Məmurlar əhaliyə çatacaq kompensasiyanı mənimsəyib
Taxıl əkininə görə verilməli olan subsidiyalar icra hakimiyyətində yoxa çıxıb
Ağsuda əhalinin vəziyyəti gün-gündən pisləşir. Əsasən pensiya və əkinçiliklə məşğul olan insanlar rayon məmurlarının özbaşınalıqlarının güdazına gedir. Sakinlərin verdiyi məlumata görə, rayonda növbəti maxinasiya əhalinin taxıl əkininə görə almalı olduğu subsidiyaların mənimsənilməsidir.
Sakinlərin dediyinə görə, kompensasiyalar rayonun büdcəsinə keçirilsə də, icra hakimiyyəti həmin subsidiyaları mənimsəyib və fermerlərə verməyib: “Sentyabr ayında taxıl əmişik. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkilən hər bir hektar taxıla görə 40 manat subsidiya ayırıb. Hər il, gec də olsa, subsidiyalar verilirdi. Bu il də Maliyyə Nazirliyi həmin kompensasiyaları köçürüb. Lakin rayonda subsidiyalar yoxa çıxıb. Kompensasiyalar qonşu rayonlarda – Şamaxı, Kürdəmir, Ismayıllı Göyçay, Ucar, Zərdab, Şirvan, Hacıqabulda fermerlərə verilib. Amma Ağsu rayonunda bu kompensasiyalardan hələ də xəbər yoxdur.
Məlumat almışıq ki, kompensasiyalar 15 gündən artıqdır ki, rayonun büdcəsinə daxil olub. Amma kompensasiyaları kim mənimsəyib, bilinmir. Camaatın vəziyyəti acınacaqlıdır. Fermerlər və digər kənd sakinləri gözünü həmin subsidiyalara dikib. Başqa gəlir mənbəyimiz yoxdur. Ümidlərimiz bu pula idi. Həmin pullar da müəmmalı halda mənimsənilib. Bəs biz neyləyək? Milləti ayağa qalxmağa vadar edirlər. Rayonda, kəndlərdə iş yerləri yoxdur ki, gedək işləyək. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikirlər ki, bunun da camaata heç bir xeyri yoxdur. Alacağımız pensiya və subsidiyalardır, bu pulları da bu cür mənimsəyirlər”.
Sakinlər deyirlər ki, rayonda heç kim subsidiya ala bilməyib. Rayonun 78 kəndinin ümid yeri əkinçilikdir. Camaat borc-xərc həmin sahələri əkib ki, subsidiya alacaq. Elə ailə var ki, əkin vaxtından borclu qalıb və gözünü həmin kompensasiyalara dikib. Indi də kompensasiyalar mənimsənilib. Rayon sakinlərinin bəzilərinə hətta subsidiyaları almaq üçün kartlar da verilməyib. Bəziləri bu kartları ala bilsələr də, ailələrin bir hissəsi həmin kartları hələ də ala bilmir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun qohumlarının idarəçiliyində olan Ağsu rayonunda vəziyyət gün-gündən pisləşir. Fond sədrinin qohumları rayonun büdcəsinə daxil olan pulları dərhal çıxarıb şəxsi maraqları üçün dövriyyəyə buraxır və vətəndaşları ac saxlayır. Kəndlilər, fermerlər isə almalı olduqları müavinətlərin üzünə aylarla həsrət qalır.
Sakinlərin sözlərinə görə, rayon icra hakimiyyətinin rəhbərliyi camaatın bu vəziyyətilə maraqlanmaq istəmir. Əhalinin pensiyası, kompensasiyası və digər müavinətlərini rayon büdcəsindən götürən məmurlar öz şəxsi işlərini həmin pullarla həll edənə qədər kəndlilər pul üzünə həsrət qalır. Əhalinin hansı səviyyədə yaşamasına əhəmiyyət verməyən icra başçısının adamları kəndbəkənd düşüb kitab satışı ilə məşğul olur. Onlar icra hakimiyyətinin tapşırığı ilə bir neçə kitabı dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlara, məktəblərə məcburi satırlar. Kitablar büdcə idarələrinin hər bir işçisinə məcburi satılır və pullar işçinin maaşından saxlanılır. Rayon sakinləri məmurların əlindən bezib və yaxınlarda etiraz aksiyalarına başlamaq niyyətindədirlər.