Kimdir xalq düşməni?

Hüsnü Mübarəkin ardınca Liviyada Qəddafi öz xalqına güllə atdı. Bu vəhşilik bizə yaxın keçmişimizi yenidən qiymətləndirmək üçün bir fürsət yaradır. “20 Yanvar” faciəsini deyirəm. Etiraf edək, “20 Yanvar” şəhidlərinə görə bizlərin arasında ruslara düşmən gözüylə baxanlar az deyil. Mübarək və Qəddafi bu cür düşünən insanlarımıza öz səhvlərini başa salmalıdır. Deməli, xalqı əzmək, ona güllə atmaq üçün mütləq başqa bir millətin, xalqın nümayəndəsi olmaq əsas və ya şərt deyil.
Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün xalqın düşməni birdir – istismarçı və diktatura rejimləri.
Təsadüfi deyil ki, bu cür rejimlərdə “xalq düşməni” ittihamı ilə tutulanlar həmişə normal dövlətlərdən çox olur. Necə deyərlər, “adımı səni qoyum, səni yana-yana qoyum” məsəli…

Xarici düşmən

Bütün tiranlar kimi, Qəddafi də fərqli olmadı. O, mübarizə meydanına çıxan insanları “xarici qüvvələrin agentləri”, ən yaxşı halda isə, “xaricilərin təxribatına uyanlar” hesab etdi. Sovet dissidenti Soljenitsinin Stalin repressiyaları ilə bağlı dedikləri yadıma düşür. O, yazırdı: “Troykalar” insanları bir ucdan elə intensiv “xaricdən pul alıb dövlətə qarşı çıxmaqda” ittiham edərək sürgünə yollayırdı. Adamda belə təəssürat yaranırdı ki, sanki böyük əmək kollektivləri, fəhlələr, müəllimlər, həkimlər, traktorçular xaricin verdiyi pulla dolanırmış…”

Inanın, sabah azərbaycanlılar da “Azadlıq” meydanına doluşsa, Ilham Əliyev açdığı 700 minlik iş yerlərindəki maaşları “Soros” Fondunun verdiyini çəkinmədən deyər.

“Qara bəxtimiz oyanmazmı?”

Ərəb xalqının mübariz əzmkarlığını hamımız diqqətlə izləyirik. Kaş ki, bir ibrət ala bilsəydik… Sağımızdan-solumuzdan hamı bizə mübarizə dərsi verməkdədir.
Azərbaycanlılar bir-birini aşağılamaq üçün “monqol” deyərdilər. Monqollar son beş ildə iki dəfə küçələrə axışıb haqlarını aldılar. Orta Asiyadakıların eyibini Qırğızıstan öz inqilabları ilə örtbasdır elədi. Daha o tərəflərə də lağ eləməyə üzümüz qalmayıb. Ərəb dünyası da bu yandan çıxdı…
M.F.Axundov bir vaxtlar dünyada nağıl icad eləməkdə ərəblərə çatacaq ikinci bir xalq olmadığını yazmışdı. Bütün Şərqi “Min bir gecə” nağılları ilə ovsunlayan ərəblər daha qafil qalmamağa qərar verib. Onlar nağıl dövrünə son qoyurlar. Əlbət, bizim də nağıllardan yorulduğumuz gün yetişər. Bir az yetkinləşməliyik yəqin…
Daşkəsənlilər, başınız sağ olsun!

Ilham Əliyev Əhəd Abıyevi Daşkəsənə icra başçısı yolladı. Bu xəbər çıxar-çıxmaz, internetdə yazılan şərhlərdə insanlarda bir əsəb partlayışı gördüm. Düzü, mən də bir anlıq heyrətləndim. Sonra soyuq başla düşündüm. Ilham Əliyevdən bundan gözəl qərar gözləmək olardımı? Əlahəzrət xalq arasında qətiyyən öz imicinin pozulmasına imkan vermir. O, bir daha bunu sübut etdi.

Ilham müəllim bütöv bir rayonun taleyini əhədabıyev kimi ən zəruri humanitar keyfiyyətlərdən məhrum olan birinə əmanət edəcək qədər qəddardır. Mən qibleyi-aləmdə xalqa qarşı bu qədər kin-küdurətin səbəbini düzgün təhlil etməkdə vallah-billah acizəm.

40 ildir azərbaycanlılar bu ailənin (Əliyevlərin) varlanması, dünyada sayılıb seçilməsi üçün can, mal xərcləyir. Millətin səfilliyi hesabına Əliyevlər milyardlar qazanıb. Bu qədər fədakar xalqı əhədabıyevlərlə cəzalandırmaq nəyə lazım, Ilham müəllim?