«Rza Nuriyevin xatirəsi bütün demokratların qəlbində əziz yer tutur»
AXCP-nin Culfa rayon təşkilatının sədri, ötən ilin yanvarında Bənənyar hadisələri zamanı həbs olunan, 17 günlük həbsdən sonra vəfat edən Rza Nuriyevin ölümünün ildönümüdür.
Culfa rayonunun Bənənyar kənd sakini Kəmalə Əliyeva fədakar demokrat Rza bəy haqqında redaksiyamıza ilk qələm məhsulu olan bir yazı təqdim edib. Rza Nuriyevin xatirəsini ehtiramla anaraq, həmin yazını oxucularımıza təqdim edirik:
“Rza müəllim Bənənyar kəndində doğulmuşdu. O, bu kənddə, el-obasına yararlı insan idi. Onun atası Ibrahim kişi kənddəki məscidin tikintisini təşkil edən, kənddə ağaclar əkən, abadlıqsevər xeyirxah kimi tanınmışdı.
Rza müəllim bəstəboy, ağır yerişli bir kişi idi. Son görüşümüzü xatırlayıram. Onun qara gözlərinin içinə çox diqqətlə baxmışdım. O gözlərin içində kədər, niskil eyni zamanda qəzəb görmək çətin deyildi. Nədənsə, bu gözlər mənə alovlu şairimiz Xəlil Rzanı xatırlatdı…
Rza müəllim ədalət, haqq tərəfdarıydı, Imam Hüseyn aşiqlərindən sayılırdı. Haqsızlığa qarşı barışmazlıq onun başlıca keyfiyyətlərindəndi. Bu keyfiyyət uzun illər Naxçıvan kimi çətin zonada əqidəsindən dönməyə imkan vermədi.
O, Elçibəy əsgəri idi. AXCP yaranandan ilk gündən onu özünə məslək, əqidə seçənlərdən idi. Hər gün bir cildə girənləri, küləyin hara əsməsinə görə özünə əqidə seçənləri Rza müəllim sevməzdi, onlardan uzaq olardı, onlara qarşı barışmaz tövr göstərərdi.
Bənənyarda cinayət törədənlər bu cinayətin ağırlığını dərk edəndə Rza müəllimin nurlu simasına iftira atmağa başladılar. Onu gah silahlı dəstənin rəhbəri, gah da radikal qruplaşmanın rəhbəri kimi təqdim etdilər. Ancaq buna kimlər inandı ki?!
17 gün həbsxanada ac-susuz, işgəncələr altında saxlanıldı… Onunla görüşə həyat yoldaşına belə icazə vermədilər. Yenə Xəlil Rza yadıma düşdü, ancaq dərhal qeyri-ixtiyari Sovet Ittifaqını quranların ölənlərinə rəhmət oxudum. Çünki bizimkilərdən fərqli olaraq Firəngiz xanıma Lefertovada Xəlil Rza ilə görüşməyə imkan verirdilər.
Rza müəllim haqq uğrunda həyatını itirdi. Belələrinə şəhid deyirlər. Bizə görə o, ölməyib, necə deyərlər gedən cismidir, ruhu bizimlədir. O, son nəfəsinədək yorulmadan, qorxmadan döyüşdü və bizlərə örnək yaratdı.
Rza müəllimin dörd övladı qaldı. Mən sonda onlara üz tuturam: Bütün azadlıqsevər, ədaləti uca tutan insanlar sizin atanızla fəxr edir! Sizin bacı və qardaşlarız dünyada çoxlarının həsəd aparacağı qədər çoxdur!
Ruhun şad olsun, Rza müəllim!”