Bir “Qoca”nın yaratdığı xarüqələr

«Namiq Məmmədov iki nəfəri öldürdüyünə görə deyil, «Şəmkirli Saşa»ya güllə atdığına görə həbs edilib»

«Şəmkirli Saşa»ya güllə atan «Qoca» mənim kürəkənimi də öldürüb»

Yaqub Həsənovun qətlə yetirilmə- sindən 4 ilə yaxın vaxt keçsə də, hadisəni törədən şəxs – Namiq Məmmədov məsuliyyətə cəlb olunmayıb. Namiq Məmmədov hazırda məhbəs həyatı yaşayır. Amma tamam başqa bir hadisəyə görə… Bu barədə az sonra.

Namiq kürəkənimi öldürdü, oğlumu da xəstəxanalıq etdi

Bizimlə söhbət edən mərhum Y.Həsənovun qaynatası Rafiq Nəcəfov deyir ki, kürəkəni 2007-ci ilin sentyabrın 14-də qətlə yetirilib: “Y.Həsənov yaşadığı evin qarşısında maşınından düşüb evə gedərkən beş güllə yarasından yerindəcə keçinib. Bundan əlavə, Namiq Məmmədov bir güllə oğlumun qaraciyərinə, bir güllə mərhumun avtomobilinə, bir güllə də dayanacaq gözətçisinin köşkünə atıb”. R.Nəcəfov bildirir ki, baş vermiş hadisə ilə əlaqədar 86734 nömrəli cinayət işi qaldırılıb: “Istintaqı əvvəl Bakı şəhər Nəsimi rayon prokurorluğunun müstəntiqi Rəşad Əliyev, sonra isə Baş Prokurorluq aparıb. Amma bir müddətdən sonra işə xitam verilib”.
Cinayət işi ilə bağlı heç bir yeniliyin olmadığını görən Nəcəfovlar ailəsi aidiyyəti qurumlara bununla bağlı müraciətlər edirlər. 2010-cu il dekabrın 15-də ailəyə cavab gəlir ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyinə görə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən sözügedən cinayət işi üzrə icraat dayandırılıb.
R.Nəcəfov qətli törədən şəxsi tanıdığını deyir: “Kürəkənimi öldürən, oğlumu yaralayan ”Qoca” ləqəbli Namiq Məmmədovdur. Hadisə olandan bəri oğlum qorxu içində yaşayıb. Hazırda xəstəxanada psixi xəstə kimi qeydiyyatdadır”.
“Ölümündən əvvəl ”Qoca”nın kürəkənimə üç yüz min ABŞ dolları məbləğində borcu var idi. Lakin “Qoca” borcu ödəməkdən imtina edirdi. Üstəgəl, kürəkənimi hədələyirdi. “Qoca” bu qətldən sonra Rusiyaya qaçıb. Dəfndə iştirak etməyib. Halbuki onlar yaxın dost olublar və məntiqlə “Qoca” dəfndə iştirak etməliydi” – deyir R.Nəcəfov. O həmçinin qeyd edir ki, kürəkəni öldürülməzdən öncə dəfələrlə ailəsinə başına bir şey gəlsə, “Qoca” tərəfdən olacağını deyirdi.
R.Nəcəfov deyir ki, Namiq Məmmədovun arxasında Bakı şəhər Baş Polis Idarəsinin rəis müavini Elxan Həsənov durur: “Namiq Məmmədovla Elxan Həsənov qudadır. Yəqin ki, bütün bu olayların ört-basdır edilməsində E.Həsənovun xidmətləri var”.

Qətli “Qoca” Namiq, yoxsa “Telli” Namiq törədib?

