Sumqayıt-88: «Əllərimi qazla yandırdılar»

Silva Kaputikyan məhkəməni pozur

əvvəli ötən saylarımızda

Şahid E.Kərimov da istintaq təcridxanasında saxlanılır.

Hakim:
– Mühakimə olunanlardan kimi tanıyırsınız?

Kərimov:
– Mən heç bir ifadə verməyəcəyəm, çünki məni aldadıblar.

Sədrlik edən:
– Sizi kim aldadıb?

Şahid:
– Bilmirəm kim aldadıb, iki nəfər gəlmişdilər, dedilər ki, mənim əleyhimə ifadələr var. Sonra başqa bir müstəntiq gəldi, dedi ki, bu adamı tanıyırsanmı? Mən tanıdığımı bildirdim. Bundan sonra izahat verdim. Sonra mənim əleyhimə ifadə verən adam yoxa çıxdı.

Sədrlik edən şahidi yarıda kəsir:
– Bizi sənin ifadən maraqlandırır.

Şahid:
– Mən ifadə verməyəcəyəm…
Prokuror ona bir daha qanunu izah edir. Məhkəmə şahid Kərimovun iştirakı olmadan ilkin istintaqa verdiyi ifadənin oxunması haqqında qərar çıxarır.
Haqqında həbs-qətimkan tədbiri seçilən şahid A.Babayev mühakimə olunanları üzləşmədən sonra tanıyır.

“Məni huşumu itirənə kimi döydülər”

Şahid deyir:
– Fevralın 29-da mən evdə olmuşam. Məni hadisələrdən bir ay sonra həbs ediblər. Həbsdən sonra mənə qarşı ifadələr olduğunu dedilər. Həmin şəhər milis şöbəsində məni huşumu itirənə kimi döydülər, qazla əllərimi yandırdılar. Mənə verilən əzablar haqqında müstəntiqə danışdım. Sonra mənim əleyhimə ifadə verənləri gətirdilər. Bundan sonra məni Bakıya apardılar. Orda huşumu itirənə kimi Moskvadan gəlmiş bir polkovnikin gözləri qarşısında döydülər.

Sədrlik edən çox soyuqqanlıqla:
– Şahid, sizin çətinlikləriniz bizi maraqlandırmır. Fevralın 29-da gördükləriniz bizim üçün maraqlıdır!..

Şahid:
– Baş verənlər barədə heç nə bilmirəm, mən fevralın 29-da evdə olmuşam. Hadisələr haqqında yalnız müstəntiqin dediklərini bilirəm.

Sədrlik edən:
– Həmin gün sizin silahınız olub, sizi hədələyiblər?

Şahid:
– Bunu mənim adımdan müstəntiqlər yazıblar.

Prokuror Əhmədova müraciət edir:
– Siz oktyabrın 29-da keçirilən məhkəmə iclasında bildirirdiniz ki, Ənnağı Babayev adlı oğlan qapının kilid deşiyindən silahın lüləsini içəri salıb atəş açmaqla hədələdi.

Əhmədov:
– Məni müstəntiqlər belə yazmağa məcbur etdi.

Prokuror:
– Şahid Babayev, siz nə deyə bilərsiniz?

Şahid:
– Mən 29-da evdən çıxmamışam. Mən xəstəyəm. Heç nə bilmirəm.

“Məni yalan yazmağa məcbur etdilər”

Fasilə elan olunur.

Moskva, 1988-ci il, 2 noyabr…

Şahid Babayev ifadə verməkdə davam edir. O, bir daha ayın 29-da evdə olduğunu deyir.

Prokuror Əhmədova deyir:
– Siz Babayevlə üzləşmə zamanı onun 41-ci məhəllədə olduğunu demisiniz?

Əhmədov:
– Demişəm. Müstəntiqlər məni məcbur etdilər. Mənə dedilər ki, Babayev artıq 41-ci məhəllədə olduğunu boynuna alıb.
Prokuror Əhmədovun şahid kimi verdiyi ifadəsini oxuyur. Burada Ə.Babayevin 41-ci məhəllədə talanlarda iştirak etdiyi göstərilir.

Buna dözməyən Əhmədov yerindən qışqırır:
– Bu yalandır, Babayev orada olmayıb. Mən onu ilk dəfə  üzləşmədə görmüşəm.

