Sabiq bələdiyyə sədri şöbə müdiri ilə bağlı niyə indi danışmağa başlayıb?
Rəsulzadə bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Məcnun Əliyev Baş Prokurorluğa şikayət yazıb. Korrupsiya cinayətində ittiham olunaraq həbs edilən sabiq bələdiyyə sədri törətdiyi əməli etiraf etsə də, onu cinayətə təhrik edən şəxsin adını açıqlayıb. Bu şəxs isə Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsninin rəhbəri Zeynal Nağdəliyevdir. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb. Məlumatda bildirilir ki, Məcnun Əliyev yazdığı müraciətində vaxtilə Zeynal Nağdəliyevə 650 min dollar pul verdiyini iddia edib. Hökumətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində atdığı addımları yüksək dəyərləndirdiyini vurğulayan sabiq bələdiyyə sədri keçmiş cinayətlərin üstünün açılmasında maraqlı olduğunu deyib.Məlumatlara görə, Məcnun Əliyevin bu addımına səbəb Z.Nağdəliyevin onu həbsdən qurtara bilməməsidir.
Xatırladaq ki, Məcnun Əliyevlə birlikdə bələdiyyənin əməkdaşları Aydın Ismayılov və Nizami Əzizov həbs edilib. Həmin şəxslər cinayət başında, torpaq sahəsi ayrılması müqabilində bir nəfərdən külli miqdarda rüşvət alarkən yaxalanıb. Məhkəmənin hökmü ilə Məcnun Əliyevə 8 il, bölmənin sabiq aparıcı mütəxəssisi Nizami Əzizova 6 il, bələdiyyənin digər əməkdaşı Inqilab Ağalarova 6 il, təsərrüfat bölməsinin sabiq müdiri Aydın Ismayılova 3 il, bölmənin alqı-satqı işləri ilə məşğul olan sabiq əməkdaşı Nuru Məmmədova 5 il azadlıqdan məhrumetmə cəzası verilib.
Məcnun Əliyevin həbsindən bir neçə il keçməsinə baxmayaraq onun indi baş verənlərə aydınlıq gətirməsi təsadüfi deyil. “Azadlıq”a daxil olan məlumatlara görə, bu, Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyevin “antikorrupsiya şousu” çərçivəsində rəqiblərinə qarşı açdığı savaşın tərkib hissəsidir. Zeynal Nağdəliyev PA rəhbərinin “qara siyahısı”nda olan bir nömrəli şəxsdir. Çünki Ramiz Mehdiyevin postuna məhz Zeynal Nağdəliyevin adı hallandırılırdı. Şöbə müdiri özü də iddiasını gizlətmirdi.
Ona görə də Ramiz Mehdiyev “antikorrupsiya şousu” başlananda birinci zərbəni ona vurdu. 350 vətəndaşın pulunu mənimsəyən “Muray” firmasının himayədarı olduğu bildirilən Qalib Məmmədbəylinin həbsi dediklərimizə əsas ola bilər. Qalib Məmmədbəyli Zeynal Nağdəliyevin bacanağıdır. Bir neçə ay idi ki, “Muray” şirkəti tərəfindən aldadılan vətəndaşlar dövlət qurumlarına ayaq döyürdülər. Lakin heç bir tədbir görülmürdü. “Antikorrupsiya şousu”na start verilən kimi Qalib Məmmədbəyli həbs edildi. Yeri gəlmişkən, firmanın əsl sahibləri və bu məsələdə birbaşa məsuliyyət daşıyan şəxslər azadlıqda gəzir. Bu da onu deməyə əsas verir ki, Qalib Məmmədbəylinin həbsi birbaşa Zeynal Nağdəliyevlə qohumluq əlaqələrilə bağlıdır. O, eyni zamanda Ramiz Mehdiyevin digər rəqibi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumudur. Daha dəqiq desək, Qalib Məmmədbəylinin qardaşı “fövqəlnazir”in bacısının həyat yoldaşıdır.
Indi də Zeynal Nağdəliyevlə bağlı rüşvət ittihamının gündəmə gətirilməsi göstərir ki, Ramiz Mehdiyev şöbə müdirini ən yaxşı halda PA-dan uzaqlaşdırmağa çalışır.
İnformasiya şöbəsi