Ədalətin ehtiyatsızlığı

Azərbaycanda bəlkə də prokurorluqdan mağmın qurum yoxdur. Hamı prokurorluğu qapazaltı edir. Bütün cinayətlərə don geyindirmək, qanunsuzluqlara haqq qazandırmaq onların boynuna qoyulub. Gədəbəyin prokuroru açıqlamasıyla bunu bir daha təsdiqləyir. Sən demə, bu rayonun prokurorluğunun çox ciddi araşdırması nəticəsində məlum olub ki, Ədalət Hüseynov öz evini ehtiyatsızlıqdan yandırıb…

Ədalət həyatda yoxdur. Prokurorun dediklərinə şahidlik edəcək adam – Ədalətin həyat yoldaşı da artıq başqa açıqlamalar verir və onun, bu işə dəxli olanların bundan sonra deyəcəklərini hələ bir neçə gün qabaq keçmiş deputat Nazim Məmmədov Allaha tapşırıb. Qarışa bilmərik. Amma dövlət məmurunun dediklərini də qəribçiliyə salmaq olmaz. Baxmayaraq ki, Ədalətin həyat yoldaşı üçün gizli mətbuat konfransı keçirən hakimiyyət bu çağa kimi səsini içinə salmışdı. Amma keçirdikləri mətbuat konfransı və “müstəqil” APA agentliyinin tədbirdən verdiyi xəbər Gədəbəydəkilərin dilini açıb. Yeri gəlib, onu da deyim ki, bu “müstəqil” agentliyin rəhbəri dünən Bakı Dövlət Universitetində “bazar münasibətlərinin formalaşması və özəl (özəli kim necə istəyir qəbul edə bilər – R.H.) informasiya agentliklərinin inkişafı prosesindən…” jurnalistika fakültəsi tələbələrinə mühazirə oxuyub…

Keçək gədəbəylilərə. Məsələ getdikcə qəlizləşir. Dövlətin bu boyda qurumu yalandan açıqlama verməz ki… Məncə, hələ onlar insaflı olublar, hər şeyi deməyiblər. Gədəbəydə baş verənləri və indiyəqədərki açıqlamalırı diqqətlə izləyən adam kimi mən də artıq qapanmaq ərəfəsində olan istintaqa öz töhfələrimi vermək niyyətindəyəm.

Müşahidələrimə əsasən onu deyim ki, Gədəbəyin Zamanlı kənd sakini Ədalət Hüseynov ehtiyatsızlıqdan kasıb olub. Dünyada analoqu olmayan templə inkişaf edən Azərbaycanda işini ehtiyatlı tutan kimsə kasıb ola bilməz. Yeri gəlmişkən, dünən Ilham Əliyev Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş yığıncaqda Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu deyib. Fikir verdiniz də, söhbət həm də regionların sürətli inkişafından gedir. Gədəbəy Azərbaycanın regionlarından biridir. Ədalətin yaşadığı Gədəbəy. Sürətli inkişaf edən bu rayonda qaz olmadığından Ədalət evini meşədən oğurladığı odunla qızdırırmış. Öz meşəsindən… 
Xalqın varını oğurlamaq, ölkənin təbii sərvətlərini talamaq oğurluq sayılmasa da, meşədə bir ağacı kəsmək oğurluqdur. Ədalət işini ehtiyatlı tutub yaltaq, işverən olsaydı indi evində, balalarının yanındaydı.

Ədalət meşəyə də ehtiyatsızlıqdan gedib, ehtiyacdan yox ha, ehtiyatsızlıqdan odun qırıb evinə gətirib balalarını qışın soyuğunda donmağa qoymayıb. Neft-qaz ölkəsi olan vətənində ehtiyatsızlıqdan odun yandırıb. Ehtiyatsızlıqdan cərimələnib. Ehtiyatsızlıqdan inəyini bazara çəkib dəyər-dəyməzinə satıb. Polislərin də evinə soxulmasına, ailəsinin yanında onu təhqir etməsinə, aşağılamasına, döyməsinə ehtiyatsızlıqdan yol verib. Rayon Polis Şöbəsinə də ehtiyatsızlıqdan gedib. Ehtiyatlı adamın polis şöbəsində nə azarı… Prokuror bütün bunları yaxşı bilir.

Atalarımız nahaqdan deməyiblər ki, ehtiyat igidin yaraşığıdır.

Ədalətin ailəsini ona qarşı ifadə verməyə məcbur edənlər, işinizi ehtiyatlı tutun. Ehtiyatsızlığa yol verməyin. Tanrı buynuzsuz qoçun qisasını heç vaxt buynuzlu qoçda qoymur.