Sabirabaddakı mitinq qismən fayda verdi

Kəmaləddin Heydərovun müavini aksiya keçirənlərlə görüşdü

 

Dünən Fövqəladə Hallar Nazirliyinin komissiyası Sabirabad rayon Icra Hakimiyyətinin binasında 2010-cu ilin yazında daşqına məruz qalmış kəndlərin sakinləri ilə görüş keçirib.
Görüşdə Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı kəndlərinin 30-a yaxın nümayəndəsi iştirak edib. Bu kəndlərin sakinləri fevralın 24-də korrupsiyaya son qoyulması və daşqından sonra çıxılmaz vəziyyətdə qalmış əhalinin sosial-iqtisadi problemlərinin həll edilməsi tələbi ilə mitinq keçiriblər.
Mitinq iştirakçılarından biri “Turan”a bildirib ki, komissiyanın rəhbəri – FH nazirinin müavini Orucəli Hacıyev daşqından zərər çəkmişlərin şikayətlərini dinləyib və qısa konsultasiyadan sonra problemlərin aradan qaldırılması üzrə tədbirləri elan edib. Ilk növbədə sakinlərə adambaşına 150 manat, hər 1 ha torpaq sahəsinə görə 100 manat həcmində birdəfəlik kompensasiya ödəniləcək. Yaxın gələcəkdə bərpa məqsədilə evlərə və tikililərə dəymiş ziyanın qiymətləndirilməsi üçün bölgəyə komissiya gələcək.
Həmçinin, kəndlərin stabil olaraq elektrik enerjisi ilə təmin edilməsinin bərpası, yolların təmiri və s. vəd olunub.
Qeyd edək ki, Sabirabad rayonunun kəndlərində daşqından sonra sosial-iqtisadi vəziyyət ağır olaraq qalır, belə ki, hökumət zərərçəkmişlərə adekvat yardım göstərməyib.
Material itkilər ödənilməyib, evlər, kənd təsərrüfatları, yollar bərpa edilməyib