kiv-df

Gilançay vadisinin tarixi incisi – Gilan türbəsi

Ticarət karvanlarının üstündəki şəhər

Ordubad şəhərinin unikal abidələrindən bir çoxu ərazidəki heyranedici gözəlliyi olan Gilançay vadisində yerləşir. Xaraba Gilan, Aza, Biləv, Dizə və başqa kəndlərdə ilk orta əsrlər dövrünə aid çoxlu qiymətli abidələr var. Zamanında Cənubi Azərbaycanla Naxçıvanı, eləcə də Qafqazın digər mədəniyyət mərkəzlərini birləşdirən mühüm ticarət yollarından biri məhz Gilançay vadisindəki Dizə və Biləv kəndləri ərazisindən keçirdi. Orta əsrlərdə ticarət karvanlarının təhlükəsiz hərəkəti üçün Biləv kəndi ərazisindəki sıldırım qayalar arasından Əlincə qalası istiqamətində gedən yolun böyük əhəmiyyəti vardı. Gilan-Naxçıvan karvan yolu Gilançayın sol sahili boyunca şimal istiqamətində uzanaraq indiki Biləv kəndinin cənubundan qərb istiqamətinə – Əlincə qalasına doğru çevrilir. Gilançaydan karvanların rahat keçməsi üçün burada ikiaşırımlı daş körpü tikilmişdi. Indi körpünün iri aşırımının üst hissəsi uçulub dağılıb.

Gəmiqayanın cənub ətəyindən keçən qədim dağ yolu üzərində, Qaranquş yaylağındakı orta əsr qəbir abidələrini də yerli əhali Babəkin döyüşlərinə aid edir. 
Xaraba Gilan şəhər yeri ərazisində yerləşən möhtəşəm abidələrdən biri XII əsrə aid edilən Gilan türbəsidir. Türbəni yerli əhali 1979-cu ildə təsadüfən aşkarlayıb. Abidə ölü şəhərin mürəkkəb relyefinin ən fəal nöqtələrindən birində, iri bir təpənin yamacındadır. Quruluşca Marağa şəhərindəki Qırmızı Günbəd türbəsinə bənzəyən türbənin üst qülləsi dağılmış, sərdabəsi isə yaxşı qalmışdır.

Sərdabənin planı daxildə səkkizbucaqlı, xaricdə isə düzbucaqlıdır. Içərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir.

Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində ucalan göbələkvari – yuxarıya doğru genişlənən sütuna dayanır. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədə – Marağadakı qırmızı günbəz (1148) və Naxçıvandakı Mömünə xatun (1186) türbələrinin sərdabələrindən bəllidir.

Naxçıvan-Marağa memarlıq məktəbinə aid türbələrdən biri

Gilan türbəsi üçüncü örnək olmaqla quruluşca daha sadədir və tikinti texnikasının səviyyəsinə görə onlardan xeyli geri qalır. Maraqlıdır ki, hər üç abidə Azərbaycanın mərkəzi hissəsində – Naxçıvan-Marağa memarlıq məktəbi zonasındadır. Ancaq Gilan türbəsinin konstruksiya baxımından ən yaxın analogiyası Türkiyə ərazisində qalır.
Xaraba Gilan türbəsinin ümumi kompozisiyası mərkəzi Azərbaycanın XII əsr türbələri, xüsusilə Qırmızı Günbəd türbəsi ilə bir üslubda olmuşdur. Gilan sərdabəsi ətraf qayalardan qoparılmış lay daş parçalarından tikilmişdir. Içərisinə nisbətən onun bayır üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli aparılmışdır. Interyerdə tavan və döşəmə tamamilə, eləcə də divarların və mərkəzi dayağın hörgü daşlarının arası ağ məhlulla suvanmışdır. Tünd boz rəngli daşlar təbii biçimləri və codluğu ilə bu ağ yerlikdə özümlü dekorativ düzüm əmələ gətirir. Bütövlükdə isə, sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm quruluşuna əsaslanır. Burada möhkəm və səmərəli mühəndis quruluşu funksiya və ideya məsələlərinə, estetik tələblərə də uğurla cavab verir.
Bayırda sərdabə qatının üstündə Qırmızı günbəz türbəsində olan sayaq kubvari tutumlu gövdə ucalırmış. Uçub dağılmış və dövrümüzə yalnız kiçik fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən yığılmış mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin künclərini silindrik kərpic sütunlar qapayırmış. Bu sütunlardan birinin alt bölümü qalmışdır. Abidənin bəzəyində göy rəngli kaşı lövhələr də işlədilmişdir. Abidənin ikiqatlı oynaq bayır tutumunun dağ döşündə necə göründüyünü təsəvvür etmək olar.

