Sumqayıt Tibb Kollecində qalmaqal

Müəllimlər Səttar Mehbalıyevin qudası olan direktor Rəfael Eyvazovun istefasını tələb edirlər

 

Sumqayıt Tibb Kollecinin müəllimləri ayağa qalxıb. Müəllimlərin narazılığı direktor Rafael Eyvazovdandır. Müəllimlərin “Azadlıq”a ünvanladıqları müraciətdə deyilir ki, Rəfael Eyvazov kolleci şəxsi obyektinə çevirib.
“Dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında pulla verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, pul verir dərs yükləri artıq yazılır, eyni zamanda həmin şəxslərə mükafatlar verilir. Rəfael Eyvazov ”Zaminbank”la gizli sövdələşməyə girərək 2007, 2008 və 2009-cu illərin noyabr aylarında bütün kollecin işçilərinin maaş kartlarını dəyişdirmək adı ilə yığıb, bankla birgə bizə verilməli olan mükafatları mənimsəyib. Bundan sonra kartları dəyişdirmədən özümüzə qaytardı. Kollektiv “Zaminbank”la müqaviləni pozub başqa bankla müqavilə bağlamağı təklif etdi. Rəfael müəllim buna söz versə də, sonra vədinə xilaf çıxdı. Sonra etiraf etdi ki, kollecin əsas bank hesabı “Texnikabank”dadır. “Zaminbank” vasitəsilə hər hansı əməliyyat keçirəndə “Texnikabank” kollecin hesabından müəyyən faiz tutur. Bu halda sual olunur ki, nə üçün kollecin pulları bu şəkildə havaya sovrulur? Rəfael Eyvazov bu sualın cavabını verə bilmir”.
Müəllimlərin sözlərinə görə, hər il kollecin təmiri adı altında dövlət vəsaiti mənimsənilir: “Hər ilin sonunda kollecimizin mebelleri dəyişdirilir. Özü də bütün mebellər baha qiymətə qeydə alınır. Məqsəd büdcədə pul saxlamamaqdır”.
Müəllimlər deyir ki, direktor müxtəlif bəhanələrlə tələbələri qovur, sonra müəyyən məbləğin müqabilində yenidən kollecə götürür: “Kollecimizin stomatologiya fakültəsinin tələbələri Sahib Fətəliyev, Famil Həsənov, Fərid Kərimli, Əli Həsənov, Nurlan Səmədzadə, Ismayıl Məmmədov, Teymur Mirzəyev kollecdən qovuldular. Sonra müəyyən məbləğin müqabilində yenidən bərpa olundular”.
Müəllimlər qəzetimiz vasitəsilə dövlət başçısı Ilham Əliyevə müraciət edərək Sumqayıt Tibb Kollecində baş verənlərlə bağlı tədbir görməsini xahiş edirlər.

 

İnformasiya şöbəsi