Azərbaycan Silahlı Qüvvələri Bakı hərbi birləşməsinin komandirinin vəzifəsinin icrası həmin birləşmənin qərargah rəisi Nazim Hüseynova həvalə edilib. Eyni zamanda birləşmənin əməliyyat şöbəsinin rəhbəri, Milli Qəhrəman Fəxrəddin Cəbrayılov komandirin müavini təyin olunub. Bu barədə milaz.info hərbi informasiya saytı məlumat yayıb.
Xatırladaq ki Bakı hərbi birləşməsinin keçmiş komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ötən həftə ölkənin qərbində yerləşən iri hərbi birləşmənin komandiri vəzifəsinə keçirilib. Bu, fevralın 20-də həmin birləşmənin cəbhə xəttinə yaxın hissələrindən birində baş vermiş kütləvi qətl hadisəsindən sonra baş verib.
Hadisə nəticəsində 7 əsgər həlak olub. Rəsmi orqanlar indiyədək baş verənlərlə bağlı aydın şərh vermirlər.
Qeyri-rəsmi hərbi mənbələr isə bildirirlər ki, qətl hərbçilər arasında nizamnamədənkənar hərəkətlər zəminində baş verib. Bu insident ən yüksək səviyyədə ciddi araşdırma mövzusu olub və prezidentin fərmanı ilə hərbi birləşmənin rəhbərliyi dəyişdirilib.
Əvvəlki komandir Çingiz Şəfiyev vəzifəsindən azad olunub, eyni zamanda onun hərbi rütbəsi də bir pillə aşağı endirilib. Əkbərov və Cəbrayılov 1995-ci ilin martında keçmiş XTPD-nin qiyamının yatırılmasındakı xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər.

Rövşən Əkbərovun yerini Nazim Hüseynov tutdu
•