Gilan sərdabəsi memarlıq quruluşuna görə Şərqi Anadolunun Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin (XII əsrin əvvəli) alt qatı ilə demək olar ki, eynidir. Hətta bu hər iki sərdabənin ölçüləri, həcmi və hündürlüyü də bir-birinə olduqca yaxındır. Ancaq nisbətlərin ağırlığı, memarlıq elementlərində və hörgü işlərində aydın görünən sadəlik onu Türkiyədəki abidədən bir qədər fərqləndirir. Tanınmış alim Cəfər Qiyasi qeyd edir ki, Kemahdakı türbənin də Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndəsi olan bir professorun işi olması ehtimal edilir. Belə ki, həmin illərdə Menqucuqların əsas tikililərini iki azərbaycanlı memar yerinə yetirirdi. Onlardan biri memar Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavuz türbəsi görünüşcə Gilan və Kemah türbələrinə bənzəyir.
Abidənin tarixindən nişan verən dəlillər

Mərkəzi dayaqlı sərdabələrin Marağa-Naxçıvan memarlıq məktəbi zonası üçün səciyyəvi olduğunu başqa bir fakt da sübut edir. XX əsrin əvvəllərində bir gəlmə Naxçıvanda Nuh türbəsi adlanan abidəni belə təsvir etmişdi: “…içərisində pillələrlə enilən məbədin daxili tağları ortadakı daş sütuna söykənən dairəvi mağaraya bənzəyir”. Bu məlumatda da bəhs edilən sərdabələrə bənzər bir sərdabədən söhbət gedir.

Maraqlıdır ki, mərkəzi dayaqlı sərdabələrə Azərbaycanın başqa memarlıq məktəblərində rast gəlinmir. Ancaq Marağa-Naxçıvan zonası üçün səciyyəvi olan bu sərdabə tipinin təkamülünü qısaca belə izah etmək olar. Başlanğıcda örtüyün möhkəmliyini təmin etmək üçün onun ortasında göbələkvari sütun qoyulurdu. Sonralar sütunun uclarını sərdabənin uyğun künclərinə tağlarla birləşdirməklə memarlar bütöv dayaq sistemi yaradırdılar. Bu sistem əsasında tikilən sərdabələr təkcə qeyri-adi möhkəmliyi ilə deyil, həm də biçiminin plastikası, interyerinin ahəngdar gözəlliyi ilə seçilir.

Gilan sərdabəsində türbənin tikilmə tarixini bildirən kitabə qalmayıb. Ancaq yuxarıda göstərilən xüsusiyyətləri, bir də uçuqlar içində qalan memarlıq bəzəyi fraqmentləri abidənin tikilmə dövrünü aydınlaşdırmağa imkan verir. Gilan türbəsinin bəzək ünsürləri və materialları (bişmiş və firuzəyi rəngli şirəli kərpiclərdən yığılmış həndəsi naxışlar və kufi xəttli yazı parçaları, gəc üzərində oyma naxışlar) XII əsrdə Mərkəzi Azərbaycan şəhərlərində tikilmiş bürcvari türbələrin memarlıq bəzəyi və materialları ilə uyğundur. Gilan türbəsi də həmin yüzilin Marağa və Naxçıvan türbələrinin çoxu kimi alt kürsüsü daşdan, üst qatı kərpicdən tikilən, memarlıq dekorunda şirəli kərpiclər işlədilən monumental abidə imiş. Bütün bu xüsusiyyətləri nəzərə alan mütəxəssislər türbənin XII yüzilin sonlarında tikildiyini söyləyirlər.
Gilan türbəsinin kəşfi Azərbaycan memarlıq tarixini maraqlı bir əsərlə zənginləşdirmişdir. Bu abidə, hər şeydən öncə, dünya memarlığında ən bitkin və bənzərsiz konstruktiv sistemləri olan Möminə Xatun türbəsi sərdabəsinin örnəyini – prototipini aydınlaşdırmağa, onun tarixi təkamül prosesini izləməyə yardım edir. Gilan türbəsi eyni zamanda bu növ memarlıq-mühəndis quruluşlarının Mərkəzi Azərbaycanda yerli ənənələr üzərində yaranıb təkmilləşdiyini daha inandırıcı şəkildə sübut edir. Həmin sənət əsəri Marağa-Naxçıvan memarlıq məktəbinin təsir və yayılma dairəsinin dəqiqləşdirilməsi baxımından da dəyərlidir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir