Masallı və Tərtərdə caamata işlətmədikləri qazın bildirişi gəlib
«Azəriqaz» isə problem varsa, müraciət edin, deyir
Bu günlərdə Masallıda qaz idarəsinin sakinlərdən işlətmədikləri qazın pulunu almaq cəhdində bulunması kütləvi narazılığa səbəb olub. Masallı sakinlərinin bir qrupu “Azadlıq”a müraciət edərək bildiriblər ki, rayon artıq bir neçə aydır sayğac sisteminə keçməsinə baxmayaraq, əhaliyə sayğacda qeyd olunan rəqəmdən əlavə borcla bağlı bildiriş gəlib.
Bütün bildirişlərdə sakinlərə 150-200 manat məbləğində borc yazılıb. Bu borcun hardan yığıldığı əhaliyə məlum deyil. Sakinlərin sözlərinə görə, qaz pulu yığanlar bildirişin hansı əsasla paylandığını izah etməkdə çətinlik çəkirlər. Lakin rayonda yayılan məlumatlara görə, qaz idarəsinin bu addımı müdhiş korrupsiya faktını ört-basdır etmək məqsədi daşıyır. Məlumatlarda deyilir ki, əhalidən yığılan qaz pulu mənimsənilib. Elə bu üzdən də yaranan boşluğu doldurmaq üçün əhaliyə “müraciət” olunub. Onu da qeyd edək ki, əhaliyə gələn bildirişlərlə bağlı Masallının Türkoba kəndində fevralın 21-də böyük etiraz aksiyası keçirilib.
Oxşar problem Tərtər rayonunda yaşanıb. Tərtər şəhər sakini Etibar Ələkbərovun qəzetimizə verdiyi məlumata görə, rayon ərazisində əhalinin əksəriyyətinə işlətmədiyi qazın bildirişi gəlib. Sakinlərin sözlərinə görə, ötən müddət ərzində qaza görə ödədikləri pulun qəbzlərini tutuşdurduqları zaman məlum olur ki, qeydiyyata ödəniləndən az məbləğ düşüb.
Məsələ ilə bağlı əvvəlcə Masallının qaz idarəsi ilə əlaqə saxladıq. Amma idarənin telefon qovşağında təmir getdiyindən hər zəngimizdə ayrı-ayrı şöbələrə düşürdük.
Mövzuyla bağlı müraciət etdiymiz növbəti instansiya “Azəriqaz”ın mətbuat xidməti oldu. Mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı sakinlərə gələn borcun əsassız olduğu ilə bağlı iddiaları təkzib etdi: “Əgər bildiriş gəlibsə, deməli, əhali bu qazdan istifadə edib. Yəni bu, əhalinin faktiki borcudur. Əgər əhalinin hər hansı bir şikayəti varsa, bizdə yaradılan xüsusi komissiyaya müraciət edə bilər”.
Hikmət