Bunlar nə qədər ləyaqətsiz və şərəfsiz adamlar imiş.
Avtoritarları, mini-diktatorları nəzərdə tuturam.
Tunis prezidenti Bin Əli üsyana qalxmış yüzlərlə tunislinin ölümündən sonra xalqdan oğurladığı 5 milyard dolları da götürüb gizləndi.
General Hüsnü Mübarək Misir xalqının 67 milyard dollarını oğurlayıb.
Ailə üzvləri, tayfası, komandası nə qədər qamarlayıb, Allah bilir.
32 illik hakimiyyəti dönəmində bir xalqa zülm edən, onu səfalət içində yaşadan Hüsnü Mübarək yalnız yüzlərlə vətəndaşı qanına-qəltan olduqdan sonra hakimiyyətdən əl çəkdiyini bəyan etdi.
Liviya diktatoru Qəddafinin 22 milyard dollardan artıq vəsaiti olduğu açıqlandı.
Qonaq getdiyi ölkələrdə guya ki, Liviya dövlətinə maddi ziyan dəyməsin deyə özü ilə apardığı çadırda gecələyən Qəddafi, oğlu Hannibal haqqında elə faktlar açıqlanır ki, adam dəhşətə gəlir.
40 ildən artıq xalqla qul kimi rəftar edən polkovnik Qəddafi minlərlə liviyalının ölümünə bais olsa da, hakimiyyət hərisliyinə rəğmən bu gün də müqavimət göstərməkdə davam edir.
Üç diktatorun 100 milyard dollardan artıq pulu var.
Təkcə bu acgöz və həris trio deyil.
Digər müsəlman ölkələrində də vəziyyət belədir.
Yəmənə 1978-ci ildən padşahlıq edən Əli Abdulla Salehin 10 milyard dollara yaxın vəsaiti var.
Bəhreyn kralı milyardlarla dollar vəsaitə sahibdir.
Səudiyyə Ərəbistanı kralını ərəb dünyasının super milyarderi sayırlar.
Mərhum Türkmənbaşının milyardlarla dolları qaldı.
Özbəkbaşı Islam Kərimovun oğurladığı pulları saymaq mümkün deyil.
Qazaxbaşı Nursultan Nazarbayevin özü bir yana, qızı Dariqanın milyardları barəsində yazırlar.
Bu vəsait onlara atasından qaldımı?
Ata-babaları qəpik-quruşla dolanan diktatorlar necə oldu ki, padşah olduqdan sonra bu qədər sərvət toplamağa nail oldular?
Cümlə müsəlman dünyası indi boğazına kal armud kimi pərçimlənmiş bu suala cavab axtarır.
Müqayisə üçün yazıram, ABŞ-ın keçmiş prezidenti Corc Buşun evini ələk-vələk etsələr, 5 milyon dollar tapa bilməzlər.
Barak Obamanın da hesabında milyon dollarların olması mümkün deyil.
Almaniya kimi super bir dövlətin federal kansleri Angela Merkelin şəxsi hesabında iki milyon dollara yaxın pulu olduğu bildirilir.
Əcaba, müsəlman padşahlar bu qədər vəsaiti hansı yolla qazanmağa nail olurlar?
Cavab çox sadədir.
Onlar özlərini məhz PADŞAH saydıqlarına görə sərvət toplamağa nail olurlar.
Cümlə müsəlmanların şahsevənliyi isə padşahların zənginliyinə şərait yaradır.
Nə qədər ki, müsəlman dövlətlərinin başında dayananlar özlərini PADŞAH sayacaq və nə qədər ki, biz müsəlmanlar ŞAHSEVƏN olaraq qalacağıq, mənzərə dəyişməyəcək.
Azərbaycan da müsəlman dünyasının bir hissəsidir.
Təbii ki, bizim də öz padşahımız var.
Və bizlər də şahsevənik.
Elə buna görə də padşahımızın adı var-dövlət məsələsində müsəlman dünyasının padşahları ilə yanaşı çəkilir.
Dünyaca ünlü “Washington Post” qəzeti HÜNKARIMIZIN oğlu üçün Dubaydan 75 milyon dollara villalar kompleksi almasının muştuluğunu bizə vermədimi?
Padşah bir yana, tayfa üzvlərinin sərvəti barədə xalq nələr danışmır, bu hər kəsə bəllidir.
Ailə üzvlərinin və bir neçə nazirin mal varlıqları barədə reytinqinə görə “Washington Post” qəzetini geridə buraxmış WikiLeaks dünyaya car çəkmədimi?
Azərbaycanda dörd nazir, dörd tayfa üzvü adı çəkmək olar ki, varidatları dövlətin büdcəsini qat-qat üstələyər.
Bizdə bəzi vəzifə sahiblərinin – icra başçılarının, nazirlərin, rəislərin, müdirlərin, rektorların, direktorların milyon dollara sahib olması təəccüblü deyil.
Bir milyon dollar bəzi harın vəzifəlilər üçün qəpik-quruş ekvivalentindədir.
Bunu da hamı yaxşı bilir.
Hamı hər şeyi bilirsə, nədən cümlə Azərbaycanın əzilən və məzlum təbəqəsi, yarıac qocaları və mədəsinin toxluğu naminə mücadilə verən ziyalıları, FIL BOYDA NƏ ETMƏLI sualına cavab axtarmırlar?
Belə bir durumda nə edirlər?
Ya şahsevənlik yuxusundan oyanmayaraq, qul kimi yaşamaqda davam edirlər.
Ya DÖVLƏTin yaxasından tutub QANUNların aliliyini təmin etməsini tələb edirlər.
Ya da…
Özünüz bilirsiniz, yazmağa ehtiyac yoxdur.
Fil boyda “nə etməli” sualı
•