Elçin Sadıqov: «Ali Məhkəmənin sədrinə müraciət edəcəyik»
Emin Fətullayev: «Göstəriş olsa, məsələ bir günə həll olunar»
Beynəlxalq Bank “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin hesabında olan pulu verməkdən yenə imtina edir. Bunu jurnalistin vəkili Elçin Sadıqov ”Media forum”a açıqlamasında deyib. Vəkil bildirib ki, E.Fətullayevin terror ittihamı üzrə cinayət işinə xitam verildiyi üçün bank hesabının üzərindən həbs avtomatik götürülməlidir: “Səbayel Rayon Məhkəməsinin hakimi Araz Hüseynov isə belə bir qərar çıxarıb ki, Eynulla Fətullayevin terror ittihamı üzrə cinayət işinə xitam verildiyi üçün bank hesabının üzərindən həbsin götürülməsi ilə bağlı ayrıca qərara ehtiyac yoxdur”.
E.Sadıqovun sözlərinə görə, Beynəlxalq Bank E.Fətullayevin hesabı üzərindən həbsin götürülməməsini belə əsaslandırıb: “Guya Səbayel Rayon Məhkəməsinin həmin qərarı Beynəlxalq Banka ünvanlanmalı imiş. Amma qanunla belə bir hal mövcud deyil”.
Vəkil məsələ ilə bağlı Ali Məhkəmə sədrinə müraciət edəcəklərini deyib: “Çünki Eynulla Fətullayevlə bağlı qaldırılmış cinayət işləri üzrə bəraət qərarını Ali Məhkəmənin sədri Ramiz Rzayev imzalayıb. Bu səbəbdən ona müraciət edəcəyik”.
Jurnalistin atası Emin Fətullayev isə hesab edir ki, “yuxarıdan” göstəriş olarsa, məsələ dərhal həll olunacaq: “Belə görünür ki, həll etmək istəmirlər. Beynəlxalq Bankda mən də hesab açdırmışdım. Necə olur ki, pulu mənim yox, Eynullanın vaxtilə həbs qoyulmuş hesabına köçürdülər. Deməli, məhkəmənin nə qərar çıxarmasının heç bir əhəmiyyəti yoxdur. Istəsələr, bir gündə həll edərlər. Göstəriş lazımdır ki, pul oradan çıxarılsın. Bütün beynəlxalq təşkilatlar soruşurlar ki, pulu ala bildiniz, deyirəm yox. Nəyə lazımdır axı bu biabırçılıq?”.
Qeyd edək ki, Avropa Insan Hüquqları Məhkəməsinin qərarı ilə Eynulla Fətullayevə 27 min 822 avro təzminat ödənilməlidir. Azərbaycan dövlətinin E.Fətullayevə ödəyəcəyi təzminat onun Beynəlxalq Bankdakı həbs qoyulmuş hesabına köçürülüb. Bankın rəsmi açıqlamasına görə, hesab üzərinə həbs Səbayel Rayon Məhkəməsinin 2007-ci il avqustun 24-də verdiyi qərarla qoyulub. Hakim Araz Hüseynovun qərarı ilə E.Fətullayevin Beynəlxalq Bankdakı hesabı üzərinə, eləcə də 23 ədəd kompüterin blok sistemi üzərinə həbs qoyulub. Bu qərar E.Fətullayev barəsində terrorçuluq ittihamı ilə başlanan cinayət işi ilə bağlı çıxarılıb. Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin Plenumu həmin iş üzrə baş redaktora bəraət verib.
Gültəkin