AXCP yerli şöbələri ilə intensiv görüşlərə başladı
Mərkəzi Aranın 4 rayonunu – Sabirabad, Saatlı, Imişli, Beyləqan və Şirvan şəhərini əhatə edən zona müşavirəsini AXCP bazar günü Sabirabadda keçirdi. AXCP-nin yerli qərargahında keçirilən müşavirəyə rayon şöbələrinin sədrləri və Ali Məclis üzvləri dəvət edilmişdi. Mərkəzi aparatdan isə müşavirəyə AXCP sədrinin müavinləri Asəf Quliyev, Fuad Qəhrəmanlı və AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov getmişdi.
Çay içmək qadağası
Müşavirə başlamazdan öncə rayonun güc strukturlarının daxili narahatlığı aşkar görsənirdi. Bakıdan gedən qonaqlarla yerli fəallar iclasadək iki çayxanada otursalar da, onlara çay verilməkdən imtina olundu. Çayçılar göstəriş verildiyini, qonaqlara xidmət göstərilərsə, aqibətlərinin pis olacağı ilə hədələndiklərini bildirdiyindən cəbhəçilər çayxananı tərk etdilər. Bütün çayxanalar polislərlə doldurulmuşdu. Onların çayçıları hədələdiyi şübhə doğurmurdu.
Rəis müavini qonaqlıq verir…
Yaranan biabırçı vəziyyəti aydınlaşdırmaq üçün rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Ilham Əsgərovla əlaqə saxlanıldı. Əsgərov problemi eşidən kimi, “bu iş başçılıqdır” deyib, danışmaqdan imtina etdi. Polis rəisinin müavini Zülfü Isayevlə zəngləşdikdə o, Natiq Ədilova çayxanalara heç bir göstəriş vermədiklərini, polisin bu işdə əli olmadığını bildirdi. Az sonra o, AXCP-nin yerli qərargahına gələrək hətta özü qonaqlara çay ziyafəti verməyə hazır olduğunu bildirdi. Rəis müavini də çayxanalara göstəriş verildiyini dandı: “Ola bilsin siz orada iclas keçirmək istəmisiniz, bu da olmaz”. Danışıqlar onunla nəticələndi ki, tədbirdən sonra çay içməyə daha heç yerdə maneə olmayacaq. AXCP fəallarının məlumatına görə, Bakıdan gələn nümayəndələrə qarşı yerli hakimiyyətin belə qeyri-etik sanksiyaları tez-tez olub.
İnqilabi situasiyaya hazırlıq
Müşavirədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ictimai-siyasi vəziyyət, ərəb dünyasında gedən proseslərin ölkəyə təsiri barədə məruzə etdi. Daha sonra o, Ictimai Palatanın (IP) missiyası haqda iştirakçıları məlumatlandırdı. Yerlərdə tanınmış ictimai-siyasi xadimlərlə, ziyalılarla iş qurulmasının, həmin şəxslərin IP-yə cəlb edilməsinin vacibliyi də çıxışda qeyd olundu.
AXCP sədrinin müavini Asəf Quliyev isə çıxışında bildirdi ki, bu gündən sonra görülən işlər geridə qalan günlərdəkindən ciddi şəkildə fərqlənməlidir. A.Quliyev təşkilati işlərin sürətləndirilməsini, inqilabi situasiyaya hazır bir quruma çevrilməyin gərəkliyini dedi. Onun fikrincə, yeni təşkilatlanma işində ideoloji istiqamətə də ciddi önəm verilməlidir.
“İnternetdə fəal olun”
AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə partiyanın yerli strukturlarının internetə çıxışının təmin olunmasının vacibliyindən danışdı. Bütün fəalların internetə və sosial şəbəkələrə çıxışının yolları və faydası barədə fikir mübadiləsi apardı.
Daha sonra şöbə sədrləri yerli ictimai-siyasi vəziyyət və kütləvi aksiyalara hazırlıq imkanları barədə çıxışlar etdilər. AXCP Sabirabad şöbəsinin sədri Sətdar Şahlarov, Saatlı şöbəsinin sədri Şamil Hacıbəyli rayonlarda əhalinin ciddi sosial problemlər məngənəsində boğulduğunu vurğuladılar. S.Şahlarov Sabirabadda mitinq təşəbbüslərinin əhalidən gəldiyini dedi və son 10 gündə keçirilən iki aksiyanı misal çəkdi.
Beyləqan şöbəsinin sədri Eltural Mürsəlzadə, Şirvan şəhər şöbəsinin sədri Rəşad Qədirli partiyaya yeni üzvlərin qəbulu, yeni dayaq dəstələrinin yaradılması barədə məlumat verdilər.
Imişlidən AXCP Ali Məclisinin üzvü olan Rasim Bağırov Ictimai Palataya böyük ümidlər olduğunu dedi və bu ümidlərin doğrulması üçün Bakıdakı müxalifət partiyaları rəhbərlərinin səmimi əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini vurğuladı.
Müzakirələrin sonunda regional müşavirələrin intensiv keçirilməsi, partiya rəhbərliyinin rayonlara səfər etməsi təklif kimi qəbul olundu.
Elmin