R.Nəcəfovun sözlərinə görə “Qoca”nın əməlləri bununla bitmir. Belə ki, N.Məmmədov başqa bir şəxsi də öldürüb. Öldürdüyü şəxsin yaxınları ilə bizi görüşdürə biləcəyini dedi. Bəli, dediyi kimi də etdi. “Qoca”nın öldürdüyü iddia edilən Vaqif Quliyevin qardaşı Eldar Quliyevlə görüşdük. E.Quliyev deyir ki, qardaşı 1994-cü il 9 yanvarda Bakıya toya gəlib (Mərhum Vaqif ailəsi ilə Ucarda yaşayırdı): “Qardaşımla Namiq əvvəllər dost olublar. Toyda sözləri çəp gəlib. Bir az mübahisə ediblər. Sonra ətrafdakılar problemi yoluna qoyub, heç nə olmamış kimi məsələ həll edilib. Vaqif ”Abşeron” mehmanxanasına gedib. Axşam saatlarında Namiqgil mehmanxanaya gəlib Vaqifə istirahət üçün məkan təklif ediblər. Razılaşdıqdan sonra Mir Cəlal küçəsi ilə Cəbiyev küçəsinin kəsişdiyi yerdə maşından düşüblər. Arxadan “Makarov” tipli tapançadan ona dörd güllə vurandan sonra hadisə yerindən qaçıblar”.
E.Quliyev deyir ki, ətrafdakı sakinlərdən kimsə səsə gəlib və təcili tibbi yardıma zəng edib: “Vaqifi TTYS-ə aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb. Yalnız bir gün yaşaya bildi. Vaqif bütün qohum-əqrəbanın yanında hamımıza ”məni Namiq Məmmədov qaynı Murad Aslanov, sürücüsü Rafiq Süleymanovla öldürmək üçün restorana aparmaq adıyla bir tinə gətiriblər və arxadan dörd güllə vurdular” – dedi. E.Quliyevin sözlərinə görə, “Qoca” iki il bu məsələylə bağlı axtarışda olub: “Namiq Məmmədovun qohumu olan prokuror qətli, ”Qoca Namiq” yox, “Telli Namiq”in törətməsi barədə saxta qərar çıxardı. Dünyada olmayan “Telli Namiq” müəyyən edilmədiyi üçün cinayət işinə xitam verildi”.
Eldar Quliyev deyir ki, dəfələrlə ölkə başçısına və baş prokurora müraciət ediblər: “On yeddi il əvvəl baş verən cinayət ört-basdır edilir. Qardaşımın qətli ilə bağlı istintaq yekunlaşmayıb. Qətli ”Qoca” həyata keçirib və bu barədə dəlillər var. Mən Zakir Qaralovun qəbulunda olarkən baş prokurorluğun əməkdaşı qətli “Qoca”nın törətdiyini bildirdi. Bu söhbət Zakir Qaralovun yanında olub. Buna baxmayaraq “Qoca” himayə olunur”.
Şikayətçilərin sözlərinə görə, “Qoca” “Razin Şahin” ləqəbli Şahin Ələsgərovun qətlində də şübhəli bilinir.

Bəs “Qoca” nə üstündə yatır?

N.Məmmədova qarşı üç maddə ilə ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, satma, saxlama, daşıma, gəzdirmə) və 322-ci (özbaşınalıq) maddələri ilə ittiham olunur. Ittiham görə, 2010-cu il fevralın 28-dən martın 1-nə keçən gecə Yasamal rayonu ərazisində, Hüseyn Cavid parkının yaxınlığında “Şəmkirli Saşa” kimi tanınan Şahbaz Süleymanov silahlı basqına məruz qalıb. Ş.Süleymanov “Mercedes” markalı avtomobilində olarkən, ona tapançadan atəş açılıb. Ş.Süleymanovun başına tuşlanan güllə təsadüf nəticəsində avtomobildə quraşdırılmış monitora dəyib.
Istintaq zamanı məlum olub ki, uzun müddət Rusiyada yaşayan tanınmış iş adamı, “Şəmkir” Futbol Klubunun sabiq prezidenti Ş.Süleymanovla “Qoca” ləqəbli şəxs arasında pul üstündə mübahisə yaranıb. Belə ki, “Şəmkirli Saşa” borc aldığı 540 min ABŞ dolları məbləğində pulu qaytardıqdan sonra Namiq Məmmədov ondan 240 min ABŞ dolları tələb edib. Tələb olunan pulu vermədikdə isə ona tapançadan atəş açıb. Hadisəni törətməkdə şübhəli bilinən “Qoca” saxlanılıb.
Ittiham aktında Namiq Məmmədovun hədə-qorxu yolu ilə daha bir iş adamına qarşı özbaşınalıq etdiyi barədə məlumatlar yer alıb. Belə ki, Adil Rəhimov adlı iş adamı N.Məmmədovdan 1 milyon dollar məbləğində borc pul istəyib. N.Məmmədov həmin məbləğdə pulun 850 min ABŞ dollarını adı istintaqa məlum olmayan şəxsdən götürərək(?!) Adil Rəhimova verib. 150 min dollar məbləğində pulu isə Sabir Ilyasov adlı iş adamından Adil Rəhimovun Bakıdakı evini girov qoyaraq götürüb. A.Rəhimov bir müddətdən sonra borc aldığı pulların hamısını qaytarıb. Lakin “Qoca” A.Rəhimova hədə-qorxu gələrək həmin evi qaytarmayıb. Ev başqa adama satılıb.
Bütün bu olanlardan sonra “Qoca” iki il azadlıqdan məhrum edilib. Hazırda məhbəs həyatının bir ilini başa vurub və bir ildən sonra azadlığa çıxacaq.

Ramin DEKO