mənim yanımda özünü çox günahkar hiss edir. Çünki vaxtilə məni teatra gətirməyini özü səndən xahiş edib, amma indi bir əsər də işləyə bilmir mənimlə. Bu sözlərindən sonra mən ona deyə bilmədim ki, nəinki səndən, o mənim özümdən də dəfələrlə teatra gəlməyimi xahiş edib. Mən başa düşdüm ki, o hər şeyi çox gözəl xatırlayır. Yadına salmağa ehtiyac yoxdur… O özü də etiraf etdi ki, indi bütün sahələrdə ona həmişəkindən daha çətindir. Sonra da dedi ki, səndən ötrü bərk darıxıb. Səni görmək, oturub söhbət etmək istəyir. O mənə məişət qayğılarından, onu narahat edən problemlərdən danışdı. Xahiş etdi ki, ona tez-tez baş çəkim və onunla söhbətə vaxt ayırım. Qısası, biz həmin gün xeyli dərdləşdik. Sən təsəvvür edə bilməzsən ki, gənc aktyorlarımız sənin üçün nə qədər darıxıblar. Səni hər gün məndən soruşurlar, salam göndərirlər. Xahiş edirlər sənə çatdırım ki, tez gələsən. Yolunu səbirsizliklə gözləyirlər. Sən görərdin Moskvadan qayıdanda onlar mənim üstümə necə düşdülər… Qısası, onlar səni çox sevir və yolunu gözləyirlər. Bütün kollektivin sənə salamı var. Hələlik bu qədər. Məktubunu gözləyirəm. Mənə görə narahat olma, tez-tez nənəgildə oluram.
Öpürəm. Vəfa.”

Səhnədə tapdığı xoşbəxtliyi görəsən, Vəfa həyatda necə, tapa bildimi? Bu suala cavab vermək çətindir, ancaq həqiqət olan budur ki, səhnəni sevdiyi kimi Vəfa həyatı da, insanları da sevirdi. Nə yazıq ki, 42 yaşında ölüm obrazını oynamalı oldu. Səhnədə yox, həyatda. Bu, Vəfanın sonuncu rolu idi…

Ömür vəfa etsəydi…

Vəfa xanım ailə qurmuşdu. Hətta teatrdan gedəcəyini də qət etmişdi. Ancaq özü qurduğunu özü də dağıtmalı oldu. Ailəsi onun aktrisa olmasını istəmirdi. Həyat yoldaşı onu ev xanımı, gələcək uşaqlarının anası kimi qəbul edib ailə qurmuşdu. Vəfa bunu gözəl bilirdi. Amma şərti özü pozdu. Günlərin birində yenidən anasının yanına qayıtdı. Hökumə xanım Vəfanı tək qızı kimi deyil, bir rəfiqəsi, dostu, sirdaşı kimi sevirdi. O, Vəfasız yaşaya bilməzdi.

Vəfa Fətullayevanın əmisi oğlu, musiqişünas Hafiz Fətullayev:
“Onda o qədər həyat eşqi var idi ki, qoymazdı bir adam onun yanında darıxsın. Həmişə eyniaçıq idi. Hökumə xanımın həyatındakı boşluğu o doldururdu. Bir-birilərini hədsiz dərəcədə çox sevirdilər. Hökumə xanım Vəfanı tək qızı kimi deyil, bir rəfiqəsi, dostu, sirdaşı kimi sevirdi. O, Vəfasız yaşaya bilməzdi. Onların arasında heç vaxt soyuqluq olmayıb. Ömrümdə görməmişəm ki, aralarında söz olsun.
Vəfanın ölümündən 2 ay sonra əmim vəfat etdi. Vəfanın ölümü onun üçün böyük faciə idi. Sevimli qızının ölümündən sonra Hökumə xanım da xəstələndi. Vəfanın ölümündan 10 gün keçəndən sonra onun haqqında “Ömür vəfa etsəydi” verilişini hazırlamağa başladım. Verilişdə Vəfanın yaşadığı ev, ata-anası, teatra gəlməsi, yaradıcılığa başlaması – hamısı əhatə olunmuşdu. Veriliş çox gözəl alındı. Hökumə xanım həmin verilişə “Leçkomissiya”da baxdı. Yadımdadır, bütün həkimləri palataya yığmışdı. Mən də, o da verilişin necə olacağı barədə həyəcan keçirirdik. Verilişdən sonra məni qucaqlayıb öpdü. Veriliş çox xoşuna gəlmişdi. “Ürəyimdən tikan çıxardın” – deyə doluxsundu”…
Həyatda hər kəs taleyinə düşən ömrü yaşayır. Amma əsl səhnə adamı öz ömründə bir neçə ömrə həyat verir, yaratdığı gözəl, unudulmaz obrazlar insanların yaddaşına əbədi həkk olunub qalır. Belə obrazlar həmin sənətçinin yaradıcılıq uğurlarına möhür vuraraq onun taleyinin bir parçasına çevrilir. Illər keçir, zamanın rüzgarı çox şeyi sovurub aparır, amma belə sənətkarların qoyduğu izləri heç bir qüvvə silə bilmir. Onlar zamanı qabaqlayan insanların yaratdıqları gözəl dəyərlər kimi daim yaşayır. Vəfa Fətullayeva da belə insanlardan biriydi…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir