Məhəmməd Talıblı: «Bu, gömrükdəki yeni qaydalar və neftin qiymətilə bağlıdır»
Rövşən Ağayev: «Əhalisi idxal olunan ərzaqdan, idxalı isə inhisarçılardan asılı olan ölkədə bu proses qaçılmazdır»
Azərbaycan bazarında qiymətlər sürətlə artır. Son günlər yağ, yumurta və bir sıra başqa ərzaq məhsullarının, eləcə də tikinti materiallarının qiymətində nəzərəçarpacaq artımlar müşahidə olunur. Bahalaşmanın hansı səbəblə bağlı olduğunu iqtisadçı Məhəmməd Talıblıdan soruşduq.
M.Talıblı deyir ki ki, əsas səbəblərdən biri gömrükdə tətbiq edilən yeni qaydalardır: “Azərbaycana bir sıra ərzaq məhsulları Avropadan və qonşu ölkələrdən, tikinti məhsulları isə əsasən MDB məkanından gətirilir. Dünyada da bu məhsulların qiymətində dəyişiklik var. Amma əsas fərq malların ölkəyə daxil olmasından sonra yaranır. Bu da Azərbaycandakı bahalaşmanın əsasən gömrük prosedurlarındakı yeniliklə bağlı olduğunu ortaya çıxarır. Gömrük işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə bugünlərdə fərman imzalanıb. Həmin fərmana əsasən gömrük sistemində büdcədən kənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi gömrük işçilərinin aylıq məvacibinə əlavə kimi veriləcək. Bu da onlara əlavə bir stimul yaradıb. Fonda nə qədər çox vəsait daxil olsa, bu, onların əmək haqlarına bir o qədər təsir göstərəcək. Paralel olaraq korrupsiya və monopoliya amilləri də var. Bu amillərin hər ikisi qalmaqda və öz təsirini göstərməkdədir”.
M.Talıblının sözlərinə görə, bahalaşmanı yaradan digər səbəb dünya bazarında neftin qiymətinin artmasıdır: “Son bir neçə ildə neftin qiyməti bu qədər qalxmamışdı. Dünyadakı Misir dalğasından sonra neftin qiyməti bahalaşıb. Yüksələn qiymət də digər məhsulların bahalaşmasına səbəb olub”.
Bu arada siyasi hakimiyyətin yuxarı pilləsində dayaqları olan müxtəlif qrupların son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizədən narazı qaldığı və hakimiyyətə təzyiq göstərmək üçün bəzi ərzaq məhsullarını qəsdən bahalaşdırdığı barədə də xəbərlər yayılır. Iqtisadçı ekspert Rövşən Ağayev “Media forum”a bildirib ki, bu istiqamətdə deyilənlərlə birmənalı razılaşmaq çətindir: “Doğrudan da hakimiyyətdaxili qrupların belə təsir imkanı varsa, deməli, artıq mərkəzi hakimiyyətin iqtisadi proseslər üzərində nəzarəti əldən verdiyi barədə düşünmək lazım gəlir”.
R.Ağayevin fikrincə, ölkənin xarici ticarətinin ən yüksək səviyyədə himayə edilən inhisarçı qrupların təsiri dairəsində olduğu şübhəsizdir: “Amma nəzərə alaq ki, hakimiyyətin başlatdığı antikorrupsiya kampaniyasına start veriləndən indiyədək ərzaq idxalını himayə edən iri məmurların mənafeyinə toxuna biləcək heç bir addım atılmayıb, onları narahat edəcək kiçicik bir mesaj da verilməyib. Indi həmin qruplar onların mənafeyinə təhlükə yaratmayan, daha çox görüntü xarakteri daşıyan bir proseslə niyə mübarizə aparsınlar ki? Əksinə, son vəzifə təyinatlarında həmin qruplardan birinin hakimiyyətdəki mövqelərinin bərkidiyi nəzərdən qaçmadı. Bunları gözə alanda ərzaq bazarındakı son bahalaşmalarla antikorrupsiya kampaniyası arasında real bağların olduğunu iddia edə bilmirəm. Azərbaycanda son illərdə ərzaq məhsullarının idxalı həmişə inhisarçıların sərt nəzarəti altında olub, qiymətləri məhz həmin qruplar diktə edib. Onlar 2007-ci ildən sonra dünya bazarında neftin qiymətinin sürətli artımı nəticəsində beynəlxalq birjalarda ərzağın bahalaşmasından yararlanaraq ölkədə qiymətlərin üstün templə bahalaşmasına və bu yolla qısamüddətli dövrdə daha çox qazanc götürməyə çalışıblar. Son günlər neftin qiymətinin 3 il öncəki tarixi pikə yaxınlaşması fonunda dünyada ərzaq məhsullarının da dəyəri artıb. Bu səbəbdən ölkədə idxalı nəzarətdə saxlayan qrupların fəallaşması müşahidə olunur”.
R.Ağayev hesab edir ki, əhalisi idxal olunan ərzaqdan, idxalı isə inhisarçılardan asılı olan ölkələrdə oxşar proseslərin baş verməsi qaçılmazdır: “Bu baxımdan əgər gerçək antikorrupsiya mübarizəsi haqda danışmalı olsaq, ölkədə inhisarçılığın dağıdılmasına, həmin inhisarları himayə edən məmurların cəzalandırılması tədbirlərinə start verilməlidir”.
Gültəkin