Xalqımızın gözəl adətinə pişik asqırması

Başımız ərəb ölkələrindəki inqilab dalğasına qarışıb, hakimiyyətin “korrupsiyaya qarşı mübarizə” şousu ilə bağlı ardı-arası kəsilməyən xəbərləri diqqətimizdən kənarda qalıb.

Dünən Nəqliyyat Nazirliyinin mətbuat xidməti rəhbərinin bir açıqlamasına rast gəldim, deyirdi ki, nazirlikdə neqativ hallara qarşı mübarizənin dalı da kəsir, qabağı da. Sitat: “Nöqsanlara yol verən xeyli sayda qatar bələdçisi işdən kənarlaşdırılıb”. Bəh-bəh! Biz ölkədə korrupsiyanın ən yekə bələdçilərinin kabinetlərdə oturduqlarını, kreslolarına yayxanıb “daha harda körpü çəkim, yol tikim, bayraq dirəyi basdırım ki, irəli düşüm” deyə dərin düşüncələrə daldıqlarını xəyal edərkən məgər ölkədə əsl korrupsionerlər qatar bələdçiləri imiş!

Mən onlardan birini şəxsi tanıyıram. Deməli, o, sərnişinlər üçün nəzərdə tutulan döşək ağlarını, mələfələri çırpışdırmaqla məşğul idi. Axırda gedib Dubayda özünə villa aldı.

Bir başqasını da tanıyıram, vaqonda o baş-bu başa “çörək, kolbasa, peraşki!” deyə bağıraraq müştəri çağıranlardan aldığı rüşvətlə gedib restoranlarda ayı kababı yeyirdi.

Hələ biri vardı, tamam ağını çıxarmışdı. Vaqonda öz yatacağını biletsiz sərnişinlərə satırdı. Axırı nə oldu, bilirsinizmi? Nə olacaq, canım, puldan basdı, bir toxunulmazlıq kağızı aldı, oldu “ömürlük bələdçi”. Bir adamın həddi nədi, onu yerindən tərpətsin. Əksinə, deyilənə görə, oğlunu yerinə hazırlayır.

***

Dünya var oldu olalı, korrupsiyaya qarşı belə mübarizəni nə gördü, nə görəcək. Doğrudanmı, hakimiyyətdə bir ağıllı adam yoxdur ki, özündə cəsarət tapsın, çıxıb baş verənlərin kənardan nə qədər ironik, nə qədər yumoristik göründüyünü, nə qədər istehza doğurduğunu desin. Korrupsiyaya qarşı mübarizəyə qatar bələdçilərindən başlamağın korrupsiyaya qarşı mübarizəyə başlamamaq anlamına gəldiyini söyləsin. 
Bakı-Moskva qatarında hansısa mələfə oğrusu qatar bələdçisini cəzalandırmaq korrupsiyayla mübarizədirmi, allah eşqinə? Bu, olsa-olsa hüququn gərəyidir. Cəzalandırılmalı olanlar Bakı-Dubay korrupsiya qatarındadır. Cəzalandırılmalı olanlar Prezident Administrasiyası-Dövlət Bayrağı Meydanı qatarındadır. Onlar durduqca, onlara kimsə “qaşın üstə qara var” demədikcə, Bakı-Qazax qatarının bələdçisinin qulağını bursanız nə olacaq, burmasanız nə olacaq?

*** 
Işin başqa yanı da var. Hansısa idarədə, təşkilatda rüşvət almağın yasaqlanması “korrupsiyaya qarşı mübarizə” kimi cəmiyyətə sırınır. Axı bu, korrupsiyayla mübarizə deyil, olsa-olsa, rüşvətxorluqla mübarizədir. Rüşvət isə korrupsiyanın onlarca, yüzlərcə detalından biridir.
Rüşvət kimi daha nə qədər vintcikləri var korrupsiyanın. Tayfabazlıq var, qohumbazlıq var, inhisarçılıq var, söz azadlığının məhdudlaşdırılması var, sərbəst toplaşmaq azadlığının ləğvi var, seçki hüququnun əldən alınması var, ədalətli məhkəmələrin olmaması var. Bir sözlə, var oğlu var. Say, say, bitən deyil. Onlar qaldıqca, onlara toxunmadıqca nə korrupsiyaya qarşı mübarizəbazlıqdır? Kimə kələk gəlirsiniz? Kimi qoyun yerinə qoyursunuz?
Söz tapıblar, “Ilham Əliyevin xüsusi tapşırığı”-filan. Gedin işinizlə məşğul olun. Gerçəkdən də korrupsiyaya qarşı mübarizə aparmaq istəyən bir Ilham Əliyev hansısa iclas-miclas üçün xüsusi tapşırıq verməməli idi, ən azı sərəncam verib ailə üzvü olan naziri postundan almalı idi. Almadısa, gerisi əfsanədir, fiksiyadır, fil-filodur. Iki ən əziz adamını parlamentdə oturtmaqla korrupsiyaya qarşı mübarizəmi aparmaq olar?

***
Zakir Qaralov nə demişdi keçən günlərdə? Dəbdəbəli imarətləri olanları sorğulayacaqlarını, o imarətləri almaq üçün pulları hardan tapdıqlarını öyrənəcəklərini demişdi. Yəni bu yolla müəyyənləşdirəcəkdilər kimin korrupsioner olub-olmadığını.
Ha, ha, ha… Bəs Dubay ifşası vaxtı deyirdiniz ki, bizim xalqımızın gözəl adəti var, başqasının pulunu saymazlar? Nə oldu, xalqımızın gözəl adətinə pişikmi asqırdı?