Medvedev isə Liviya hökumətini məsuliyyətli olmağa çağırıb
Rusiyanın baş naziri Vladimir Putin Qərb dövlətlərinə müraciət edərək Ərəb dünyasındakı inqilablara müdaxilə olunmamasını istəyib. Onun sözlərinə görə, bu ekstremistlərin hakimiyyətə gəlməsinə yol aça bilər: “Siz insanlara öz talelərini və gələcəklərini müəyyən etmək, seçim etmək imkanı verməlisiniz ”. Baş nazir bu sözləri Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo ilə birgə mətbuat konfransında deyib.
Ekspertlər hesab edir ki, Putinin həyəcanlanmasının səbəbi Rusiyada olan korrupsiyanın yüksək səviyyəsi və sosial-iqtisadi problemlərdir.
Rusiya prezidenti Dmitri Medvedyev isə Putindən fərqli olaraq, Ərəb dünyasındakı inqilablarla bağlı narahat görünmür. Əksinə, Medvedev Liviya hakimiyyətinin dinc vətəndaşlara qarşı güc tətbiq etməsini pisləyib: “Biz Liviya hakimiyyətini, məsuliyyət daşıyan bütün siyasi xadimləri təmkin nümayiş etdirərək vəziyyətin daha da pisləşməsinə, əhalinin qırılmasına imkan verməməyə çağırırıq. Əks halda bu cür hərəkətlər cinayət əməlləri kimi qiymətləndiriləcək”.
İnformasiya şöbəsi