İnqilab edənlər necə yaşayır, biz necə yaşayırıq?

Diktatorların devrildiyi ən kasıb ərəb ölkəsində belə, dolanışıq Azərbaycandan yaxşı olub

 

Azərbaycan hökuməti ərəb dövlətlərində baş verənləri əsasən bu ölkələrdəki iqtisadi durumun ağırlığı ilə izah edir. Lakin həmin dövlətlərin iqtisadi vəziyyətinə və əhalinin yaşayış səviyyəsinə nəzər salanda bunun həqiqətəuyğun olmadığı ortaya çıxır. Bu ölkələrin hər birində iqtisadi durum Azərbaycandan bir neçə dəfə yüksəkdir. Neft ölkəsi olan Azərbaycanda yanacağın qiyməti də bu ölkələrdə olduğundan xeyli yüksəkdir. Məlum olduğu kimi, bu ölkələrin bəzilərində əhali ərzağın qiymətinin bahalığından şikayətlənir. Ancaq müqayisə edəndə hətta ən kasıb ərəb ölkəsində qiymətlər Azərbaycanda olduğundan ucuzdur. Müqayisə üçün bir neçə ölkəni misal göstərmək olar.

 

Tunis

Üsyanın ilk ünvanı olan Tunisdə həyat səviyyəsi inkişaf etməkdə olan ölkələr üçün çox yüksəkdir. Afrika ölkələri arasında isə Tunis əhalinin yaşayış səviyyəsinə görə şəksiz liderdir. Əhalinin 60 faizini orta təbəqə təşkil edir. Adambaşına ümumdaxili məhsul 2150 dollardır. Hətta bu ölkənin yüksək ixtisaslı həkim, müəllim və mühəndisləri digər ölkələrə işə dəvət alır. Ölkədə orta aylıq əmək haqqı 350 avro təşkil edir. Gənc kadrlar 500 avro, müəllimlər 300 avro əmək haqqı alır. Bu da ölkədə bir aylıq yaşayışı tam təmin edir. Bu ölkənin təhsili də yüksək səviyyədədir. Təhsilinin inkişafı üçün ildə büdcənin 30 faizi xərclənir. Ölkənin digər üstünlüyü mənzillərin ucuz olmasıdır. Bir illik yüksək səviyyəli mənzilin kirayələnməsi və kommunal xərcləri 500-700 avro təşkil edir.

Misir

Inqilabın növbəti dayanacağı olan bu ölkədə adambaşına ümumdaxili məhsul 2800 dollardır. Yaxın Şərqin və Afrikanın ən inkişaf etmiş ölkələrindən olan Misirdə son illər iqtisadi durum xeyli yaxşılaşıb. Inflyasiyanın səviyyəsi də o qədər yüksək deyil. Bir neçə il əvvəl bu göstərici 2,6 faiz təşkil edib. Bu ölkədə kommunal xərclər digər dövlətlərlə müqayisədə xeyli aşağıdır. Bu xərclər ayda 30 dollardan yuxarı qalxmır. Bura su, elektrik enerjisi, zibil, kanalizasiya pulu və digər xərclər daxildir.

Liviya

Dəyişiklik arzusu ilə ayağa qalxan Liviyada isə minimum əmək haqqı 933 dollar, orta aylıq əmək haqqı isə 2000 avro təşkil edir. Müqayisə üçün deyək ki, Azərbaycanda bu göstərici 350 manatdan yüksək deyil. Ölkənin gəlirlərinin yarısı sadə vətəndaşların hesablarında oturdulur. Daşınmaz əmlak və avtomobil olduqca əlverişli qiymətlərədir. Kasıb ölkələrin əhalisi iş dalınca bura üz tutur. Adambaşına ümumdaxili məhsul 7600 dollardır. Azərbaycanda isə bu göstərici 5300 manatdır. Bu ölkədə benzinin bir litri 13 sent, çörəyin qiyməti isə 4 sentdir. Azərbaycanda benzinin bir litri 55-60 qəpik, A-98 benzinin qiyməti isə 1 manat 10 qəpikdir.

