Mirmahmud Mirəlioğlu: «Əhməd Oruca imkan verək danışsın, susanda hər şey məlum olacaq»
“Bütün baş verənlərdən sonra indi belə danışmaq Allahsızlıqdır”. KXCP sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında deyib ki, Demokratiya Uğrunda Ittifaqın fəaliyyətinin dayandırılması ilə bağlı qərardan sonra mətbuatda həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına təəssüf edir:
“Bütün bunların hamısı ilə bağlı məsələni keçmiş müttəfiqimizin və dostumuzun vicdanına buraxıram. Təəssüf edirəm ki, Əhməd Oruc həqiqətə uyğun olmayan məsələlər danışır. Imkan verək danışsın. Susanda isə hər şey məlum olacaq. Bunu özləri də bilir. Ancaq bütün mətbuat və cəmiyyət də bilsin ki, iki ay Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan DUI-nin tədbirlərində iştirak etmirdi. Fevralın 21-də DUI-nin buraxılması məsələsi müzakirəyə çıxarılanda 3 nəfər lehinə, 1 nəfər isə əleyhinə olub. Həmin 3 nəfər lehinə səs verənlərdən biri də Vüqar Bəyturan olub”. Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan isə M.Mirəlioğlunun açıqlamasına təəssüf etdiyini deyib: “Mirmahmud Mirəlioğlu həqiqəti əks etdirməyən açıqlama verib. Hər halda Mirmahmud Mirəlioğlunun belə açıqlama verməsinə inanmıram. Çünki bu, ağ yalandır. Mən DUI-nin dağılmasına deyil, inkişafına, tərəqqisinə tərəfdar olmuşam. Mənim 2 ay DUI-nin fəaliyyətində iştirak etməməyimə gəlincə, bu xəstəliyimlə bağlı olub”. Onun sözlərinə görə, DUI fəaliyyətini davam etdirir və qurumun genişlənməsi istiqamətində də işlər görülür.