Ilk siqnal

Söhbət avtomobil siqnalından getmir. Ama yazımızın əsas qəhrəmanı sürücüdü. Onun adının kim olması elə də önəmli deyil. Onun adı: Vətəndaş Itaətsizliyi Göstərən Ilk Adam. 
Öz dövlətinə, onun qanunlarına itaətsizlik göstərən birindən danışmaq fikrim yoxdu, bizim qəhrəmanımız şər rejiminə, onun hədə-qorxusuna, hərbə-zorbasına evində, yorğanın altında deyil, küçədə, siyasi səbəblərlə etiraza qalxmış vətəndaşların gözü qabağında hakimiyyətin zoruna boyun əyməkdən boyun qaçıran sıravi, zəhmətkeş bir insandı.

Siyasətlə məşğul olanlar, aktiv siyasi təfəkkürə malik gənclər həmişə daxilən inqilabçı olurlar, polislə kəllə-kəlləyə gəlməkdən çəkinmirlər, mitinqlərə, küçə yürüşlərinə, cürbəcür etiraz aksiyalarına çıxırlar. Bunun çox şahidi olmuşuq. Polis onları döyür, söyür, əzişdirir, tutur və avtobuslara doldurub polis şöbələrinə aparır. Burdan oyanasını saxlayaq və fokusumuzu onların doldurulduğu avtobusların sürücülərinin üzərində cəmləyək. Indiyəcən kim görmüşdü ki, bir avtobus sürücüsü tutuqluları polisin əmrilə harasa aparmaqdan mərdi-mərdanə imtina eləsin?

Belə bir şey görünməmişdi. Ehtimal da olunmurdu. Lakin bu, axır ki, baş verdi!

Sumqayıtda Cabbar Savalanlının məhkəməsində yenə də polis etirazçılara hücum eləyib onları hadisə yerində dayanan mikro-avtobusa basmaq və şöbəyə sürdürmək istəyirdi. Və bu vaxt qələbəyə gedən yolun açıldığını xəbər verən nişanə, əlamət göründü. Sürücü avtobusunun qapısını açmaqdan, üstünə şığıyan zavallı polislərin hədə-qorxularından, tələblərindən, sıxma-boğmasından qorxmayaraq maşının açarını onlara verməkdən kişi kimi imtina elədi. O bunu deyirdi: “Bu mənim maşınımdı! Açarımı sizə niyə verməliyəm ki? Mən heç yana gedən deyiləm. Işim-gücüm var!”
Bəli, bu inanılmayacaq hadisə baş verdi. Polis xofu sındı. Sürücünün kişiliyi etirazçı gənclərə ruh verdi. Qələbənin qaçılmaz olduğuna inamı möhkəmlətdi. Istənilən ictimai əhəmiyyətli inqilab sadə insanın xofdan qurtulması və dirənməsi ilə başlanır. Bundan sonra yüzlərlə polisdən qorxmayan sadə insanımızı görəcəyik. Bu tarix gözümüz önündə baş verir. Deyəsən, Cabbarın dediyi söz gerçəkləşməyə başlayır. O, “mən tarix yazacağam” demişdi və ilk tarixi hadisənin – polis xofunun sadə insanda qırılması onunla bağlı bir yerə düşdüyünə görə, o tarix həqiqətən yazılmağa başlayıb.
Həmin sürücü qardaşı polislər tutub şöbəyə apardılar. Axşam bilgi aldım ki, onu sərbəst buraxıblar. Orda onunla hansı söhbət apardıqlarını əzbər söyləmək olar. Ancaq bu hər kəsə məlumdu deyə, vaxt almaq istəmirəm. Polisin və onun ağası olan Əliyevin kimliyi bizə aydındı: “Cibinə nəşə atıb tutarıq! Başını aşağı sal, işinlə məşğul ol!”

Ancaq arxayın ola bilərsiniz ki, həmin sürücü gələn dəfə eyni durumla qarşılaşsa, yenə də eyni cür hərəkət eləyəcək. Dağdan ağır kişi, özünü sısqa Cabbardan əskik tutmağı heç vaxt şəninə sığışdıra bilməz daha.

Məmməd Süleymanov yazısında polyak jurnalist Riçard Kapuşinskinin “Şahənşah” əsərindən bir parça yerləşdirib. Onu bir də oxumağa dəyər məncə:
“1978-ci ilin yanvarı. Qum şəhərində insanlar etiraz üçün küçələrə çıxır. Bu cür etirazlar da şah Iranı üçün adidən adidi. Ancaq bu dəfə heç gözlənilməyən bir hadisə baş verir. Şahın da, etiraz edənlərin də gözləmədiyi. Budur həmin an – polislər etiraz edənləri dövrəyə alır. Indiyədək necə olub? …Polis qışqırıb, əl-qolunu ölçüb, qorxudub, etirazçılar da başlarını aşağı salıb dağılıblar. Ən ifrat ssenaridə polis vurub – etirazçı qaçıb. Bu dəfə isə… Polis qışqırır, adam durub ona baxır. Bu, qorxmuş adamın baxışı deyil, onun üzündə meydan oxumaq var. Bu adam polisin üzünə dik baxır, sonra yanındakılara çevrilir. Yanındakılar qorxurlar, ancaq bu bircəcik adamın qorxmazlığı yoluxucu olur. Heç kəs çıxıb getmir, polis isə qışqırır-qışqırır və bir anlıq susur. Həmin an həlledicidir – polis də, kütlədəki o adam da nə baş verdiyini anlayır. Baş verən isə odur ki, kütlədən olan adam qorxu hissini itirib və elə bu da Inqilabın başlanğıcıdır”.