“İranlı aksiyaçıların şücaətini alqışlayırıq”

Klinton İran rejimini müxalifləri vəhşicəsinə əzməkdə qınayıb

 

ABŞ dövlət katibi Hillari Klinton bəyanat yayıb. İran hökumətinin dinc aksiyaçılara qarşı zorakılığını kəskin pisləyən dövlət katibi ABŞ hökumətinin İranda insan hüquqlarının pozulmasından ciddi narahat olduğunu bəyan edib.
Fevralın 14-də və 20-də İran müxalifətinin Tehranda və başqa şəhərlərdə keçirdiyi dinc aksiyalar qanlı qarşıdurmalarla nəticələnib. Tehranda iki, Şirazda bir nəfər həlak olub.

 

İranlı aksiyaçıların şücaətini alqışlayan Hillari Klinton hökumətin dinc müxalifləri “vəhşicəsinə” əzməsini qınayıb: “Son 10 gündə biz öz təməl hüquqları üçün küçələrə axışan on minlərlə igid iranlının keçirdiyi aksiyaların şahidi olmuşuq. Lakin artıq dünyaya bəlli olub ki, İran hökuməti Orta Şərqdə başqalarına tövsiyə etdiyi hüquqları öz xalqından əsirgəyir.
İran rejiminin rəhbərləri küçədəki aksiyaçıları əzməklə yanaşı siyasi fəalları, hüquq müdafiəçilərini də hücuma məruz qoyur, siyasi məhbus ailələrinə, bir sıra keçmiş deputatlara, müxalif ruhanilər və onların övladlarına, universitet müəllimləri və tələbələrə, eləcə də jurnalistlərlə bloqçulara qarşı təzyiq və zorakılığı sərtləşdirib” (media forum).