Dövlət Dil Komissiyası adlı dövlət dilinə nəzarət edəsi bir qurum var. Bu Komissiyanın sədri bilirsinizmi kimdir? Artur Rəsizadə!
Artur müəllimin Dil Komissiyasına sədrlik etməsi Əliyev iqtidarının mahiyyətini ortaya qoyan bir zaddır: bu ölkədə kim nəyi bacarmırsa və kimdə nə yoxdursa, həmin adamı arayıb-axtarıb başı çıxmayan yerə başçı qoyurlar.
Artur Rəsizadənin Azərbaycan dilini düz-əməlli bilmədiyi ibtidai təfəkkürlü hər kəsə bəlli; sözüm bunda deyil.
Beynəlxalq Ana Dili günü münasibətilə türkoloq Tofiq Hacıyev bir açıqlama verib, hamının bildiyi bu həqiqəti etiraf eləyib. Zavallı alim xeyli sığortalanıb da – prezidentin nitqini göylərə qaldırandan, “siyasi uzaqgörənlik” nümayiş etdirəndən sonra deyib ki, “kaş Rəsizadə onun (Ilham Əliyevin) yarısı qədər danışmağı bacaraydı”.
Amma siyasi jestlər, Ilham Əliyevə yarınmaq, prezidentin kölgəsinə sığınmaq da Tofiq Hacıyevi xilas etməyib. Qalmaqal başlayıb və bədbəxt alim redaksiyaya müraciət edib – Artur Rəsizadənin nitqi barədə heç nə demədiyini söyləyib, hətta “jurnalistin yazını hazırlayarkən sərbəstliyə yol verdiyi” iradını bildirməyi də unutmayıb.
Tofiq Hacıyevin “Azadlıq” radiosuna verdiyi müsahibə lentə alınıb və adam söylədiklərini heç bir halda təkzib edə bilməz. Zatən, söylədikləri də həqiqətdir – təkzibə zərrə qədər ehtiyac yoxdur!
Görünən odur ki, bu binəva alimi ölkədəki təkcə dillə bağlı reallığın mində birini dilinə gətirdiyinə görə çarmıxa çəkiblər, adam da ictimaiyyət önündə heç bir məsuliyyət, utancaqlıq hiss etmədən sözünü danmaq üçün “cəsarətlə” redaksiyaya zəng etməyə özündə həya tapıb.
Hakimiyyətin haqq deyən dilləri kəsməsi günümüzün gerçəkliyidir. Məni ayrı məsələ narahat edir: Tofiq Hacıyevin 80-nə yaxın yaşı var – həyatda nə etmək mümkündürsə, edib. Akademiyanın müxbir üzvüdür, kitabları, elmi statusu yetərincədir. Bildiyim qədərincə, həftənin 8 (!) gününü evdə keçirir, stabil işə çıxmağa səhhəti imkan vermir. Bəs, nədən qorxur? Niyə sözünü danır? Axirət yaşı yetişdiyi halda niyə Haqqın yox, yenə nahaqqın yanındadır? Işdən qovulmaqdanmı narahatdır? Bu yaşda adam da iş itirməkdən qorxarmı?
Belə “aydın”ı olan milləti əlbəttə ki, kor edəcəklər!
Oxu bala, səni istəyir Əlibaba
Bu xarabada heç bir seçki normal keçirilmir. Ona görə növbəti Muğam müsabiqəsinin də növbəti biabırçılıq olmasını təxmin edirdim. Amma bu boyda utanmazlığı təsəvvürümə belə gətirə bilmirdim.
Dünən Pərvin Məmmədli adlı “17 yaşlı” gənc bir təsnif oxudu. Adam bircə dəfə də olsun, oxuduğu kökü tuta bilmədi. Başdan-başa xaric gəzişmələri o qədər qabarıq idi ki, hiss etməmək üçün yalnız eşşək olmaq lazımdır.
Amma jürinin səsverməsi başlayanda Əlibaba Məmmədov Pərvinin tərifini göylərə qaldırdı, xaric oxumalarını “17 yaşla” əlaqələndirdi, musiqi “usluqu”nu gözümüzə soxdu və maksimum xal verdi.
Bir adam balası adam tapılmadı deyə ki, Əlibaba müəllim, “musiqi usluqu” birbaşa notu düzgün tutan adamı xarakterizə edir. Pərvin, dediyiniz “usluqu” harda qoyub-qalıb ki, kökdən bu qədər qaçır? “17 yaşa” qalsa, 2 yaşında uşaq tanıyıram, elə gözəl qışqırır, bağırır ki, qulaq tutulur. Düzdür, həmkarınız demişkən, “quraşdırdığınız” mahnıları hələ oxuya bilmir, amma 2 yaşı var da, öyrənəcək!
Hələ kəndimizdə 3 aylıq bir qoduq var, elə “A-I” eləyir ki! O da sizin quraşdırdıqlarınızı oxumağı bacarmır, ancaq 3 aylıqdır, düzələcək, böyüyüb-böyüyüb qəşəng eşşək olacaq və gözəlcə anqıracaq! Onu da götürün Muğam müsabiqəsinə. Necədir?..
Ədalət naminə deməliyəm: Arif Babayev Ə.Məmmədova müraciətlə, “sağ ol ki, bundan (Pərvindən) oxuyan düzəltmisən” ironiyasını dilə gətirdi, “17 yaşlı” uşağın oxuya bilmədiyinə eyham vurdu. Amma təəssüf ki, həmkarının ədalətsiz yanaşmasını durdurmağa cəsarəti çatmadı.
Beləcə, Əlibaba Məmmədovun “düzəltdiyi konfet”i bütün jüri “məmnuniyyətlə” daddı, millətin gözü qabağında növbəti biabırçılıq yapıldı…
Ürəyim soyumadı, Əlibaba müəllimə Xan Şuşinskinin bir hikkəsini xatırlatmam gərək: Xan əmi hirslənəndə söyərmiş ki, yalançının atasının goruna filankəsin (adını yazmıram) zənguləsi!
Ustad indi yaşasaydı, mütləq deyəcəkdi: Muğam müsabiqəsində ədalətsizlik eləyənlərin əbəc-əcdadına Pərvin Məmmədlinin “usluqu”!