Prokuror:
– Babayev, siz yaddaşınızın pis olmasından gileylənirsiniz. Bəs siz evdə olduğunuzu necə yadınızda saxlamısınız?

Babayev:
– Yadımdadır, fevralın 29-da mən hadisə yerində olmamışam. Bunu bizdə olan qohumlarımız da təsdiq edə bilərlər. Məni yalan yazmağa məcbur ediblər.
Prokuror həkimləri Babayevin əllərində yanğın izi olub-olmadığını təyin etmək üçün zala dəvət edir. Və Babayevi yalan ifadə verməyə görə barəsində yeni maddə ilə cinayət işi açılacağıyla hədələyir.
Sonda Babayev hakimə və prokurora bir sualla müraciət etmək istədiyini bildirir. Amma ona bu imkan verilmir. Babayevi zaldan çıxarırlar.

Şahid M.Ilyasov mühakimə olunanlardan heç kimi tanımır. O deyir:
– Mən pəncərədən bizim məhəlləyə içində iki nəfər olan bir qara “QAZ-24″- ”Volqa” gəldiyini gördüm. Dəstədən iki nəfər  maşına yaxınlaşdı. Onlar bir qədər söhbət etdilər. Maşın gedən kimi talanlar yenə qızışdı. Süd zavodu tərəfdən piyada hərbi maşınları gələndə sevindim. Düşündüm ki, hər şey qurtardı.

Hakim:
– Bu şəraitdə siz nə edərdiniz?

Şahid:
– Mən heç nə edə bilməzdim. Birincisi, ailəmin taleyindən narahatdım. Heç nə məlum deyildi, hər şey çox qorxulu idi. Şəhərin mərkəzində ordu dayanmışdı, bizim məhəllədə insanları öldürürdülər.

Yaşin qara “Volqa” ilə bağlı şahiddən soruşur:
– Həqiqətənmi həyətə gələn “QAZ-31″ deyil, ”QAZ-24″ idi? Siz onları fərqləndirə bilirsinizmi?
Şahid maşınlar haqqında bildiyini nümayiş etdirir və “QAZ- 24″ün hansı marşrutla gəlib-getdiyini də deyir.
Fasilədən sonra Ambarsumyan Marina izahat verir. “Mühakimə olunanlardan kimi tanıyırsınız?” sualına cavab olaraq Əhmədovu göstərir. Sonra baş verənlər barədə məhkəməyə məlumat verir: “Fevralın 27-də bizim məhəllədə talanlar başladı. Biz bir gecə qonşuda gecələdik. Sonra evimizə döndük. Axşamüstü talançılar evimizə hücum etdilər. Əhmədov kilid yerindən silahın lüləsini içəri salıb atəş açacağını bildirdi. Qapını sındırıb içəri girdilər. Bizi həyətə çıxartdılar”.
Şahid Ə.Babayev yenidən məhkəmə zalına qaytarılır. Marina onu tanıdığını söyləyir.
Zalda səs-küy qopur. Hakim fasilə elan edir.

Hakim məhkəmə iclasına karaulun Əhmədovla bağlı ərizəsini oxumaqla başlayır. Ərizədə bildirilir ki, Əhmədov özünü  hirsli aparır, azərbaycanlı şahidlərlə söhbət etməyə cəhd göstərir. O, fasilə vaxtı şahid Babayanın üstünə qışqırıb, karaulun xəbərdarlığına məhəl qoymur. Buna görə də hakim Əhmədova ciddi xəbərdarlıq edir.
Sonra hakim dünən ifadə verməkdən imtina edən şahid Ilqar Kərimovun ilkin istintaqa verdiyi ifadəsinin oxunmasını təklif edir: “Meqafon tutan oğlan giriş qapısından bir qızla kişini bayıra çıxarır. Əvvəlcə kişini təpikləyir. Yavər Cəfərov kişinin boynundan əsgər lopatkası ilə vurur…”
Zalda qışqırıq qopur. Məhkəmə iclası idarəolunmaz vəziyyət alır. Silva Kapitukyanın səsi zalı başına alır: “Biz niyə belə olmalıyıq?! Siz görürsünüz, bu qadınlar necə göz yaşı tökürlər! Görün, xalqı nə vəziyyətə salıblar ki, qəhərdən dişləri kilidlənib”.
Fasilə elan olunur…

ardı var

Surxay Hüseynli,
Azər Hüseynbala