Dünya xəritəsi nə göstərir?

Bəlkə də ötən əsrdə Ispaniyada baş verən vətəndaş müharibəsindən sonra vətəndaşlarına qarşı aviasiyadan istifadə etmək heç kimin ağlına gəlməmiş, yuxusuna girməmişdi. Liviyada bu oldu. Bir vaxt özünün siyasi əcaiblikləri ilə cənub-şərqi Asiya məşhur idi. Indi siyasətin əqrəbi Yaxın Şərq, Şimali Afrika istiqamətinə dönür. Indi bu hadisənin detallarına varmaq istəməzdim. Ən azı ona görə ki, xeyli müddətdir elə bu hadisələrdən yazıram. Bu heç də mövzu qıtlığından yaranmır, sağ olsun şanlı hakimiyyətimiz, bizləri heç darıxmağa qoymur. Onda mən niyə Yaxın Şərq və Şimali Afrika hadisələrinə bu qədər diqqət yetirirəm? Mənim üçün hər iki fenomen, inqilab və diktator böyük maraq kəsb edir. Həm də bu, üsyanlar silsiləsidir, sanki kimsə eyni vaxtda bütöv bir regionda inqilablara start verib, sözün əsl mənasında bölgə qaynayır. Belə böyük hadisələr zamanı sonda hansısa bir siyasi tezis özünü təsdiq edir. Mən də ümid edirəm ki, bu hadisələr neo-monarxiyalara son qoyacaq. Rus filosofu A.Zinovyev yazırdı ki, cəmiyyətin naqislikləri elə onun böyük məziyyətlərindən doğur. Bunu bəlkə elə tarixi dövrlərə də şamil etmək olar. Bəli, böyük zamanların naqislikləri onların ləyaqətli cəhətindən törəyir. Afina demokratiyası və Sokratın ölümü! Böyük Fransa Inqilabı və gilyotina! Nisbilik nəzəriyyəsi, kvant mexanikası, psixoanaliz və faşizm! Və təbii ki, demokratiyalar və bir də fəaliyyətini demokratiyalar çətiri altında yapan neomonarxiyalar! Sonuncunu da 20-ci əsrin “fəzilətləri” sırasına aid etmək olar. 20-ci əsri prezident və parlament respublikalarının da böyük triumfu elan etmək olar. Amma bir nüans var. 20-ci əsrdən əvvəl hələ heç bir diktatorun ağlına özünü prezident adlandırmaq gəlmirdi, hər halda mən belə bir hadisə xatırlamıram. Bu, 20-ci əsrdə oldu və bunu elə həmin əsrin naqislikləri sırasına yazmaq olar. Indi də ümid edək ki, 21-ci əsr buna son qoyacaq.

Bir vaxt Rusiyada qırmızı zolaqları qeyd etmək dəbdə idi. Bunlar kommunistlərin güclü olduğu bölgələr idi. Bu zolaqlar sıradan çıxdı. Indi bu gün daha çox maraq kəsb edən despotiya zolaqlarıdır. Ulduzlar qruplar kimi yarandığı tək despotiyalar da assosiasiyalar kimi formalaşır. Hazırda diqqət çəkən region bu baxımdan çox xarakterikdir – təsadüfi deyil ki, bu, indi ərəb üsyanlarının baş verdiyi bölgə adlanır. Başqa bir despotiya zolağı varmı? Uzağa getməyin, xəritəyə diqqət edin. Bir vaxt türk zolağı adlandırılan zolaq indi əsl despotiya zolağına çevrilib, təbii ki, Türkiyəni və Qırğızıstanı çıxmaq şərtilə. Bu detal, eləcə də dünyanın gedişi, ərəb inqilablarından sonra türk inqilablarının baş verə bilməsini istisna etmir. Bir çox parametrlərinə görə bu region Yaxın Şərq və Şimali Afrika regionu ilə identikdir – uzunmüddətli, üzücü prezidentlik müddəti, avtoritar rejim, korrupsiya və işsizlik… Əgər biz 30 il hakimiyyətdə olan H.Mübarəkdən və yaxud da 41 il hakimiyyətdə olan M.Qəddafidən danışırıqsa, burada da artıq 30 il hakimiyyətdə olan I.Kərimov və N.Nazarbayev var. Bəs onda sonuncular və eləcə də digərləri Yaxın Şərq və Şimali Afrikada baş verən proseslərdən niyə nəticə çıxarmırlar? Bəlkə də istəyirlər, amma bacarmırlar, çünki onlar özlərinin on illərlə davam edən bir hakimiyyətləri ilə geriyə aparan qapıları bağlayıblar, bəli, onların geriyə yolu yoxdur.

Demokratiyanın imitasiyasının son akkordları

Imitasiyanın da dövrü bitmək üzrədir. Artıq dünyanın rəngləri aydınlaşır, bir daha heç kim yarımçıq demokratiyaya əsl demokratiya, inkişaf etmiş ölkə və dövlət deməyəcək. Ərəb diktatorlarının məntiqinə görə onların bərqərar etdiyi rejimdə “bədəvilər” üçün kifayət qədər azadlıqlar vardı – yalançı olsa da, seçki, dünyəvi dövlət, məhkəmə, parlament, qərəz, bir sözlə, hər şeyin əsli, orijinalı olmasa da, karikaturası vardı. Onların məntiqinə görə “bədəvi” ərəblərə bu, hələ yüz il bəs etməli idi. Amma birdən məlum oldu ki, bu, heç də belə deyil, azadlıq da ya olur, ya da ki, olmur, o, heç vaxt yarımçıq olmur, xüsusən də 21-ci əsrdə!