Möhtərəm cənab prezidentin özü!

Dünya çalxalandıqca çalxalanmaqdadır. Tunisdə ortaya çıxan, belə desək, devrim gölü, tezliklə böyüyüb devrim dənizinə çevrildi. Uzaq gözləntimizdəki Çin də çevrəyə girəndən sonra biz devrim okeanından danışa bilərik. Ərəb dövlət başçıları qorxuya düşərək xalqdan oğurladıqları pullardan xalqın başına səpməkdədirlər. Bunlar az-çoxluğundan asılı olmayaraq xalq acığına, devrim qorxusuna reaksiyalardır. Gecikmiş, çağı keçmiş reaksiyadır, ancaq reaksiyadır. 
Bizdə… bizdə bu da yoxdur. Ərəb ölkələrindəki devrimlərin aparıcı gücləri başlıca olaraq universitet tələbələri – gənclərdir. Ərəb dövlət başçıları buna görə tələbələrə ayrıca qayğı göstərərək onlara sürəkli pul yardımlarında bulunurlar. Bu yolla onlar tələbələri devrim istəyindən yayındırmağa çalışırlar. Bizdə tələbələri devrim istəyindən yayındırmaq üçün nə etsələr yaxşıdır? Ərəb ölkələrindəki devrimləri “şeytan Amerikanın” törətməsi ilə bağlı Iran mollaları xalqı aldatmağa çalışdığı kimi, bunlar da oxşar yalanlarla tələbələri aldatmağa çalışırlar. Bunlar görünüşcə ayrı olsalar da (biri əmmaməli, o biri əmmaməsiz) ideya-yol baxımından birdilər. Gerçək, radikal reformalara başlamaq yerinə, söz bazarı açırlar…

“Möhtərm cənab” mənim sözüm deyil, ola bilməz. Birincisi, bu, əliyevçi rejim nökərlərinin deyimidir. Ikincisi, bu da “ümummilli lider” deyimi kimi anormal deyimdir. Dönə-dönə yazmışam, bir daha yazıram: milli lider olur, “ümummilli lider” olmur. Milli lider olmayan, ola bilməyən istənilən kimsəyə “ümummilli lider” adı xalqı aldatmaq üçün verilir. Istəsəniz bunu ingilis dilini GÖZƏL bilən Azərbaycan prezidenti Ilham Əliyevin Azərbaycan dili müəllimi yarımakademik Nizami Cəfərovdan da öyrənə bilərsiz.
Dilçi-yarımakademik N.Cəfərov qorxusundan, eləcə də dövlət başçısına yarınmaq istəyindən sizə gerçəyi deməyəcək. Düzünə qalsa, N.Cəfərof dilçi-yarımakademik olsa da, başqa kolleqaları kimi onun da dil bilgisi xeyli… dayazdır. Buna görə də, az qala 18 ildən bəri dilçi-yarımakademik Nizami Cəfərovu özünə müəllim-repetitor tutan (çoxlu pullar, görəv-mandat verməklə!) I.Əliyev çağdaş dilimizi hələ də gərəyincə bilmir. Indiki dil bilgisi ilə I.Əliyev, Misir Mərdanov imtahanından, sözsüz, “5″-lə çıxar, ancaq… Məleykə Abbaszadə testindən keçə bilməz!

Dövlət başçısı, (deməli, dövlət dilinin başlıca qoruyucusu) I.Əliyevin müəllim-repetitoru Nizami Cəfərovun bilməsi üçün: “möhtərəm” də, “cənab” da ərəb sözüdür. Hər ikisi bizim dildəki bir anlayışı bildirir: SAYĞILI. Biz niyə, kimliyindən asılı olmayaraq, prezidentə öz dilimizdə “sayğılı prezident” deməyək? Bizdə başqa bir ərəb sözü də çox işlədilir: “hörmətli”. Bu da bizim dildə SAYĞILI deməkdir. Düzünə qalsa, indilikdə başlıcası bu deyil; indilikdə başlıcası prezidentin bir qrup yalaq-yaltaq üçün deyil, hamı, bütün xalq üçün sayğılı, sevimli olmasıdır. Prezident olan kimsə daha çox buna çalışmalıdır. Buna çalışmayan, bütün ölkəyə özünün, ailəsinin korporasiyası kimi baxan bütün prezidentlər sonda Bin Əlinin, Mübarəkin, Qəzzfinin gününə düşürlər, düşəcəklər!

I.Əliyevə burasını düşünmək gərək. Düşünmür. Antikorrupsiyadan danışa-danışa xaraktercə korrupsionerin birisini Daşkəsənə başçı qoyur. Nə başçısı? Deməli, korrupsiya başçısı! O yandan qarşısıalınmaz devrim dalğası gəlir, burada bunlar yalançı kadr yerdəyişmələri, antikorrupsiya oyunlarıyla baş qatırlar. Kimin başını? Bunlara görə xalqın başını qatırlar. Ancaq xalq bu gün bütünlüklə başqa yerə baxır – devrim dənizinin dalğalandığı yerə! 
18 ildən bəri atası ilə birgə aqrar sektoru darmadağın eləyən I.Əliyev indi bu sektorun “dirçəlişi” üçün 5 milyon manat pul ayırır. Bu da bir imitasiyadır. Indilikdə aqrar sektora 5 milyard da azdır.