Yəmən

Inqilabın növbəti dayanacaqlarından biri olmağa namizəd, regionun ən kasıb dövləti olan Yəmən həyat səviyyəsinə görə 175 ölkə arasında 151-ci yerdədir. Lakin bununla belə orta illik əmək haqqı 5000 dollar təşkil edir. Bu da bir aya 417 dollar deməkdir. Qiymətlərin aşağı olması səbəbindən bu məbləğ bir aylıq yaşayışı təmin etmək üçün tam kifayət edir.

Bəhreyn

Neftlə zəngin Bəhreyndə isə həyat səviyyəsi olduca yüksəkdir. Bu ölkədə orta illik əmək haqqı 50 min dollar təşkil edir. Bir aya 4170 dollar düşür. Adambaşına düşən ümumdaxili məhsul 11,614 min dollar, inflyasiyanın səviyyəsi 0,5 faiz təşkil edir. Ancaq bununla belə əhali həyat səviyyəsinin yüksəldilməsi tələbi ilə küçələrə çıxır.

Iordaniya

Iordaniya əhalisi də dəyişiklik arzusundadır. Baxmayaraq ki, bu dövlət ərəb dünyasında ən yüksək həyat səviyyəsi olan ölkələrdən biridir. Xüsusilə səhiyyə xidmətlərinin səviyyəsinə görə bu ölkə öndədir. Inkişaf etməkdə olan ölkələr arasında 11-ci yerdə olan Iordaniya ərəb dünyasında bu göstəriciyə görə ikinci yerdə dayanır. Hətta bəzi göstəricilərə görə Iordaniya BƏƏ və Qətər kimi ölkələrdən irəlidədir. Eyni zamanda bu ölkə Yaxın Şərqin ən stabil dövlətlərindəndir. Ölkədə aylıq minimum əmək haqqı 500 dollar təşkil edir. Ərzağın və kommunal xidmətlərin ucuz olduğu bir ölkədə bu pula rahat yaşamaq olar. Bu ölkədə dilənçilərə rast gəlmək isə mümkün deyil. Ölkəyə gələn turistlərin də xərci o qədər çox olmur. Beşulduzlu mehmanxanada qalıb bahalı restoranlarda yemək yeyən turistin bir günlük xərci 50 dollardan çox olmur. Bu ölkədə yanacağın da qiyməti xeyli ucuzdur. Bununla belə 2010-cu ildə benzin 32 faiz, dizel yanacağı isə 21 faiz ucuzlaşıb.

Əlcəzair

Kasıb ərəb dövlətləri sırasına daxil olan Əlcəzairdə isə yanacağın qiyməti çox ucuzdur. Burada benzinin litri 20 avrosent, dizel yanacağının bir litrinin qiyməti isə 35 avrosentdir. Ölkədə orta aylıq əmək haqqı 250 avrodur. Həkimlər, müəllimlər 300 avro maaş alır. Təhsil və tibbi xidmət pulsuzdur.

Küveyt

Etirazların baş qaldırdığı bu ölkədə isə yaşayış səviyyəsi müqayisəolunmaz dərəcədə yüksəkdir. Məsələn, subay tələbələr 700, ailəli olanlar isə 1200 dollar təqaüd alır. Sənayedə çalışanların orta aylıq əmək haqqı 8757,17 dollardır. Adambaşına düşən ümumdaxili məhsulun həcmi 15ÿ100 dollardır. Inflyasiya 2,7 faizdir. Bu ölkədə də yanacağın qiyməti olduqca ucuzdur. Ölkəyə gətirilən ərzaq məhsullarına isə heç bir rüsum tətbiq edilmir.
Göründüyü kimi, üsyanların baş verdiyi, yaxud əhalinin hakimiyyəti dəyişmək tələbi ilə küçələrə çıxdığı ölkələrin hər birinin Azərbaycanla müqayisədə xeyli üstünlüyü var. Bununla belə əhali həyat səviyyəsinin daha da yüksəldilməsini istəyir. Bu ölkələrin hamısında hökumətlər əhaliyə hesablanmış addımlar atmaqdadır. Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. Qiymətlərin gündən-günə artmasına baxmayaraq, hökumət yalnız antikorrupsiya şousu yaratmaqla kifayətlənir.

Fizzə