“Zindan iki heca, Mehmedim, lafda…”

 Bu millətə kim əhli-namus olur,  

Olanlar ya mənfi, ya məhbus olur?

 (Ismail Safa)

Keçən ay Azərbaycanın 18 illik hökuməti 19 yaşlı cəbhəçi fəal Cabbar Savalanlını həbsə atdı. Bu gənci yaxından tanımasanız belə, bircə dəfə üzünə baxmaqla üstünə atılan böhtanın saxta olduğunu anlarsınız. Necə ki, onu həbsxanada ziyarət etmiş, onunla söhbət aparmış hüquq müdafiəçiləri bunu etiraf edirlər. 

Cabbarın evində gördüklərim, onun yazdıqları, həbsxanadan göndərdiyi mesajlar məni də çox təsirləndirdi. Doğrusu, bu hissləri böyük Türk şairi, “həbsləri üniversitet illərindən çox olan” Nəcib Fazil Qısakürəyin həyatı haqqında oxuduğum zaman keçirmişdim. Nəcib Fazil xatirələrində yazırdı: “Qırx illik həyatımda gecələrin ən işgəncəlisi məni sabaha, həbsxanaya girdiyim sabaha bağlayan gecədir. Evimdə keçirdiyim o son gecə. Qərarım hazırdı: Sabah erkəndən gedib ”buyurun, həbs edilməyə gəldim!” deyəcəkdim. Təpədən enmə, xəbərsiz gələn faciələrmi daha təsirlidir, şüurla, addım-addım, bilinə-bilinə gələnlərmi? Ayırd edə bilmirəm!..”.
Bu həmin şairdi ki, fərqli düşüncələrinə, inancına görə 1943-cü ildən başlayaraq 1947-1950, 1951-1952, 1957-1959 və 1960-cı illərdə dəfələrlə həbsxanaya düşüb. Haqsızlığa uğradığı həbsini oğluna xitabən yazdığı məktubda belə ifadə edib:

Zindan iki heca, Mehmedim, lafda,
Baba qatiliylə baban bir safda…

Cabbarın atası illər öncə rəhmətə gedib, şəkli indi də bu ailənin evində asılı olan Əbülfəz Elçibəyin dəfn olunduğu gün… Polis də Cabbarı gecə evə dönərkən, anasından və məktəbli qardaşından xəbərsiz həbs edib. Həm də şairin yazdığından fərqli, daha kobud, daha primitiv formada – onu gecə bölmədə psixoloji təzyiqlərə məruz qoyaraq…

Bu gənc tələbənin həbs motivinin də məhz onun siyasi fəaliyyəti, ölkədəki polis rejiminə etirazı ilə bağlı olduğu kimsəyə sirr deyil. O, demokratik düşüncəli, inanclı bir Türk millətçisidir, hətta facebook-dakı profilində də ülküçü olduğunu yazıb.

Cabbarın qəzet və internet səhifələrində dolaşan fotoları insanın ürəyini titrədir: fotoların birində o, Azərbaycan bayrağına sarılıb, o birində bayrağı öpür. Siz bu iqtidarda təmsil olunan hansı məmurun övladının bayrağı öpdüyünü görmüsünüz? Siz belə ailələrdə tərbiyə alan gənclərin nə zamansa valideynlərinin verdiyi cib xərci ilə bayraq aldığını eşitmisinizmi? Xeyr. Amma onların adlarının vaxtaşırı ən əxlaqsız qalmaqallarda hallandığını hamımız yaxşı bilirik.

Biz Cabbarın həbsindən sonra sadə bir Azərbaycan ailəsinin – Savalanlı ailəsinin timsalında ən yüksək dəyərlərin və vətənpərvərliyin necə qorunduğunu gördük. Indi bu rejimin belə təmiz bir ailəni ləkələmək və gözəl arzularla qaynayan saf bir gənci doğru yoldan döndərmək qabalığının bumeranq kimi özünə qarşı çevrildiyini müşahidə etməkdəyik. Başqa cür ola da bilməz. Belə ailələrin yetişdirdiyi gənclər toplumun ən böyük dəyəridir və belə dəyərləri itirmək bu ölkədən üz çevirib onu dəyərsiz bir qrupa təslim etmək olardı…

P.S. Gənclik illərində siyasi fəaliyyətinə görə 40 günlük həbs cəzası alan bir dostum danışmışdı ki, günlər uzunu qaranlıq kamerada qaldıqdan sonra ona 3-5 dəqiqəlik havaya çıxmaq imkanı verilib. O həmin an yaşıllığa baxarkən gözlərinin necə qamaşdığını və bu göz qamaşmasının ardından yenidən qaranlığa dönməsini xatırladığı zaman çox təsirlənmişdim… Amma Cabbarın yaxın zamanda o qapalı yerdən çıxaraq çox sevdiyi bayrağımızın mavi, qırmızı, yaşıl rənglərinə yenidən sarılacağına və bir daha heç vaxt ora dönməyəcəyinə inanıram.