Türk şirkətləri Azərbaycanı niyə tərk edir?

Məhəmməd Talıblı: «Son dövrlər türk şirkətlərinə olan münasibət onların ölkədən getməsiylə nəticələnir

 

Məlum olduğu kimi, Türkiyənin “Migros Ticarət” şirkəti “Ramstore” MMC-nin bütün səhmlərini BƏƏ-nə məxsus “Intersun Holding”ə satıb. “Migros”un baş direktoru Ömər Özgür Tort Qazaxıstan kimi gəlirli və sürətlə böyüyən bazarlara maraqlarının artdığından Azərbaycandan çıxmaq qərarına gəldiklərini deyib.
Bu vaxta qədər də bir çox xarici şirkətlər Azərbaycanda öz fəaliyyətini dayandırmışdı. Artıq bu sıraya türk şirkətləri də qoşulur. Bir-birinin ardınca xarici şirkətlərin ölkəni tərk etməsi nədən xəbər verir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı buna əsas səbəb kimi ölkədə qeyri-neft sektorunda rəqabət mühitinin hökm sürməməsini göstərdi: “Ölkədə normal biznes şəraiti yoxdur. Biznes mühitinə olan dövlət münasibəti, investisiya mühitinin normal olmaması belə subyektlərin Azərbaycanı tərk etməsinə gətirib çıxarır”.
Ekspert ölkədə iqtisadi münasibətləri tənzimləyən mövcud normaların da dəqiq müəyyənləşmədiyini qeyd etdi: “Yetərincə böyük maliyyə, kapital imkanları olan şirkətlər bir müddətdən sonra müflis olur. Ancaq bu vaxta qədər heç bir biznes uğuru olmayan şirkətlər böyük investisiya layihələrini, tenderləri udurlar. Bu da onu göstərir ki, ölkədə şirkətlərin təcrübələri, imkanları nəzərə alınmır. Burda daha çox hansısa məmurun təqdimatı böyük rol oynayır”.
Ekspertin sözlərinə görə, biznesdə subyektiv rəylər aparıcı olduqda rəqabət imkanları aşağı olur. Bu səbəbdən də biznes sahəsində fəaliyyət göstərən şirkətlərin sayı azalır. Eyni zamanda son dövrlər türk şirkətlərinə olan münasibət onların Azərbaycandan getməsiylə nəticələnir.

 

Fizzə