Indi nə deyirsiniz, bütün bunlara dözək?!

Sabirabadda insanlar etiraz etdilər, hətta həbs edilənlər də oldu, təzyiqlə üzləşənlər də… Buna reaksiya hamıda təqribən belə oldu ki, “bəs Bakı niyə susur?” “Facebook” sosial şəbəkəsində öz ölkəsinin taleyilə maraqlanan insanların soruşduğu demək olar ki, bir sual vardı: “Nə zaman qalxırıq?”
Burada mənim yadıma balaca bir hekayət düşdü. Siçanlar canını pişikdən qurtarmaq üçün qərara gəlirlər ki, pişiyin boynuna zınqırov assınlar. Yəni, təhlükə yarananda səs gəlsin, onlar da qaçıb qurtulsun. Qərar verilir, amma qəliz bir məsələ ortaya çıxır: zınqırovu pişiyin boynuna kim asacaq?
Indi biz də hamımız soruşuruq, yazırıq, danışırıq, nələrinsə olacağını gözləyirik. Hətta paytaxtdan uzaq bir rayonda nəsə bir qarışıqlıq baş verir, biz yenə zınqırov haqqında düşünürük.

Biz doğrudanmı bu fürsəti ötürəcəyik?! Yenəmi utancverici bir rejimin qurbanları kimi yaşayacağıq?! Yenəmi haqqımızı kimlərinsə ayaqları altından qaldıra bilməyəcəyik?! Bütün dünyada millətlərin özünə sahibləndiyi bir vaxtda bütün gələcəyimizi, ömrümüzü, arzularımızı bir yığın YAP talançılarının əlində əsirlikdəmi saxlayacağıq?!

Bəhanələri səbəblər kimi özümüzə sırıyıb bunun arxasında gizlənməyək artıq. Dünyanın gözü qarşısında ən müti və ən qorxaq xalq damğasını qazanmaq istəmiriksə, bir an əvvəl ayağa qalxmalıyıq.

Son dövrlər bir-birinin ardınca dəhşətli hadisələr baş verir. Adamlar özünü yandırır, insanları polis döyüb öldürür, tələbə pulu olmadığından, ya da ondan istənilən rüşvəti ödəyə bilmədiyindən intihar edir… Bu kimi faktlar inqilab olan ölkələrdə o üsyanı tətikləmişdi. Bəs biz niyə susuruq? Niyə 19 yaşlı bir gəncin – Cabbarın həbsinə onun həmyaşıdı reaksiya vermir? Sabah Bakının küçələri qaynayanda gənclərin də ora axışacağına şübhəm yoxdur. Amma bu qaynamanın baş verməsi üçün bir yerdən “od vurulmalıdır” axı…

Birini həbs edirlər, şərləyirlərsə, deməli, heç kim bundan sığortalı deyil. Polis bölməsində öldürülən Elvin məgər siyasətlə məşğul idi? Yox, adi bir vətəndaşdı, amma bu rejimin qurbanı oldu. Gədəbəydə məmur harınlığından özünü yandıran ailənin də siyasətə aidiyyəti yox idi, amma bu iqtidarın, zorakı rejimin amansızlığı onlardan da yan keçmədi. Demək ki, bu ölkədə “mən siyasətə qarışmıram” deyib öz ömrünü yaşadığını zənn edib, beləliklə də ona bir şey olmayacağını düşünənlər yanılır. Çünki siyasətə qarışıb-qarışmamaq əsas deyil. Əsas olan o siyasətin amansızlığının sənin ətrafında daim bir timsah kimi dolaşıb-durmasıdır.
Bu gün kafelərdə, universitetlərin həyətində saatlarla durub bəxtəvərcəsinə gülən gənclər, məgər Tibb Universitetinin tələbəsinin boğazına keçmiş ip bir gün sizin də boğazınıza keçə bilməzmi? Keçər, çünki hamınız rüşvətə və yalana bulaşmış təhsil sisteminin parçalarısınız. Özünüzü kənar tutmağa çalışsanız da, o universitetlərin qapısından içəri girəndə eyniləşib hamılıqla rüşvət və yalan, saxtalıq adlı bir divin ağzında oturursunuz. Bu divinsə nə zaman, harda kimi udacağı bəlli deyil. Əgər özünüzü qorumaq istəyirsinizsə, onda o divi zərərsizləşdirmək lazımdır, bunun üçün Məlikməmməd olub, sadəcə, isti quyunun qaynar hissəsindən keçmək səbrini və dözümünü nümayiş etdirmək lazımdir.

Tunis, Misir, indi də Liviya… Yüzlərlə gənc həyatını itirdi. Bizdə də insanlar ölə bilər. Bəlkə mən, sən, tanıdığımız və ya tanımadığımız insanlardan kimlərsə qurban gedəcək, timsah xislətli iqtidarın qanlı dişində məhv olacaq. Amma bunsuz milyonlar yaşaya bilməz. Bu, çoxlarına amansız görünə bilər. Lakin hər gün evimizə əxlaqsızlıqla soxulub bizim mənəviyyatımızı, əxlaqımızı öldürənlərlə, qadınlarımızın adının ən alçaq əməllərdə hallanmasıyla kişi qürurunun sınmasına dözməkdənsə, bir yığın məmurun harınlığıyla adam yerinə qoyulmadan yaşayıb hər gün ölməkdənsə, şərəflə ölmək daha düz deyilmi? Axı gündəlik mədəyə çörək qazanmaqla yaşadığını zənn etmək də yaşamaq deyil…

Mən buradan oxucuma müraciət edirəm: Sənin həyatının hər dəqiqəsi, günü, anı bölünməyibmi? Yaşadıqlarından bezməyibsənmi? Gündəlik eyni işləri görüb qəpiyi-qəpiyə calamaqdan yorulmamısanmı? Gözünün qarşısında yaramaz birinin ancaq quldurluqla yaxşı məşğul olduğuna görə varlanıb sənə hava ataraq aşağılamasından ürəyin qubarlamayıbmı? Hər şeyilə səndən aşağı birinin qapısı arxasında saatlarla, günlərlə növbə gözləyib, onun-bunun qarşısında boyun büküb durmaqdan, haqqının, əxlaqının, mənəviyyatının, sənə aid olan nə varsa, ayaqlar altına alınıb tapdanmasından, hər gün televiziyalardan sənə sırınan yalan dolu mənəviyyatsızlıqlardan bezməmisənmi?

Nəhayət, valideynlər, məktəbə apardığınız övladlarınızın “bizim sinifdə filankəs belə geyinir, belə maşında gəzir” deyib də, sizdən nələrsə tələb edəndə içinizə dolmuş qəhəri, qəzəbi uda-uda yaşamaqdan usanmadınızmı?
Indi nə deyirsiniz, bütün bunlara dözəkmi?!