Heyvandarlığın inkişafı

Azərbaycanda heyvandarlığın inkişafı haqqında qibleyi-aləm Ilham müəllim sərəncam imzalayıb. Sərəncamın həyata keçirilməsi üçün 5 milyon manat pul da ayrılıb. Öz kabinetində mal kimi böyürən rəisləri, vətəndaşların qarşısında ağnayan rəhbərləri, köməksiz insanları dəli inək balasını tapdayan kimi əzən “iri biynuzlu” (ifadə Qənimət Zahidindir) məmurları görəndə həmişə düşünürdüm ki, heyvandarlıq bizdə öz yüksək zirvəsinə çatıb. Deyilmiş. Ya da “inkişafın sonu yoxdur” deyənlər gerçəkdən haqlıymış…

Murtuz Ələsgərov toxunulmazdı?

Bakı Dövlət Universitetində rektorluğun geniş iclası keçirilib. Iclasda dörd vəzifəli şəxsin işdən azad edildiyi açıqlanıb. Bunun adını “islahat”, “BDU-nun imicinin yüksəlməsi üçün atılan addım” qoyublar. Mən o vəzifədən çıxarılan adamların adını bir-bir diqqətlə oxudum. Gözüm orada bir ad axtarırdı – Murtuz Ələsgərov.
Murtuz Ələsgərov yüz faiz islahatın subyekti olmağa layiq şəxsdir. Adam xeyli yaşlanıb, sağlamlığında problem var. Balaca uşaq da bilir ki, o dərs keçmək, rəhbərlik etmək iqtidarında deyil. Belə bir imkan olsaydı, Murtuz müəllimi bu dəfə də deputat edərdilər.

Murtuz müəllim universitetin “Konstitusiya hüququ” kafedrasının müdiridir. O, düz 46 ildir ki, bu vəzifədədir. Təsəvvür edirsinizmi, Murtuz müəllim öz kürsüsündə Qəddafidən də əvvəl oturub.

Murtuz müəllim işə gəlməyə-gəlməyə, siz hələ də onu vəzifədə saxlayırsınızsa, islahatınıza bir quş, Abel müəllim. Onsuz da bəllidir ki, antikorrupsiya, islahat haqda sizə bir-iki aylıq tamaşa göstərmək tapşırılıb. Insafınız olsun, heç olmaya, bu tamaşanı elə oynayın ki, ucuz Meksika serialları kimi ilk dəqiqələrdən ürək bulandırmasın.
Universitetdə vəzifədən çıxarılanlardan biri Sədiyar Zeynalovdur. Bu adam əslində, pedaqoq yox, biznesmen idi. Geniş ictimaiyyət bugünlərdə onu dövlət başçısının əmisi Cəlal Əliyevlə mal-mülk davasına çıxmasından tanıdı.
Cəlal Əliyevin Ilham Əliyevlə arasının pis olduğunu eşitmişdik. Zeynalovun xəbərindən sonra tərəddüddəyəm. Əcaba, əmi ilə qardaşoğlunun arası düzəlib, yoxsa Abel Məhərrəmov “Roma papasından daha artıq katolik” olmağa qərar verib?

Elm və ölüm

Məktəbli olan vaxtlarımda sevdiyim nəşrlərdən biri “Elm və həyat” jurnalı idi. Dünən oxudum ki, jurnalın 50 illiyidir. Bu jurnala həqiqətən zəhmət, əmək sərf edən hər kəsə bir minnətdarlıq borcum var. Ancaq paradoks ondadır ki, dünyada elm yeni üfüqlər açdığı halda, bizdə qürubunu yaşayır. “Elm və həyat” jurnalı Milli Elmlər Akademiyasının orqanıdır. Akademiya nə gündədirsə, onun nəşri də o gündədir. Bilmirəm müasirlərimizdən kimin sözüdür, Azərbaycan Elmlər Akademiyasının elmə heç bir aidiyyəti yoxdur. Necə də olsun axı? “Iki eşşəyin arpasını bölə bilməyən” polis çavuşuna 500 manat maaş verən hökumət Akademiyanın elmi işçilərinə bilirsinizmi nə qədər maaş verir? 90 manat. 90 manatla nəinki ortalığa elm qoymaq olmaz, bu pula heç Bayram Kürdəxanlıya ortabab meyxana da dedirtmək mümkün deyil.

Akademiyada çalışan köhnə tanışımın birilə iki gün əvvəl rastlaşdım. O, hətta ən zəruri ehtiyaclarını qarşılaya bilməməyindən, məsələn, uşağına gündə 20 qəpik verə bilmədiyindən, çürük dişlərini müalicə imkanının yoxluğundan danışmışdı. Elmi dişsiz qoyan bir ölkədəyik…
“Bu günlər bitsin” demirsinizmi?