Əliyevin bacardıqları

“Azadlıq” qəzeti “Əliyevin bacarmadığını Saakaşvili bacardı” başlığıyla bir yazı çap eləyib.

Söhbət ondan gedir ki, Türkiyə ilə Gürcüstan arasında olan viza rejimi qaldırılıb. Bundan sonra hər iki ölkənin vətəndaşları biri o birinə sadəcə şəxsiyyət vəsiqəsi ilə gedib-gələ biləcəklər. Hələ buna qədər isə onlar icazə almadan o biri ölkəyə daxil ola və 3 ay orada qala bilərdilər. Bu lüks Azərbaycan vətəndaşları üçün iki ay hesab olunur, həqiqətdə isə belə deyirlər ki, bu müddət cəmi bir ay imiş. Bir aydan artıq qalmaq üçün Türkiyəni tərk eləmək və yenidən qayıtmaq gərəkmiş. Türkiyə vətəndaşları isə Azərbaycana yalnız viza ilə gələ bilərdilər.Indi Gürcüstan vətəndaşları Türkiyəyə öz ölkələri kimi rahat səfər eləyə biləcəklər. Sadəcə, şəxsiyyət vəsiqəsində bilgilərin latın hərfləri ilə də yazılması yetərlidir və artıq Gürcüstanda bu işlə məşğul olmağa başlayıblar. 
Belə çıxır ki, əslində, Türkiyə ilə bir millət iki dövlət olan gürcülərmiş…

Əlbəttə, gürcü lideri öz vətəndaşları üçün böyük iş görüb. Bunu danmaq doğru olmazdı. Ama bu o demək deyil ki, Ilham Əliyevin xidmətləri, elədikləri kiçildilsin və ya onun nəyisə bacarmadığı qabardılsın.

Məsələn, dünən “Azadlıq” radiosunun saytında yumurtanın qiymətinin qalxması ilə bağlı xəbərin düz yanında bir ailə tablosu vardı. O fotonu Qusarda Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında çəkiblər. “Açılışa prezidentin xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev də qatılıb”,- məlumatda deyilir və bu, şəkillərdən də aydın görünür.

Kanat yolunu sınaq məqsədilə prezident işə salıb. Daha sonra Ilham Əliyev və Mehriban Əliyeva xizək sürüblər. Yumurtanın qiymətinin bu xəbərə heç bir aidiyyəti yoxdu, sadəcə, yerini nişan vermək üçün dedim. Məgər bu balaca işdi? Bunu bir qırağa qoyaq hələ.

Mişa bizim dövlət başçısı qədər körpü tikilməsi üçün sərəncam verə bilərmi? Hələ körpünü inşa eləyib başa çatdırmağı, başa çatdıran kimi təmirə saxlamağı, təmirdən sonra körpünü bağlayıb altından yeraltı yolötürücüsü salmağı, sonra yenidən açılış eləməyi və ardınca yenidən körpünün təmirə bağlanmasını demirəm. Buna ancaq bizimkinin gücü çatar. Mişa bunu bacarmaz!

Sonra. Mişa atasına bu qədər demirəm, bir ədəd heykəl, ya heç olmasa büst qoydura bilərmi? Ortalıqda heç bir fakt yoxdu!
Heykəl demişkən, hansı oğulun duxu çatardı, devrilmiş bir diktatorun heykəlini göz bəbəyi kimi qoruyub saxlaya bilə? Söhbət Mübarəkin Xırdalandakı heykəlindən, onun adına olan məktəbdən gedir. Dünya onun hesablarını bağlayır, özünə ölkəsindən çıxmaq yasaq olunur, ama Azərbaycanda onun heykəlinin qorunması üçün büdcədən əməlli-başlı vəsait ayrılır.

Sonra. Cabbar Savalanlı məsələsi. Elə bilirsiz, gənc bir adamın cibinə narkotik atıb tutmaq asan məsələdi? Mən hələ bu günəcən Gürcüstan prezidentinin kiminsə cibinə nəşə atdırıb tutdurduğunu eşitməmişəm. Onu da eləməyə təpər lazımdı.

Düzünü desəm, mən heç Mişanın xizək sürməyi bacardığına da inanmıram. Hələ korrupsiyaya qarşı müharibə elan eləyə bilməməsi bir yana dursun. Bacarsaydı, o da savaş açardı korrupsiyaya. Bu cür müqəddəs işin əvəzinə gedir Rusiyaya torpaq savaşı açır. Heç dəxli var?
Dediyim odu ki, Ilham Əliyevin bacardığı çox şey var ki, Mişa onu yuxusunda belə görə bilməz. Ancaq kiçik bir köşədə bunları açıb-ağartmaq olmaz. Onlar tarix boyu yazılacaq, deyiləcək. Lap yaxın tarixdən başlayaraq.