Sakinlər aksiyaların problem həllini tapana qədər davam edəcəyini deyirlər
Ötən ilin yazında daşqına məruz qalmış Saatlı və Sabirabad rayonunun bir sıra kəndlərinin yaşayış imkanlarından məhrum olmuş və aldadılmış sakinləri tələblərindən dönmək niyyətində deyillər.
Bu barədə ötən gün “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının keçirdiyi mətbuat konfransında onların nümayəndəsi Ilham Əmiraslanov məlumat verib. Mətbuat konfransında onunla birlikdə Əlisa Həsənov da çıxış etməli idi, lakin iki gün öncə (fevralın 24-də) polisin vurduğu dubinkalar nəticəsində, o, paytaxta gələ bilməyib. Onu 8 saat yerli polis bölməsində saxlayıblar, əhalinin kütləvi aksiyasının “xarici xüsusi xidmət orqanları və analoqu olmayan inkişafa paxıllıq edənlər tərəfindən hazırlandığı və təhrik edildiyi” haqda saxta “akt” imzalamağa məcbur etməyə çalışıblar.
“Novruzlu, Axtaçı, Qasımbəyli, Əsgərbəyli, Dəllər kəndlərinin yüzlərlə sakininin adı çəkilən iki rayonun kəsişməsində mitinqi xüsusi xidmət orqanları təşkil etməyib, buna öz xalqından oğurluq edən yüksək vəzifəli məmurların axmaqlığı səbəb olub”, – deyə Əmiraslanov bildirib. I.Əmiraslanov deyir ki, ötən ilin may daşqınlarından sonra əhalinin hüquqlarının müdafiəsində fəallığı ona baha başa gəlib. Dəfələrlə həbs edilib və xarici radiostansiyalara və telekanallara müsahibə verməkdə ittiham olunub.
Daha sonra I.Əmiraslanov qeyd edib ki, əhaliyə qarşı “əsl terror” həyata keçirilir. Hələ ötən ilin yayında FHN rəhbəri Kəmaləddin Heydərov su basmış ərazilərin üzərindən vertolyotla gəzib və yaşayış məntəqələrinin nə dərəcədə “uğurla” su altında qaldığını müşahidə edib. Onun sözlərinə görə, əhalinin narahatlıqları doğruldu, 24 fevral mitinqinin dağıdılması zamanı hakimiyyət nümayəndəsi onlara müqavimət göstərməməyi və təklif olunan yerlərə köçməyi tövsiyə edib. “Onsuz da burada yaşamayacaqsınız. Burada balıqçılıq təsərrüfatı olacaq”, – deyə o qeyd edib.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev isə bildirib ki, hələ ötən ilin sonlarınadək 3 205 ev istismara verilməli, sosial, məişət, ictimai-iaşə obyektləri bərpa olunmalı idi. Yararlı evin hər kvadrat metri üçün hər bir ailə üzvünə 400, 800 və 1000 manat həcmində kompensasiya ayrılmalı idi. Lakin yaşayış üçün normal şəraiti olmayan cəmi 400-ə yaxın ev tikilib. Bundan başqa, daşqından ziyan çəkən torpaqların əkinə yararlı hala gətirilməsi üçün heç bir iş görülməyib, dolanışığı torpaqdan çıxan sakinlərə kompensasiyalar, subsidiyalar ödənilməyib.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, aksiyanın təşkilatçısını sakinlər arasında axtarmaq gərək deyil: “Aksiyanın təşkilatçısı bu hakimiyyətdir. Onlar apardıqları siyasətlə bu durumu yaradıblar. Adamları bu addımı atmağa vadar ediblər. Rəsmi informasiya sahibləri, xüsusən, RITN və FHN ”Informasiya əldə etmək” haqqında qanuna zidd olaraq, sorğulara cavab verməkdən imtina edir. Indiyədək zərərçəkmişlərə ödənilmiş kompensasiyaların məbləği haqqında şəxsi məlumatlar açıqlanmayıb”.
Daha sonra Lazım Umudov və Novruzlu sakini Əsədağa Həsənov son durumla bağlı mətbuat nümayəndələrini məlumatlandırdılar. Onlar bildirdilər ki, problemləri həllini tapmayana qədər aksiyalar davam edəcək.
Ramin DEKO