Alimi qovanlar iş başında

Vəkilin adı üstündədir – başqalarını müdafiə etmək. Onların haqlarını qorumaq. Amma bir baxırıq ki, artıq Azərbaycanda onların özlərinə belə, vəkil lazımdır. Onların özlərinin belə, müdafiəyə, qorumaya ehtiyacları var.

Məsələn, Osman Kazımov. Müsavatçıdır deyə, Vəkillər Kollegiyasının qapısını göstəriblər ona. Bu Vəkillər Kollegiyası bir növ Yazıçılar Birliyi kimi şeydir, başqa cür düşünənləri, fərqli fikirləşənləri sevməzlər. Həmən qapını göstərərlər. Həmən qovarlar sıralarından.
Kimdənmi öyrənmişlər? Kimdən olacaq, canım, Ilham Əliyevdən. Əlahəzrət taxta çıxar-çıxmaz ilk işlərindən biri nə oldu? Keçirdiyi bir iclasdan atası yaşda alimi qovdu! Nə var, nə var, o alim kral kimi düşünməmişdi, padşahın sözünün qabağına söz demişdi.

Osman bəyin qovulması da əslində həmin bulaqdan su içir. “Kim bizdən deyil, qovun!”, “Kim bizim kimi düşünmür, bizə düşməndi!” – Osman bəyə edilənlər Ilham Əliyevin qoyduğu bu yolun davamıdır.

Indi Vəkillər Kollegiyasının “Anar Rzayevi” – yəni sədri (düzü adını yadımda saxlamadım, heç lazım da deyil) çıxıb deyir ki, “gəlin çıxaq küçəyə və 5-10 adamdan soruşaq görək Osman Kazımovu tanıyırlarmı?” Adamda zehniyyəti görürsünüzmü? Allah qoymasa, hüquqşünasdır, gətirdiyi arqumentə baxın. Bu yoldaşa illah ki, tanınmış adam lazımdırsa, nəyi gözləyir, ölkədə tanınmış adam itinətökdür, alsın Nadir Qafarzadədən, Namiq Qaraçuxurludan-zaddan birini Vəkillər Kollegiyasına üzv eləsin. Hətta Əli Əhmədovdan xahiş etmək olar, bu il bizdən “Eurovizion”a gedəni tələm-tələsik YAP-a soxuşdurmasınlar, icazə versinlər ki, əvvəlcə Vəkillər Kollegiyasına üzv olsun.

Amma zarafat bir yana, mən hərdən heyrətlənirəm ki, yaptokratlar hər nazirliyin, idarənin, təşkilatın başına belə nadir tipləri haradan tapıb qoya bilirlər. Yəni, bu ölkə yerini, həddini, danışığını, davranışını bilməyəcək insanların yetişməsi üçün bu qədərmi münbitdir?
Keçənlərdə Daxili Işlər Nazirliyinin hansısa idarə rəisi (onun da adı yadımda qalmayıb, heç lazım da deyil, guya hansının Ramil Usubovdan bir fərqi var ki?) ADNA qətliamında suçlandırılanların vəkilinə qarşı yazı yazmış, həmin vəkilə qatilləri müdafiə etdiyinə görə dişinin dibindən çıxanı demişdi. Təsəvvür edə bilirsinizmi, hüquq-mühafizə orqanlarında o boyda vəzifə tutan bir adamın hüququn “h”sindən belə, xəbəri yoxdur. Fərqində deyil ki, vəkil olan biri, hər kəsin hüquqlarını qoruya bilər: bir suçlunun da, bir suçsuzun da. Məsumun da, terroristin də. Pinoçetin də vəkilləri vardı. Nə vaxtsa Ilham Əliyevin də vəkilləri olacaq. Çünki bir insanın ayağında nə qədər ağır cinayət olursa olsun, onun da hüquqları var və həmin hüquqlar qorunmalıdır. Bir hüquqsuzluğu başqa bir hüquqsuzluqla, bir ədalətsizliyi başqa bir ədalətsizliklə aradan qaldırmaq nə qanunlara sığar, nə əxlaqa.

Amma niyə çənəmizi yoruruq ki? Bunlara bundan sonra qanunmu anladacağıq, əxlaqmı anladacağıq? Adamların öz qanun və əxlaq anlayışları var. Yuxarıda da yazdıq, yenə yaza bilərik, lazımdırsa dönə-dönə yazarıq: “QOVUN! Ya qova-qova namərd eləyin, yaltaq eləyin, konstruktiv eləyin, tanınmış adam eləyin, ya da məzarlığa qədər qovun, məhbusluğa qədər, mühacirətə qədər qovun!” Budur bunların “qanun və əxlaq” anlayışı!
Ən əsası: bir alimi başqa cür düşündüyünə görə qovmağı özlərinə rəva görənlər gec-tez hamını hər yerdən qovmalıdırlar, heç təəccüblü deyil.

Günün adamını seçərkən

Hər halda mənim makaron fabrikim, saat firmam yoxdur deyə, “Ilin adamı”nı seçmək həvəsində və marağında deyiləm, ona görə də “Günün adamı”nı seçmək daha məsləhətdir.
Beləliklə, sual: “Günün adamı kimdir?”
A) Əhəd Abıyev – Daşkəsənin icra başçısı təyin edildiyinə görə;
B) Ilham Əliyev – Əhəd Abıyevi Daşkəsənə icra başçısı təyin etdiyinə görə.
Doğru cavabı müəyyənləşdirməyi hər kəsin vicdanına buraxıram.