Doğrusu, “Antikorrupsiya”nın bir dram əsəri olması uğrunda hörmətli akademik-rejissor çox çalışır. Amma ssenari komediya janrındadırsa və aktyorlar məşhur gülüş ustalarından seçilibsə, ha əlləş, heç zad çıxan deyil. Məsələn, təsəvvür edin ki, Kral Lir obrazını canlandırmaq üçün səhnəyə Mister Bin çıxır, sonuc necə olacaq?
Dünya Bankının bir milyardlıq maliyyə dəstəyi ilə tamaşaya qoyulan bu “Antikorrupsiya layihəsi”də də ən unikal obrazların yaradılması, deyəsən, Vergilər və Təhsil nazirliklərinin payına düşüb.
Təhsil Nazirliyi “hərəyə bir müşavirə keçirək” kampaniyasına qoşulub təhsildə baş verən korrupsiya hallarının aradan qaldırılması yönündə atılan addımlardan danışdısa da, kimsəni cəzalandırmadı. Daha doğrusu, 70 artıq məktəb direktoru və müavinlərinin işdən getməsiylə bağlı bir siyahı açıqlandı, amma qısa sürədən sonra bildirildi ki, ictimaiyyət yanlış anlayıb, bu siyahı ümumilikdə son illər yaşı və ölümüylə əlaqədar işdən gedənlərin siyahısıdır. Hətta özündə cəsarət tapan Nazirlik sözçüsü medianı qınadı ki, niyə bu siyahını yanlış yozublar?
Adam, “Antikorrupsiya” çərçivəsində tədbir keçirib bir siyahı gözə üfürürsünüz, cəmiyyət bunu necə qəbul etməlidir? Biz hardan bilək ki, o siyahıya rəhmətliklərin adı “yalnız işdən çıxdıqları” üçün salınıb? Siz korrupsiyaya qarşı mübarizə devizi altında tədbir keçirmişdiniz, yoxsa, fatihə verməyə yığışmışdınız?
Vergilər Nazirliyi isə daha komik varianta əl atıb. Bir neçə işçisiylə danışıqlara gedib, onları öz nəzarətində olan firma-şirkətlərə “aylıq paket” müqabilində “məsləhətçi” göndərib. Nəticədə Vergilər Nazirliyi “korrupsiya mübarizəsi” dəyənəyilə bir neçə işçisini “qurban” kimi başımıza qaxdı…
Razılaşdırılmış şəkildə qovulanların layihə bitəndən sonra öz iş yerlərinə qayıdacaqlarına heç bir şübhə yoxdur. Zatən, Azərbaycan reallığında bu “qayıdışlar” çox normal qarşılanır. Bəs necə? Ramil Usubov “işində yol verdiyi nöqsanlara görə” polis sıralarından “xaric etdiyi” Möhübbət Hüseynovu bircə ay sonra daha yüksək vəzifəyə gətirə bilər; Zakir Qaralov “istintaqı məqsədli şəkildə yanlış apardığı” üçün qovduğu Göyçay rayon Prokurorluğunun müstəntiqi Aftandil Məmmədovu az sonra başqa rayona müstəntiq kimi təsdiqləyə bilər, amma Fazil Məmmədov rüşvət ittihamıyla bada verdiklərini geri qaytara bilməz? Niyə?
Geri qaytarmaq istəməsəydi, rüşvətə görə qovulanlar cinayət məsuliyyətinə cəlb olunardı ki?!
Fikrət Məmmədovun nəzərinə
Mən dünəndən bu sualıma Ədliyyə Nazirliyinin heç bir qurumundan cavab ala bilmirəm. Deməli, Qaradağ rayon məhkəməsinin hakimi Ismayıl Xəlilovun 12 kvadrat metrlik qəbul otağında 3-ü qadın, 2-si kişi olmaqla 5 nəfər şəxs oturub. Onların hamısı köməkçi olduqlarını bildirdilər.
Cənab nazir, bir hakimin neçə köməkçisi olur? Ştatda deyillərsə, bəs, bu “özəlləşmiş məhkəmə”də onlar maaşlarını hardan alırlar? Onlara aylıq əməkhaqqını hakim öz cibindənmi verir? Bəs, hakimin “cibindən verdiyi” maaşı onun cibinə kim qoyur?
Başqa problem də var:
Qaradağ rayon VVAQ şöbəsinin müdiri Tamilla (!) Babayeva milli soyad sonluqlarının Milli Məclisdə qəbul olunmadığını əsas gətirərək övladıma milli soyadlı şəhadətnamə verməkdən, mən də milli soyadsız şəhadətnamə almaqdan imtina etdim.
Cənab nazir, əvvəla, biz niyə aylarla oturub gözləməliyik ki, qanun Milli Məclisdə təsdiqlənsin? Yerlərə bu barədə təlimat vermək olmazmı?
Ikinci: Sizcə, milli soyadlarla bağlı təlimatı antimilli Tamilla adını və Babayeva soyadını daşıyan xanım icra edə bilərmi?